Qəhrəman -III hissə

Qəhrəman -III hissə
 
 
Milli Qəhrəman İbad Hüseynova ithaf olunur
Ser-Geyin başı
Bu da «Ser-Gey»in evi. Ikimərtəbəli, aynabəndli evdir, iki metrdən də hündür daş barısı var. Aynabənddə lampa yanır. Əvvəllər barı belə hündür deyildi, yəqin pullanandan sonra tikdirmişdi. Bu dəfə Mehdi irəli düşür, bizə gözləyin deyir, özü isə quş kimi barının belinə qalxır. Bu endə adamın bu qədər cəld olması görünməmiş şeydir. O, barının üstündə uzanıb həyətə baxır. Sakitlikdir. Onun işarəsi ilə mən də barının üstünə qalxıram, ondan bir az aralı uzanıram. Həyətdə it hürməyə başlayır. Mehdi bunu gözləyirmiş kimi həyətə tullanır. It sürətlə yaxınlaşır. Adi qoyun iti deyil, qara rəngli alman «ovçarka»sıdır. Belələrini mən əsgərlikdə, Əfqanıstanda çox görmüşəm. Ağıllı və təhlükəli itlərdir. Mehdi isə sakitcə gözləyir, it onun yanına çatan kimi əlindəki qaz balonunu onun üzünə fısqırdır. Itin zingiltisi balonun səsini batırır. It sərt hərəkətlə geri dönür və səhnəni birdəfəlik tərk edir. Hər halda sonrakı hadisələr onun iştirakı olmadan baş verir. Mənim dalımca Etibar da həyətə tullanır. Bir müddət yerdə uzanıb qalırıq. Sakitlikdir. Ağacların, qızıl gül kollarının arxası ilə sürətlə giriş qapısına yaxınlaşırıq. Mehdi əlinin işarəsi ilə göstəriş verir. Etibar evin tinində yerini rahatlayır. Mən pilləkanın altında gizlənirəm. Mehdi özü isə ikinci mərtəbəyə eyvana qalxır. O, kölgə kimi səssiz hərəkət edir, aynabəndin açıq pəncərəsindən içəri keçir. Gözləyirik...
Dəqiqələr keçir, saata çevrilir. Hətta soyuq olur. Ev yiyəsi isə gəlmir ki, gəlmir. Nə «qanacaqsız» ermənidir - fikirləşirəm. Biz burda bunu gözləyirik, bu da hardasa veyillənir. Arada bir-iki sarsaq xoruz da banlayır. Nəhayət... «Ser-Gey»in maşını həmcinslərinin səsinə səs verir. Darvazanı birbaşa bayırdan açarla açırlar. Ağ «Niva» həyətə girir, «UAZ» isə bayırda qalır. Evdən səs-səmir gəlmir - gecə yarıdır, hamı yuxudadır. Qriqoryan maşından düşür, ətrafına göz gözdirir. Bu, ortaboylu, cüssəli adamdır, hərbi formadadır. Üçümüz də onu yaxşı tanıyırıq. Sürücüsü isə doğma qardaşıdır - Vazgendir. Maşından düşüb darvazanı baglayır. Yalnız bundan sonra «UAZ»ın səsi eşidilir - mühavizə gedir. Biz isə səbrlə gözləyirik. Vazgenin evi qonşuluqdadır, indi gedəcək, səhnəni bayaqkı it kimi tərk edəcək. Amma itdən fərqli olaraq, onun zingiltisi uzun müddət kəsilməyəcək. Işdə də belə olur. Vazgen xudafizləşir, evin arxasına doğru gedir. Dəmir qapı cırıltı ilə açılır, taqqıltı ilə örtülür. Və həyətə sükut çökür.
Ev yiyəsi bir siqaret çıxarıb yandırır, həyətə göz gözdirir. Bir-iki dəfə «Mamed,Mamed» deyə qışqırır, itin səs vermədiyini görüb təəccüblənir. Qayıdıb həyətə doğru bir-iki addım atır, deyəsən, iti axtarmaq istəyir. Bu vaxt evin dalından itin zingiltisi eşidilir. Qriqoryan ermənicə kök bir söyüş söyür, geri qayıdır, pilləkanın yanında, lap mənimlə yanaşı dayanır. Özümü ələ verməmək üçün nəfəsimi də saxlayıram. Qriqoryan yuxarı - Mehdinin yanına qalxır. Şüşəbəndin qapısı açılır və örtülür. Açıq pəncərədən küt bir tappılıtı eşidilir. Elə bil baltanın küpü ilə çüy vurursan. Sonra hər şey sükuta qərq olur. Xeyli müddət belə davam edir. Siqnal - pişik miyovultusu eşidilmir. Odur ki, nə mən, nə də Etibar yerimizdən tərpənməyə cəsarət edirik. Gözləyirik...Nəhayət... Şüşəbəndin qapısı sakitcə açılır, Mehdi pişik kimi asta-asta aşağı düşür. Əlində deyəsən, nə isə bir torba var. Düşən kimi evin tininə, Etibarın gizləndiyi yerə tələsir. Mən də onu təqib edirəm…
Bəli, elədir ki, var - Mehdinin əlində torba var və torbadakı da «Ser Gey»in başıdır. Mendi saçından tutub başı qaldırır, sonra yenidən torbaya salır. Bu, əməliyyatın bitdiyinə işarədir. Əfqanıstanda qulluq etsəm də, çox dəhşətlərdən keçsəm də, özümü pis hiss edirəm. Təzə qanın şirin qoxusu burnuma dəyir, ürəyim bulanır. Etibarın isə heç vecinə də deyil, o, Qriqoryanın arvad-uşağını qırmağı, evini soymağı təklif edir. Deyir bunun evində çoxlu qızıl, dollar var. Qriqoryanın neçə il quldurluq etdiyini nəzərə alsaq, Etibar həqiqətdən bir oqədər də uzaq deyil. Amma bu həqiqət Mehdini maraqlandırmır. O, biz «Ser-Gey»in tayı deyilik, arvad-uşağı qırmağa gəlməmişik deyir, təcili həyəti tərk etməyi əmr edir. Etibar razılaşmır ki, adama axmaq deyərlər - Qriqoryanın evinə gələsən, əliboş gedəsən. Mən iki xalaoğlunun mübahisəsinə kənardan baxıram, qarışmıram - Etibardan onsuz da xoşum gəlmir, Mehdinin isə köməyə ehtiyacı yoxdur. Etibar öz niyyətini reallaşdırmaq, evə tərəf getmək istəyir. Təbii ki, risk edir. Mehdi arxadan əlini atıb onun gödəkcəsinin boynundan tutur, sərt hərəkətlə dartıb evin divarına çırpır. Etibar çırpınır, əlini avtomata atmaq istəyir. Mehdi sanki bunu gözləyir, onun çənəsinin altından ağır bir zərbə endirir. Amma bir az gecikir - Etibarın əli titəyə çatır, yıxılmazdan əvvəl ünvansız bir qatar boşaldır. Güllələr havaya sancılsa da, aləmə səs salır.
Sonrakı hadisələr ildırım sürəti ilə cərəyan edir. Qadın fəryadı eşidilir. Vazgenin evi tərəfdən də səs gəlir. Mehdi əlini atıb Etibarı qaldırır, ona ayaq üstdə durmağa, hətta qaçmağa imkan yaradır. Sürətlə daş barıya doğru qaçırıq, birinci mən dırmaşıram. Mehdi Etibarı qaldırır, mən götürüb barının o biri tərəfinə salıram. Insafən düşən kimi özünə gəlir, hələ özü bizə yol göstərir. Kəsə yolla qaçırıq, neçə dəfə yıxılıb dururuq. Dalımızca itlər hürür, güllələr atılır. Ancaq hələlik heç biri bizə çatmır. Birtəhər özümüzü çay dərəsinə çatdırırıq, amma burdakı postdan keçə bilmirik - mühasirəyə düşürük.
Səhər açılana qədər bir neçə dəfə mühasirəni yarmağa çalışdıq, alınmadı. Gülləni ehtiyatla atırdıq, qızıl qiymətinə idi. Qumbaranın da dördünü işlətmişdik, cəmi ikisi qalmışdı. Erməni postundan kənd tərəfdə mühasirəyə düşmüşdük, ona görə bizimkilər də kömək edə bilmirdilər. Səs-küydən mühasirəyə düşdüyümüzü hiss edirdilər, amma hücuma keçmək, erməni postlarını yarmaq üçün vaxt lazım idi. Vaxt isə yox idi. Ermənilər harda gizləndiyimizi bilirdilər, havanın açılmasını gözləyirdilər. Hava azca işıqlaşan kimi, mühasirə dairəsini daraltdılar, üstümüzə tank sürdülər. Vəziyyətimiz lap çıxılmaz oldu. Bu, azmış kimi Mehdi də ağır yaralandı. Qumbara qəlpəsi diz qapağını tamam dağıtmışdı, kəmərlə sıxıb birtəhər qanı kəssək də, yerindən tərpənə bilmirdi. Tank isə gəlirdi, nə edəcəyimizi bilmirdik. Mən də, Etibar da tamam özümüzü itirmişdik.
Mehdi isə özünü itirmədi. Tankla aramız əlli metrdən azalanda özündəki qumbaranı çıxarıb yanına qoydu. Mənə dedi, Fərhad, biri də səndə qalıb, onu da ver. Əvvəl onun niyyətini başa düşmürdük, komandir kimi əmrlərini yerinə yetirirdik. Amma o, «indi siz yavaş-yavaş geri çəkilin» deyəndə etiraz etdik. Dedik biz bir yerdə gəlmişik, bir yerdə də öləcəyik. Mehdi Füzulinin sözünü təkrar etdi: «Vətənə ölü yox, diri oğullar lazımdır», sonra qanlı torbanı bizə doğru itələdi, dedi bunu da aparın, mütləq Füzuliyə çatdırın. Yenə etiraz etdik. Etibar ağladı ki, mən Gülnaz xalaya, Arif müəllimə nə cavab verəcəyəm. Mən də kövrəldim, gözlərim yaşardı. Bu, Mehdini hövsələdən çıxardı. Tankla aramız 20-30 metr qalmışdı, bizi hələ görməsə də, ata-ata gəlirdi. Mehdi avtomatı bizə doğru çevirdi, üçə qədər sayıram dedi. Xasiyyətini bilirdik, ağlaya-ağlaya geri çəkildik. Gözümüzü Mehdidən çəkə bilmirdik. O, yavaş-yavaş yolun qırağına, ağacın arxasına doğru süründü. Qumbaraların hər ikisini belinə bağladı. Tank yaxınlaşırdı. 5-6 metr qalmış Mehdi sürünüb yola çıxdı, dartıb qumbaraların fitilini çıxardı. Tank onu görüb dayandı, amma gec idi. Mehdi tankın tırtılları altına atıldı. Qumbaraların ikisi də birdən partladı. Erməni tankı çarəsiz halda yerində fırlanmağa başladı…
Yəqin oxucu fikirləşər ki, əl qumbarası ilə tankı partlatmaq olarmı? Söhbət tankı partlatmaqdan getmirdi, heç buna ehtiyac da yox idi. Tankın tırtılları zədələnən kimi yerində fırlanır, irəli gedə bilmir. O vaxt Mehdi ən düzgün yolu seçdi, bizim uşaqlardan kim olsaydı, belə edərdi - həm tankı saxladı, həm də düşmənə sağ təslim olmadı. Onun dizi dağılmışdı, onsuz da mühasirədən çıxa bilməyəcəkdi…
Biz Etibarla qarışıqlıqdan istifadə edib qaçmağa başladıq. Xeyli uzaqlaşmışdıq. Ermənilər atırdılar. Etibar da budundan yaralandı. Sümüyü salamat olsa da, əti dağılmışdı, yeriyə bilmirdi, qan da kəsilmirdi. Onu çiynimə aldım. Qismətdən gəldiyimiz cığırı tapa bildik. Belimdə Etibar, əlimdə avtomat, qanlı torba - mina axtarmağa imkan yox idi. Əgər, cığırda bircə mina olsaydı, batmışdıq. Yolda neçə dəfə torbanı atmaq istədim, Mehdinin tapşırığı yadıma düşdü, atmadım. Elə bildim, sağ-salamat qurtardıq, dağın başına çatdıq. Etibarı hansı əziyyətlə belimdə dərədən dağın başına çıxarmışdım, onu bir Allah bilirdi. Yuxarıda bizimkilər məni gözləyirdi, kömək etdilər, onu Qara Qayanın başındakı vaqona kimi gətirdik. Etibarın yarası yüngül idi, amma tərpənmirdi. Deyirdik, yəqin çox qan itirib. Ratsiya ilə təcili maşın da çağırmışdılar. Amma bunun tərpənməməyi məni şübhələndirdi. Nəbzini tutmaq olmurdu. Ağlıma nə desən gəlirdi. Onu üzü üstə çevirdik. Başının arxasında, peysərində xırdaca güllə yarası gördük. Mən onu dalımda dağa qaldıranda arxadan atılan güllələrdən biri peysərinə dəymişdi, o, belimdəcə keçinmişdi. Mən də tələsirdim, qorxurdum, qan itirər...
Sonrası yaxşı olmadı. Kənddə iki xalaoğlunun yası bir-birinə qarışdı. Mən Qriqoryanın həyətində olanı, Etibar Mehdiyə silah qaldıranı yalnız Füzuliyə danışdım. O da susmağı məsləhət ğördü, dedi Arif müəllim, Gülnaz xala bilməsin, dərd üstünə dərd gəlməsin. Amma dərd gəldi, necə gəldi. Ruslar düz deyir, dərd də buketlə gəlir. Ən böyük dərd isə yasın iki, meyidin bir olması idi. Mən Etibarın meyidini olsa da gətirə bilmişdim. Mehdinin meyidi isə ermənidə qalmışdı. Elə həmin gün özləri gətirib 1-ci postda çayın dərəsinə atmışdılar. Başını kəsmişdilər...
Füzuli iki gün erməni ilə danışıqlar apardı. Qriqoryanın başını qaytarıb Mehdininkini ala bildik. Görünür, buna görə Mehdi qanlı torbanı mənə vermişdi, apar, mütləq Füzuliyə çatdır demişdi... Bəli, biz müharibənin ağır şəraitinə dözsək də, agır itkilərinə dözə bilmirik. Çətindir... Mehdinin atasına, anasına lap çətin idi. Gülnaz xala da dözmədi, Mehdinin heç yeddisi çıxmamışdı, quş kimi uçdu, getdi... Arif müəllimdə mən təpər gördüm, dözdü, yaşadı... Dizi bərk kişi imiş...
Qalib ARİF
Paralel.az
0.01603889465332