Ya rəb, görəsən, İsa müəllim haralardadır?

Ya rəb, görəsən, İsa müəllim haralardadır?
 
 
İdris Abbasov:
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, 17 illik rektor, III, IV, V, VI çağırış Azərbaycan Milli Məclisinin 20 illik deputatı və s. vəzifələrlə yanaşı 89 kitab, 12 monoqrafiya, 28 broşüranın,1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifi, ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxıstan, Gürcüstan, Monqolustan və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar, litva (Bəh-bəh! Uruslar demişkən, xoroşo zvuçit- yaxşı səslənir, deyilmi?! Əlbəttə, əsas səslənmədir, məzmuna baxan kimdir, ay rəhmətliyin oğlu! Pul varsa, qazla, getsin daxili auditoriyanı! - müəl.) və b. dillərində çap olunmuş (Qeyd edim ki, həmin əsərlər Azərbaycanın "ağ gün"ə çıxarmasında misilsiz rol oynamışdır - müəllif) akademik, vitse-prezident, direktor və deputat İsa Həbibbəyli akademiyada baş verən və ölkə gündəmini zəbt etmiş taleyüklü hadisələrə niyə münasibət bildirmir? Haradadır? Dedilər ki, o, "elmlə məşğul"dur. Bəs yüksək maaş aldığı vəzifə və titullar nə üçündür? Marağı onu maraqlandırmayan dövlətdən yalnız bəhrələnmək üçünmü? Buyursun, təhvil versin o önəmli postları! "Məhsuldar" elmi fəaliyyəti ilə məşğul olsun!
Deyəsən, "elmlə məşğul olmaq"dan savayı, əlindən gələn ikinci böyük qabiliyyəti də kimisə Elmi şurada təhdid etdirib susdurmağa çalışmasıdır.
Buyurun, İsa müəllim, sizin mövqe bildirməyiniz çox önəmlidir. Tək təriflə iş getmir axı. Həyat mübarizə, gərginlik və ideya uğrunda fədakarlıqdır. Yeyib yatmağa, xoş günlərin yeyib-dağıdan, israf edən alimi, akademiki olmağa nə var ki? Onsuz da ölkəyə 1 qəpiklik faydası olmayan o "elm"lə hər zaman məşğul olmaq olub baş aldatmaq olar. Qulağınızın dibində atılan toplara diksinmirsinizsə, deməli, reaksiyanız itib.
Unutmayın ki, siz 500, hətta 1000 manat maaşa duran sıravi alim yox, ailələrin ehtiyacdan zülm çəkdiyi bir vaxtda bir neçə vəzifəni tutub Azərbaycanın yağına yağ, balına bal deməyən, əhli-əyalı ilə birlikdə lüks həyat sürən, geniş maddi imkanlara sahib yüksək titullu, bir neçə məsuliyyətli vəzifələrin sahibisiniz. Hərçənd ki, mən o 500 manat maaş alan alimlərin susmasını, ölkəmiz üçün vacib olan ictimai proseslərə seyrçi qalmalarını da qınayıram.
"525-ci Qəzet"də yaman fəal idiniz. Doğrudan da, görəsən, İsa müəllim indi haralardadır?
PS. Yeri gəlmişkən, qeyd edim ki, həmin qəzetdə millət vəkili, akademik Rəfael Hüseynov ard-arda yazılar dərc etdirib hadisəyə münasibət bildirir, mövqe sərgiləyir. O biri akademiklər bəlkə də "elmi" ezamiyyəyə gediblər?! Orası da var ki, akademik - ölkənin dar günündə tanınar.
Xoş günün "elm"dən zövq alan hedonist akademiklərindən rica edirəm: Elmimizi "zirvələr"ə qaldıran, xalqımızı əbədi "xoşbəxt" edən, əlinizdə "bolluq-bəhrəlilik" simgəsinə çevrilən o mübarək qələminizi bir anlıq "elmi məşğuliyyət"dən ayırın! Məncə, sizi xəyal etdiyiniz "rövzeyi-rizvan"a aparan QƏLƏM sizdən inciməz...
Paralel.az
0.011654853820801