Cinləri belə buyururlar

Cinləri belə buyururlar
 



“Biz Davuda Süleymanı bəxş etdik, nə gözəl bəndə!” (Quran).

“Quran” sirlərinin elmi-lədun izahı ilə bağlı məqalələrimizdən sonra elektron poçtumuza çoxsaylı suallar gəlməkdədir. Həmin sualları quruplaşdıraraq, cavablarını vaxtaşırı oxucularımıza təqdim etmişik. Belə suallardan bir qurupu da paralel aləm və orada olan varlıqların (cinlərin) insanlar tərəfindən buyrulmasının mümkünlüyü barədədir.

Bu qrupdan olan suallara cavab olaraq bildiririk ki, cinlərin buyrulması haqda elm Süleyman Peyğəmbərə verilmişdi. Bu elm vasitəsi ilə o, quşların, heyvanların və cinlərin dilini bilmək və onları buyurmaq qabiliyyətinə malik olduğu “Quran”da xəbər verilməkdədir. Süleyman (ə) cinlərin əməyindən istifadə etməklə, dünyada tayı-bərabəri olmayan billur saraylar tikdirmişdi ki, görənlər valeh olurdular. Buna baxmayaraq, o çörək pulunu öz zəhməti ilə qazanardı. Belə ki, Peyğəmbər öz əlləri ilə həsir toxuyub satar, onun pulu ilə çörək və digər yeyəcək şeylər alardı.

Süleyman Peyğəmbər cinlərin xidmətindən həm də Allahı qəbul etməyən dövlət başçılarını ram etmək üçün istifadə edirdi. Onun Yəmən padşahı Bəlqisi Haqqa təslim etməsi barədə “Quran”da keçən əhvalat bu mənada diqqət çəkəndir:

“Süleyman dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taхtını mənə gətirə bilər?”
Cinlərdən olan çoх qüvvətli və nəhəng bir ifrit dedi: “Sən yerindən (taхtından) qalхmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çoх qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taхtını götürüb gətirməyə gücüm çatar. Mən taхtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”.
Süleyman taхtın daha tez gətirilməsini istədi. Kitabdan bir qədər хəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu (taхtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoхsa nankor olacağam! Kim Rəbbimin nemətinə şükür etsə, yalnız özü üçün (öz хeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!).
Süleyman dedi: “Bəlqisin taхtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yoх?!”
Bəlqis gəldikdə ona: “Taхtın bu cürdürmü?” - deyildi. O da: “Sanki odur!” - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi:) “Bizə ondan daha öncə elm verilmiş və biz ondan daha əvvəl müsəlman (Allaha təslim) olmuşuq!”
Süleyman ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaхud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). çünki o, kafir bir tayfadan idi.
Bəlqisin əqlini, zəkasını yoхlamaq məqsədilə ona belə deyildi: “Saraya daхil ol!” Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraхıldığı üçün Bəlqis sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu su deyil, büllurdan tikilmiş (şəffaf) bir saraydır!”-dedi. Bəlqis dedi: “Ey Rəbbim! Mən günəşə sitayiş etməklə özümə zülm etmişdim. Mən artıq Süleymanın sayəsində aləmlərin Rəbbi olan Allaha təslim oldum!” Bax: “Qarışqalar” surəsi, 22-44-cü ayələr.

Ayələri oxuduqda insanda belə bir sual yaranır: Süleyman cinləri necə buyururdu? Bu indi də mümkündürmü? Sualın cavabını Allah-təala “Quran”ın başqa bir ayəsində verir:

 “(Sehrbazlar) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman bu kitablara uymadığı (pis məqsədlə istifadə etmədiyi) üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər.

Bununla belə cadugərlər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” 2:102.

Ayədən göründüyü kimi, Süleymanda belə bir kitab olmuş və cinləri həmin kitabda yazılmış dualarla buyurmuşdur. Lakin, Süleyman Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kitab sonrakı nəsillərin əlinə keçmiş, onlar da kitabda yazılanlardan ər-arvad (yaxud, qohumlar, dostlar...) arasına nifaq salmaq və digər fitnə-fəsad məqsədlər üçün istifadə etməkdədirlər.

Elmi-lədun araşdırmalarımız göstərir ki, bu gün həmin kitab bir çox mollaların və cadugərlərin stolüstü kitabıdır. Bunun nəticəsidir ki, bu gün cəmiyyətimizdə boşanmaların və psixi xəstəliklərin, ziyanlı vərdişlərin... sayı görünməmiş həddə çatmışdır. Bəzi evlərdə televizor pultunun və s. əşyaların tez-tez sirli şəkildə yoxa çıxması (az vaxtdan sonra həmin əşyalar elə yerdə tapılır ki, ora bəlkə min dəfə baxılmışdı), sirli yanğınlar da bunun əlamətlərindəndir.

Sehirin (cadunun) digər əlamətləri insanda baş, boyun ağrıları, immunitetin azalması (nəticədə cürbə-cür xəstəliklərin baş qaldırması), əsəbilik, yuxusuzluq, qorxulu yuxular görmə, qarabasma, yuxuda diksinmə, depressiya, qapanma və s. kimi özünü biruzə verir. Bu cür hallarda insan özünə qapanır, həyat eşqi, məhəbbət hissi ölür, qəlbində ətrafdakılara qarşı nifrət hissi baş qaldırır. Beləliklə, sevdiklərindən uzaqlaşmağa çalışır (ağır hallarda intihara meyilli olur).

 Virus kompyuteri necə dondurursa, fayl və proqramları necə silirsə, neqativ enerjinin (cinlərin) təsiri də insanın həyatını (fəaliyyətini) elə dondurur və qəlbindəki məhəbbət hissini silir (əvəzində nifrət, şübhə, panika... kimi ziyanlı “fayl”lar yazılır).

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, neqativ enerjinin dalğaları insan ruhundakı sabit cərəyanı dəyişən cərəyan formasına çevirir və nəticədə bu təsirə (magiyanın təsirinə) məruz qalan adamın halı və fikirləri tez-tez dəyişir (gah mənfi, gah müsbət olur). Nəticədə insan vacib həyati məsələlərdə heç vaxt qərara gələ bilmir və həmişə öz ziyanına qərar verir.

Araşdırmalarımız göstərir ki, bu hallar nə qədər qorxulu olsa da aradan qaldırılması mümkün olan bir problemdir. Belə ki, bu cür hallarda komryuter format olunub, fayllar bərpa (vostanovit) olduğu kimi, insanın ruhu da “format” olunaraq, pozulmuş inam, güvən, sevgi, hissləri (faylları) yenidən bərpa edilə bilər.

Təcrübəmdən bilirəm ki, insanlar (əhalinin böyük əksəriyyəti) müəyyən çətinliyə düşdükdə, vəziyyətdən çıxmaq üçün müxtəlif (kartla, kofeylə, şamla... baxan) görücülərin xidmətindən yararlanmağa çalışırlar. Yuxarıda sadaladığım neqativ əlamətlər (ağrılar, depressiya, hal dəyişmələri...) də bundan sonra baş verir. Yəni, onlar cinlərlə (neqativ enerji ilə) işlədiklərindən, yönəltdikləri enerji dalğaları bu halları yaradır və insanın həyatını, işlərini dondurur.

Bir məqamı xüsusi vurğulamaq istəyirik ki, bu cür fitnə-fəsad işlərlə məşğul olmağı (cinləri buyurmağı, neqativ enerji ötürməyi) Allah-təala Quranda qadağan edir və belələrinə cəza vəd edir.
Bilməliyik ki, etdiyimiz (yaxşı və pis) əməllər bumeranq kimi özümüzə qayıdır, gec-tez bu və ya digər formada qarşımıza çıxır. Odur ki, çalışıb yaxşı əməllərlə məşğul olmalıyıq ki, qarşımıza yaxşılıq çıxsın.

Paşa Yaqub,
həkim, Elmi-lədun bilicisi

Paralel.az

0.015880107879639