Vətən tarixinə düşən adlar
20 Yanvar şəhidi Rövşən Bədəlovun adını daşıyan Lənkəran şəhər 9 saylı tam orta məktəbi rayonun ən qabaqcıl və nümunəvi təhsil ocağıdır. Lənkəranda bu məktəb dövlət müstəqilliyi, Vətən torpaqlarının müdafiəsi və azadlığı uğrunda daha çox şəhid vermişdir. Belə ki, onun bir məzunu 1990-cı il 20 Yanvar hadisələri zamanı, 6 nəfəri isə Qarabağ müharibəsində erməni faşistlərinə qarşı qanlı haqq savaşımızda qəhrəmancasına şəhid olub. Gələcəyimiz olan uşaqlar bu məktəbdə oxumaqla qürur duyur, müəllim kollektivi isə yetişdirdiyi qəhrəmanları böyük fəxrlə yeni nəslə örnək göstərirlər. İkinci tərəfdən şəhidlərin valideynləri, doğmaları, yaxınları vaxtaşırı məktəbə dəvət edilir, igid Vətən oğullarına ehtiram əlaməti olaraq müsamirələr, xatirə günləri, digər tədbirlər keçirilir.
Şəhidlərin adını yaşatmaq üçün məktəbdə abidə kompleksi tikilib. Onun açılış mərasiminə gələn ziyarətçilər şəhidlərə dərin ehtiramı bildirmək üçün abidənin önünə tər çiçəkləri düzdülər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında dedi:- Hər bir şəhidin adı Azərbaycan xalqına əzizdir. Onlar bizə qanı bahasına zəfər sevincini yaşatdılar. Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da şəhidlərin xatirələri ilə bağlı təqdirəlayiq işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət müstəqilliyin və işğal olunmuş Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə hörmət və ehtiramın nümunəsində həyata keçirilən bu işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda böyüməsində misilsiz əhəmiyyəti vardır.
İcra başçısı şəhid valideynləri və doğmaları ilə görüşüb , bir daha onların qayğıları ilə yaxından maraqlandı. Söz şəhid valideynlərə, onların yaxınlarına veriləndə hamı ehtirama, davamlı diqqətə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq etdilər.
Tədbirin axırında məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndi.
Zəfər Orucoğlu