Korrupsiya məntiqi
Və ya "Dəvədən böyük fil var"
Fevralın 17-də səhər saatlarında TIR sürücüləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyevin rüşvətxorluğuna etiraz olaraq Heydər Əliyev prospektini bağlayıblar.
Aksiya Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş tutub. TIR sahiblərinin dediyinə görə, DANX sürücülərə yol vərəqələri vermədiyinə görə, götürdikləri mallar xarab olur.
"R Group International Cargo" şirkətinin sürücüləri deyir ki, xidmət nümayəndələri 20 dollar qiyməti olan "dozvol"lari (icazə vərəqələri) mövsümi tələbatdan asılı olaraq 100-1000 dollar arası qiymətə satırlar.
Xəbərdən bəlli olur ki, Azərbaycanda yük maşınlarının xaricə mal aparmaq üçün icazə sənədi almalarında çox böyük problemlər yaşanır. Etiraz edən sürücülər deyirlər ki, icazə sənədlərinin - "dozvol"un paylanmasında da monopoliya var. "Dozvol" bir ölkədən digərinə yük keçirmək üçün sürücülərin aldığı icazə kağızına deyirlər.
Xidmətdən isə qeyd edilib ki, "İcazə" blanklarının sayı məhdud olduğundan, həmin blankların qabaqcadan real tələbatdan artıq sayda alınması, digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə səbəb olur:
"Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub".
Yəqin ki, yuxarıdakı informasiya ilə oxucuda hadisənin baş verməsinin səbəbləri barədə ümumi fikir formalaşdı. Qaranlıq məqamlara və dövlət məmurlarının bu əməllərinin mənfi təsirlərinə isə biz aydınlıq gətirməyə çalışaq. Belə ki, media resurslarında yer alan xəbərlərdə bildirilir ki, sözügedən hadisəyə görə həm yuxarıda adları çəkilən xtdmət məmmurları (birinə xəbərdarlıq edilib, digəri isə işdən azad olununb), həm də məmur özbaşınalığına etiraz edən şirkət rəhbəri və onun sürücüləri cəzalandırılıb. Məmurlardan fərqli olaraq "R Group International Cargo" şirkətinin rəhbəri Rəmiş Cəfərov və aksiya keçirən sürücülər sutkalıq həbsə göndərilib. Bu necə haqq-ədalətdir? Əgər hadisənin baş verməsində məmurlar günahkardırlarsa, onlar cəzalanırsa, haqlı olaraq öz haqq və hüquqlarını mübafiə edən şirkət rəbəri və onun sürücüləri nə üçün cəzalandırılır?
Birincisi, Azərbaycandan xaricə yük daşıyan şirkətlərə icazə vərəqələrinin verilməsində həmişə rüşvət amili xüsusi yer tutub, daşıyıcı şirkətlər və sürücülər də bu xidmətdən daim şikayətçi olublar. Ötən il bu xidməti bir dövlət strukturundan alıb, başqasına verdilər ki, bununla vəziyyəti düzəltsinlər. Lakin proses əksinə inkişaf etdi. "Dozol"ların qiyməti qalxdı kəllə-çarxa. 20 dollarlıq icazə kağızını Azərbaycanda adını çəkmək istəmədiyimiz üç daşıyıcı şirkət digər daşıyıcı şirkətə min dollara satmağa başladı. "Dozol" satan şirkətlərin hərəsinin cəmi 2-3 TIR-ı var. Halbuki, fevralın 17-də sürücüləri etiraz edən "R Group International Cargo" şirkətinin 20 maşını var. Xidmət məmurları iki maşını olan daşıyıcı şirkətə o qədər möhürsüz icazə vərəqəsi verir ki, onlar yalnız bu icazə vərəqələrini satmaqla dolanır. 20 maşını olan "R Group International Cargo" şirkətinə isə 2 "dozol" verirlər. Əgər müvafiq qurumlar səmimi araşdırma aparsa kimə neçə icazə vərəqi verildiyi bəlli olar. Onda xidmət qarşısında sual qaldırıla bilər ki, siz hansı meyarlarla bir şirkətə 2, digərlərinə isə yüzlərlə icazə vərəqələri vermisiniz? Çünki hansı şirkətin neçə icazə vərəqi aldığı xidmətin müvafiq sənədlərində qeyd edilir. Digər tərəfdən isə qaydalara uyğun olaraq xidmət "dozvol"ları təqdim etdiyi şirkətin möhürləri ilə möhürləməklə tikməlidir. Amma xidmətdən üç şirkətə çoxlu miqdarda möhürsüz "dozvol" təqdim edilib ki, onlar bu icazə vərəqələrini baha qiymətə digər daşıyıcı şirkətlərə satıb pul qazana bilsinlər. Yəni hər hansı bir şirkətə şirkətin möhürü vurulmamış icazə vərəqəsi təqdim etmək ciddi qanun pozuntusudur. Bu qayda ona görə müəyyənləşdirilib ki, hər bir daşıyıcı şirkət özünə ehtiyac olan qədər icazə vərəqi alsın. Çünki artıq şirkətin möhürü ilə möhürlənmiş "dozvol"dan başqa şirkət istifadə edə bilməz.
Korrupsiya məntiqi ilə qurulan bu şəbəkəni ifşa etmək, cinayət tərkibli əməlləri istentaq orqanları tərəfindən üzə çıxarmaq olduqca asandır. Lakin bu baş verməyəcək. Ona görə ki, bu rüşvət və korrupsiya şəbəkəsini DANX məmurları özbaşına qurmayıb, onların güvəndiyi kimsə var. Necə deyərlər, "Dəvədən böyük fil də var".
Bu gün hökumətin yuxarı ranqlı məmurları bütün çıxışlarında qeyri-neft sektorunun inkişafından, qeyri-neft ixracatının artırılmasından danışır. Çünki Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün nicat yolu bu iki göstəricinin artırılmasıdır. Hər iki göstərici də adlarından göründüyü kimi, bir-birinə bağlıdır. Yəni ölkədə qeyri-neft istehsalı genişlənməlidir ki, bizim xaricə çıxarmalı olduğumuz məhsulların çeşidi və miqdarı çoxala bilsin. Az-çox xaricə çıxarılmalı olan məhsullarımızın ixracına da belə müxtəlif yollarla əngəllər törədilir. Azərbaycan məmurları əslində məhsul ixrac edən səhabkarlara daha münbit şərait yaratmalıdır. Ona görə ki məhsul ixrac edən şirkət dövlətin "süd verən inəyi", "yumurta verən toyuğu" kimi bir şeydir. Hazırda hökumət hər ay Dövlət Neft Fondundan (DNF) 200-300 milyon dollar hərraca vəsait çıxarır. Bu vəsaitləri banklara ona görə satırlar ki, dollar-manat balansı maliyyə bazarlarında sabit qalsın, manat "ölməsin". Amma bu gün ölkəyə dollar gətirən ixracatçılarımızın sayı minlərlə olsa, onların ölkəyə gətirdiyi dollar manatın ayaqda qalmasına kifayət edər. Onda heç hökumətin DNF-dən neft dollarlarını hərraca çıxarmağına da ehtiyac qalmaz. Lakin Azərbaycan hökumətinin acıgöz məmurları bunu anlamır, öz iqtisadi siyasətlərinə özləri təxribat edir. Azərbaycan hökuməti belə təxribatçıları daha ciddi cəzalandırmalıdır. Onlara nəinki xəbərdarlıq edilməli və işdən azad edilməlidir, əslində həmin məmurların yeri dəmir barmaqlıqların arxası olmalıdır.
Akif Nəsirli
Paralel.az