Ləl-cəvahirat ilbizdən yaranır

Ləl-cəvahirat ilbizdən yaranır
 

Ləl-cəvahirat ilbizdən yaranır - Elmi-lədun araşdırma

“Sədəf su almayınca əbri-nisandan gövhər verməz”
(Məhəmməd Füzuli)

Bildiyimiz kimi, gövhər (ləl-cəvahirat) dənizin dibində, sədəfin içində olur və o, gövhər olmamışdan qabaq ilbiz olur. İlbizin gövhərə çevrilməsi çox maraqlı və ibrətamiz bir prosesdir. Belə ki, içində ilbiz olan sədəf uzun bir məsafə qət edərək, dənizin dibindən üzünə doğru hərəkət edir. Və bu elə hesablanır ki, həmin üzə çıxma aprel (nisan) ayında baş verir; həmin gün ilk bahar yağışı yağır. Sədəf ağzını açaraq bahar (aprel) yağışının ilk damcısını udur və ağzını yumub təkrar okeanın dibinə qayıdır. Burada bir müddət ilbizlə bahar suyunun arasında reaksiya gedir və nəticədə gövhər (ləl-cəvahirat) yaranır.

Dahi şairimiz Məhəmməd Füzuli bu ibrəta-miz prosesi bir misra ilə çox gözəl ifadə etmişdir:
“Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”.

İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini insanın yaranışında da müşahidə etmək mümkündür. Belə ki, insanın ana bətnində yaranma prosesi bir növ gövhərin sədəfdə (örtülü, qapalı mühitdə) yaranma prosesinə bənzəyir.
“Quran”da Rəbbim buyurur: "Biz sizi bir qətrə sudan (nüftədən) yaratdıq".

Diqqətinizi maraqlı bir məqama cəlb edim ki, dənizin dibindən sədəfi tapanda, onu yarmamış, içindəkinin inci (gövhər), yoxsa muncuq olduğunu bilmək olmur. Ana bətnindəki övlad da belədir - dünyaya gəlməmiş, onun xeyirli və yaxud xeyirsiz olduğunu bilmək olmur.
Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, insanın cismi də ruhu üçün sədəfdir (onu gizlədən örtükdür).
Ruh nə qədər ki, cisimdə gizlənib, onun pak (inci durumunda), yoxsa çamur (muncuq durumunda) olduğunu bilmək mümkün olmur. Ruh sədəfdən azad olduqdan sonra, onun nuru zaman-zaman özünü müxtəlif formalarda büruzə verir.

İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini insan cəmiyyətində də müşahidə etmək mümkündür. Belə ki, hansı nəslin kökündə xeyirxah, əməlisaleh və yaxud kəramətli bir adam olubsa, zaman keçdikcə həmin nəsildən kimdəsə bu əlamət özünü büruzə verir. Dahi Füzuli bunu nəzərdə tutub deyirdi ki, “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”.
 
Yəni, əslindən-kökündən ilham almayan yaxşılıq edə bilməz və yaxud, kəramət göstərə bilməz.

Paşa Yaqub - həkim, Elmi-lədun bilicisi

Paralel.az

0.028527975082397