FEYZİYAB olan  Feyziyev və SİYASİ  “al-ver"çilər

FEYZİYAB olan  Feyziyev və SİYASİ  “al-ver
 

Məşhur yunan əfsanəsindən “Pandora”nın kimliyi, onun “yeşiyinin” nə olduğu,  dibində axırıncı nəyin qaldığı (və s.) hamıya məlumdur. Bildiyiniz kimi, məhz həmin əfsanəyə eyhamla, “Pandora sənədləri” adlandırılmış beynəlxalq “dosye”də, bütün dünya üzrə, sıralarında 35 ölkənin prezidentləri də olmaqla, ən böyük korrupsionerlərin, anlaşılan dildə desək “XƏZİNƏ OĞRULARININ” öz xalqlarından oğurladıqları milyardlarla pulları harda və necə gizlətdikləri təfərrüatları ilə göstərilib. “Fəxrlə” qeyd edə bilərik ki, hətta bu “dosye” üzrə də  Azərbaycan, analoqu olmayan inkişafın daha bir təzahürü olaraq, nəinki Ermənistandan, bir çox digər ölkələrdən də qat-qat irəlidədir. Çünki, orada Azərbaycandan daha çox sayda yüksək vəzifəli şəxslərin adları var..!! Baxmayaraq ki,  “acından ölməkdə” olan Ermənistanda, “multi-”, “ultra-” və digər “səviyyələri” nəzərə alınmadan belə, 72 nəfər “millioner” rəsmi qeydiyyatdadır və Ermənistanın dövlət  büdcəsinə müvafiq vergiləri (rüsumları və s.) ödəyirlər. Amma, Azərbaycanda 1 (bir) nəfər də olsun rəsmi “millioner” YOXDUR..!! Bu da Ermənistanın yoxsa Azərbaycanın “acından ölməkdə” olması barəsində azacıq da olsa “məntiqi” şübhələr yaradır..!!
Amma, bizim də nəinki ermənilərin, bütün digər “qonşularımızın” da ürəklərini “paxıllıqdan” partladacaq “kontur-arqumentimiz” var - həmin “Pandora dosye”sində Azərbaycan məmurlarının yalnız sayı yox, gizlətdikləri “ümumi” varidatın miqdarı da qat-qat böyükdür. Hətta, cəmiyyətimizin “zəkası, şərəfi və vicdanı” olan Milli Məclisimizdə, əvvəllər heç adını belə eşitmədiyimiz ən “sıravi” deputatlarından birisinin - Cavanşir Feyziyevin də, “oralarda” çox böyük sərvətləri var imiş..!!
Bunu bilən London məhkəməsi də, paxıllığından və hərisliyindən, millətimizə canla-başla “vəkillik” edən bu yazıq Feyziyevin, yalnız İngiltərədə olan və yalnız aşkarlaya bildikləri təqribən 20 milyon funt-sterlinq (mübadilə məzənnəsi hazırda - 2,3 azn-dir), həcmində varidatının yalnız 5,63 milyonunu hələlik “müsadirə” edərək götürmüşdür. Qalanını da “dondurub” ki, hissə-hissə müsadirə etsin. Əlbəttə, onları da qınamaq olmaz. Əgər Azərbaycan, Türkmənistan, Tanzaniya, Rusiya (və s.) kimi ölkələri idarə edənlərin korrupsiya pulları olmasa, yazıq ingilislər necə dolanmalıdırlar..?! Yoxsa, aramsız yağan yağışlardan evdən çıxa bilməyib daim çay içib, “mırt vurmaqla” məşğul olan “dumanlı albion”lular hardan bu qədər varlı olublar..?! Doğrudan da, əgər bəzi ölkələrin “rəhbərləri” özləri gəlib yalvara-yalvara “oğurladıqlarını” verirlərsə, ingilislər və ya digərləri niyə də götürməsinlər..?! Sonra “dövlət çevrilişi (inqilab və s.)” olanda özləri də “gizlənmək” üçün qaçıb gələcəkləri və ya gələ biləcəkləri hələ naməlumdur..!!
Elə həmin ingilislərdən olan Ç.Darvinin “Təbii seçim” nəzəriyyəsinə görə, həqiqətən də canavarlar sürüsünün dalınca düşəndə, ən arxada qalan axsaq qoyunu tutub parçalayırlar. London məhkəməsi də, “Pandora dosye”sində bəlkə də ən az varidatı olanından, başqa sözlə, “axsaq qoyun” qismində olan CavanŞir Feyziyevdən “yapışıb”..!! Həqiqətən də, C.Feyziyevin feyziyab olduğu varidatı, sıravi azərbaycanlıların “gözlərini kəllələrinə” çıxartsa da, hətta Azərbaycan oliqarxlarının əksəriyyətinin onunku kimi milyonlarla yox, milyardlarla ölçülən varidatları ilə müqayisədə, çox az  və ya “cüzi” də sayıla bilər..!!
Fəqət bu onun oğruluğuna qətiyyən BƏRAƏT qazandıra bilməz..!! Ona görə də, Azərbaycanın adicə bir “saytı” olan və ya ən yaxşı halda “Youtube” kanalını bacardığı kimi işlədən, amma, özlərini BBC, Reuters (və s.) kimi media maqnatlarından daha üstün olduqlarına tamamilə əmin olan və cəmiyyətdə özlərini buna müvafiq aparan bütün jurnalistlərimiz də, London məhkəməsindən “nümunə” götürərək “yapışdılar” Feyziyevin xirtdəyindən. Bununla da CavanŞir nəinki “axsaq qoyunun” vəziyyətinə düşdü, həm də “günah keçisinə (козел отпущения)” çevrildi. Beləliklə, Azərbaycanın əksər alimləri kimi “ürəkləri dolu cibləri boş” olan jurnalistlər, ya ürəklərini də “boşaltmaqla” ya da “ciblərini” də doldurmaqla “tarazlaşdırmaq” üçün, düşdülər bu pullarının çoxluğundan “feyziyab” olmuş CavanŞirin üstünə..!! Xüsusi diqqət çəkən məqam onların “mütəşəkkilliyi” idi. Çünki, bura Azərbaycandır – qanunlarla qadağan olunmayan  hər şey İCAZƏLİ deyil, əksinə “icazəsiz” edilən istənilən “hərəkət” qadağandır..!! Deməli "stəkan suda qasırğa" yaradırdılarsa, bu "özbaşına" ola bilməz..!!
CavanŞir ki, cavan və varlı ola, “cavab” həmləsini etməyib durarmı..?! O da bəzi jurnalistlərə yəqin ki, pul verməklə özündən döndərərək, yönəltdi qalanların üstünə..!! Tədricən keçdilər “təhqirlərə” və “böhtanlara”. Bununla da “ara qarışdı və məssəb itdi” – “quruların oduna yaşları da yanmağa” başladı..!!  Ən pisi də bu oldu ki, əyani tanış olmasaq da, bizim də bir neçə yazımızı özlərinin “Bizim Yol” qəzetində nəşr etmiş, yazdıqlarına əsasən demokratik və dəyərli insan saydığımız Bahəddin müəllim Həziyev də, AR Mətbuat Şurasında C.Feyziyevlə birlikdə üzv olmamaq üçün istefa ərizəsini yazdı. Surətini FB-də də paylaşdığı ərizəsinin qəbul olunub olmadığını isə hələlik dəqiq bilmirik.
Bundan da savayı, Bahəddin müəllim bəlkə də emosiyaların gücündən, öz yazılarında C. Feyziyevə ödənişsiz nəşr etdiyi məqalələrini də xatırladaraq, onun “nankorluğuna” da müəyyən eyham vururdu.  Bundan biz də öz “payımızı” götürməli olduq. Çünki, həqiqətən biz də belə məqalələri Bahəddin müəllimin rəhbərlik etdiyi “Bizim Yol” qəzetində, Asif müəllim Mərzilinin “Təzadlar”ında, Akif müəllim Nəsirlinin vasitəsi ilə “Paralel”də və rəhbərlik etdiyi “Bakı vaxtı” saytında, o cümlədən də çoxsaylı digər qəzetlərdə nə “ödənişi”, nə də “qonorarı” olmadan çap etdirmişik.
Doğrudur, müstəqillik illərində nəinki qonorarı demək olar ki, heç yerdə ödəmirlər,  hətta sırf elmi məqalələri də “ödənişsiz” çap etdirmək asan məsələ deyil. Ya da o qədər çək-çevirə salırlar ki, “ödəmək” sərfəli olur. Ya da ümumiyyətlə məqalə yazmaqdan imtina etmək lazımdır. Məsələn, bu yaxınlarda “Azərbaycanda inflyasiya proseslərinin devalvasiyalarla tənzimlənməsi “keynsçilik” və “klassik” məktəblərin prizmasında” mövzusunda yazdığımız sırf elmi məqaləni heç yerdə götürmürdülər. Ona görə ki, orda 21 fevral 2015-də keçirilən 1-ci devalvasiyadan 2 gün, daha doğrusu təqribən 30 saat əvvəl, 19-u axşamı “Mərkəzi bankın” sədri Elman Rüstəmovun televiziya müsahibəsində necə əhalini devalvasiyanın olmayacağına əmin etdiyini qeyd etmişdik. Həmin ilin 21 dekabrında da, 21 fevralda olduğu kimi, əhalini devalvasiya ilə “qəfildən yaxaladılar”. Bu da haqlı olaraq iqtisadiyyatın J.M.Keysin təklif etdiyi “dövlət (hökumət)” tənzimlənməsinə etmadı azaldır. Başda A.Smit olmaqla “klassik” və bütün digər “iqtisadi məktəblərin” irəli sürdüyü “Lesse fer” prinsipinə inamı isə gücləndirir (və s.). Bu da “imtina” üçün kifayət edirdi..!! Konstitusiyamızın 50-ci maddəsinin 2-ci bəndində “dövlət senzurası qadağandır” yazıldığını xatırlatsaq da, “kompromis” variant kimi E.Rüstəmovun adını çıxartmadan heç bir xeyiri olmadı.
Belə “vəziyyətə” görə də yalnız bəzi “saytlar” yazılarında rəngarəngliyi artırmaq və daha çox oxucu toplamaq üçün kimlərinsə məqalələrini bəzən “ödənişsiz” də çap edirlər. Ona görə də, ən azından qeyd olunmuş çox hörmətli baş redaktorlardan çox xahiş edirik ki, ya “halallığını” versinlər, ya da bir qədər gec də olsa, müzakirə edib  ödənişlərində müəyyən “ortaq məxrəcə” gələk. İndidən sonra isə, elə o başdan çap edilməyin ödənişli olacağını və məbləğini bildirsinlər. Çox yəqin ki, Bahəddin müəllim bizi artıq xatırlamır da. Amma, o bizi xatırlamasa da, biz onu da “Bizim Yol” qəzetini də minnətdarlıqla xatırlayırıq. AMEA-da maaşlarımız nə qədər aşağı olsa da, onların “halvasından (tortundan, şirniyatından və s.)” yemişiksə, həqiqətən də HALAL-liği  bizim üçün bir müsəlman olaraq çox vacibdir. Yoxsa bizimlə CavanŞir Feyziyev arasındakı “fərq” çox da böyük olmaz..!!     
Feyziyev məsələsində isə, şəxsi fikrimizə görə, Bahəddin müəllim tərəfindən istefa VERMƏK əvəzinə onu  məhkəməyə VERMƏK daha düzgün olardı. Çünki, onun istefa verməsindən Feyziyev olmayan vicdanının əzabını çəkməyəcək. Əksinə, daha da FEYZİYAB olacaq. Hələ Bahəddin müəllimin onun dediklərindən (yazdıqlardan) utanıb “istefa verdiyini” də deyə bilər..!! Əgər ən azından bir həkim olaraq, helekopterdən yıxılanların sağlamlıq durumu barəsində fikirlərini bildirdiyinə görə, bizim adaşımız Əli Əliyevi türməyə soxublarsa, bu qədər jurnalistləri yalnız TƏHQİR etməklə ürəyi soyumayıb, hətta, xarici ölkələrin, ola bilsin, hətta Azərbaycanı tez-tez tənqid edən ölkələrin “agentləri” adlandırmaqla BÖHTAN atmış Feyziyevə qarçı niyə, “deputat toxunulmazlığını” da ləğv edərək, cinayət işi qaldırıla bilməz..?! Yoxsa, Azərbaycanda TƏHQİR və BÖHTAN hansısa bir mütəxəssisin-həkimin öz sahəsinə uyğun fikrini bildirməyindən daha “cüzi” məsələdirmi..?! Ona “xüsusi” və ya kütləvi xarakter daşıdığından, həmdə ki, deputat toxunulmazlığına görə “ictimai-xüsusi” qaydada CM-nin 147 və 148-ci maddələri tətbiq oluna bilməzmi..?!
Yeri gəlmişkən, helekopterdən yıxılanlar barəsində demək olar ki, eyni fikri digər müxalif partiyanın sədri Sərdar Məmmədov (Cəlal oğlu) da demişdi. Amma, ona heç nə etmədilər. Bunu da onun “naxçıvanlı” olması ilə əlaqələndirmək mümkündür. Çünki, “naxçıvanlı” nazirlərdən “general polkovnik” Eldar Mahmudova toxunmadıqları halda, “işçilərini” həbs etmişdilər və hələ bir “polkovnik” özünü türmədə asmışdı. Əli Abbasova yüksək vəzifə verildiyi halda, “işçilərini”, o cümlədən də “aparat rəhbəri” Vidadi  Zeynalovu (səhv etmiriksə) uzun illərə həbs etmişdilər (və s.).
Daha bir məsələni də heç cürə başa düşə bilmirdik ki, niyə digər jurnalistlər də, “qələm əhli” olduqları halda, hər birisi C.Feyziyev barəsində bütün lazımi hüquqi, siyasi (və s.) tədbirlərin görülməsi üçün müvafiq orqanlara – Milli Məclisdən tutmuş Baş Prokurora qədər, Prezident Administrasiyasından tutmuş beynəlxalq təşkilatlara qədər müraciətləri  yollamırlar..?! Demək olar ki, hamısı onu sosial-şəbəklərdə “çırmaqlamaqla” məşğuldur. Bunun üçün, hətta, “imza toplama” kompaniyasını da keçirmək olardı.  Bu yolla əhalimiz də yüzlərlə imzaları toplayaraq müvafiq daxili və hətta, beynəlxalq qurumlara müraciətlər ünvanlamağa meyllənər, alışar, öyrənərdi. Həm də bu, ən azından mitinqlərə çıxıb özlərini döydürməklə çox ciddi fiziki və mənəvi xəsarətlər almaqdan daha münasib ola bilər. Ona görə də  “praktikada” bir neçə dəfə yoxlamaq lazımdır ki, heç olmasa nə qədər səmərəli olacağı bilinsin...!! 
Amma, sonra məlum oldu ki, Rauf Abbasov (Arif oğlu) “yuxarılarla” əlaqə saxlayandan sonra, bu prosesləri öz nəzarətinə götürərək “koordinasiya” etməyə başlayıb. Bunun üçün narazı olan jurnalistlərdən ən tanınanları özlərinin “Yeni Müsavat” qəzetinin redaksiyasına da yığıb çay və şirniyyat süfrəsi arxasında “məsləhətləşmələr” də aparıb. Sadə vətəndaş olaraq, Rauf Abbasovun və “Yeni Müsavatın” adı çəkilən kimi, ciddi şübhələnməyə başladıq ki, prosesi lazımi strukturlar artıq “tənzimləyirlər”, R.Abbasov isə sadəcə “vasitəçidir”. Çünki, bu həmin R.Abbasov idi ki, illər öncə üstündə tapança tapılması maddəsi ilə həbs olunmuşdu. Amma, sonra naməlum səbəblərdən və saxlanılması qədər “qəfildən” tam sərbəst buraxmışdılar. O da İdarə Heyətinin üzvü olduğu “Müsavat” partiyasından uzaqlaşmış, tam hökumət yönlü mövqe sərgiləməyə başlamış və "yuxarılarla" əlaqələri yaranmışdı. Elə bu "əlaqələrinin" sayəsində, 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra, yazılarında özünü “MM deputatı” kimi də qeyd edirdi. Amma, sonra bildiyimiz qədər, saxtakarlıqların çoxluğundan həmin “Dairə” üzrə seçkiləri ləğv etdilər və onun deputatlığı da baş tutmadı. Odur ki, onun “hökumət adamı” olduğuna bizdə indi də şübhə yoxdur (tam dəqiqini isə Allah və özü bilər). Əlbəttə, hansı mövqeyi seçmək, “hökumət” və “cəmiyyət” arasındakı vəhdətdə, ən əsası isə MÜBARİZƏDƏ “mərkəz xəttin” hansı tərəfində olmaq (və s.) hər kəsin Konstitusion hüququdur. Təki, hər iki “cəbhəyə” işləyib hər şeyi korlamasın..!! Bu nöqteyi nəzərdən heç bir YALTAĞI da qətiyyən qınamaq olmaz. Çünki, bununla YALTAQLAR da heç bir qanunu pozmurlar..!!
Nəhayət internetdə yayımlandı ki, guya kimlərsə C.Feyziyevin “feyziyablığını” pozaraq onun “dərman biznesinin” əsas hissəsini və böyük miqdarda pullarını istəyirlər. Hələ “dəqiq” olaraq 56 milyon funt sterlinq məbləği vermək üçün ona da (yəqin öz vaxtında Səlim Müslimova və digərlərinə eyhamla), fevralın axırına kimi vaxt verildiyi bildirilirdi.  Əlbəttə, bu məlumatlar uydurma da ola bilərdi. Amma, doğru idisə C.Feyziyevlə bağlı bütün “prosesi” dərhal ayrı-ayrı “polkalara” qoymaqla tam yerində “yerləşdirirdi”. Hamıya da bəlli olurdu ki, “ayıların 1000 oyunu hansı armudun başındadır”. Jurnalistləri əvvəl “coşduran” və indi də R.Abbasovun əli ilə “azacıq” sakitləşdirməyə çalışan eyni bir “mərkəzdir”. Yəni, hökumət, həmişə olduğu kimi “bir güllə ilə bir neçə dovşan vururdu:  I) “Pandora dosyesinə” müvafiq diqqət verilərək, günahkarların heç olmasa “günah keçisi” qismində cəzalandırıldığının görüntüsünü  yaradırdı. II) Azərbaycanda “söz azadlığının” və “IV hakimiyyətin” nə qədər güclü olduğu “göstərilirdi”.  III) Çox böyük sərvət əldə edilirdi (və s.).
Bunun üçün bəzi “əlaltı” jurnalistləri Feyziyevin üstünə salmaq lazım idi. Şübhəsiz ki, bu “canlanmanı” görən və şübhələnən digər jurnalistlər, politoloqlar (və s.) dərhal “bu bazarda” al-ver etməklə nəyisə, heç olmasa “yuxarıların” qarşısında siyasi “dividend” əldə etməyə çalışacaqdılar. “Qalma qonşudan geri” prinsipi ilə CavanŞirin xirtdəyindən də yapışıb o qədər “didişdirəcəkdilər” ki, canavarların əlinə düşmüş “axsaq qoyun”dan da pis vəziyyətə düşəcəkdi. Onda da özü yüyürüb gəlib, nəinki tələb etdiklərini, hətta  hər şeyini  yalvara-yalvara onlara verəcəkdi..!!
“Coşmuş” jurnalistlərin və qohumlarından ibarət “partiyası” olanların  “hərarətini” də R.Abbasov vasitəsi ilə 80-90 dərəcəyə qədər “soyutmaq” olardı ki, 100-dən azaldığına görə “qaynamasın”..!! Məhz elə buna görə də R.Abbasovun təklifi və “izahı” ilə Feyziyevi “kollektiv surətdə” məhkəməyə vermək qərarına gəldilər ki, “proses” şaxələnməsin və daha asan idarə etmək mümkün olsun. Şübhəsiz ki, onu Ə. Əliyev kimi türməyə salmayacaqlar. Olsa-olsa “yüngülvari” cərimələyəcəklər. Jurnalistlərdə də, heç olmasa “yarım” qələbənin məmnuniyyəti və bütün qalan ömürləri boyu ÖYÜNMƏK imkanı olacaq...!! Hökumətin adamı olan R.Abbasov da, belə jurnalistlərin qeyri-formal “öndərinə” çevriləcəkdi ki, bu da gələcəkdə də belə prosesləri daha rahat idarə etmək imkanını yaradacaqdı (və s.). Beləliklə, məşhur “Ы” əməliyyatı” komediyasında olduğu kimi, “heç kim heç nə başa düşməsin” deyə, özünü bəzən “təxəllüsü” olaraq DÖVLƏT kimi də adlandıran HÖKUMƏT, həmişə olduğu kimi bir güllə ilə çoxsaylı “dovşanları” vururdu.?!    
Deyirlər ki, “oğrudan oğruya halaldır”. Şübhəsiz ki, bu deyimi oğruların özləri, özlərinə az da olsa “bəraət” qazandırmaq üçün uydurublar. Belə uydurma və zərərli “deyimlər” çoxdur. Bu da camaatı “çaş-baş” salmaqla daha asan “soymaq” üçündür. Məsələn, “bacarana can qurban” olsaydı o qədər pulları xalqın dərisindən “çıxarmağı” bacarmış Feyziyevə də, digər korrupsioner məmurlara da, mitinqə çıxanları dəyənəklərlə döyüb “şil-küt” edən polisə də “bacarana can qurban” deməliyik. Baxmayaraq ki, bu zərəli deyim nə onların əməllərinə “bəraət” qazandıra bilməz, nə də  Feyziyevin xalqın pullarını mənimsəməklə “feyziyab” olmasını HALAL edə bilməz..!
Buna görə də Uca Allah artıq onu hətta “bu dünyada” cəzalandırmağa başlayıb. Axirət dünyasının əzabları isə müqayisə edilməz qədər ağır olacaq. PUL adlandırdıqları kağız parşaları isə bu dünyada qalacaq. Özləri ilə qəbrə qoysalar da xeyiri olmayacaq. Çünki, bədənlərindən daha tez cürüyüb gedəcək..!! Bu daha böyük korrupsionerlərə də aiddir. Jurnalistlər, kiçik “siyasi alverçilər”, London məhkəməsi (və s.) yalnız “vasitəçilərdir”..!! Əgər korrupsionerləri jurnalistlər və hətta bütövlükdə XALQ cəzalandıra bilsəydi, bunu çoxdan edərdilər. Əgər belə “hünərlidirlərsə” niyə Feyziyevdən qat-qat betər və ondan qat-qat yüksək vəzifələrdə olan çoxsaylı korrupsionerlərin heç birisinə toxunmurlar (məhkəməyə vermirlər və s.)..?! Ümumiyyətlə, Belorusiyada, Suriyada, Venesuelada, Kazaxıstanda (və s.) XALQ ayağa qalxmışdı – NƏ edə bildi..?!
Bununla belə, “Pandora yeşiyinin” dibində axırıncı qalmiş ÜMİDİ qorumaq istərdik ki, Feyziyevdən başlayanlar, tədricən “Pandora dosye”sinin digər “fiqurantlarına” da keçməyə cəsarət tapacaqlar və onların da “xirtdəyindən”, Uca Allahın köməyi ilə daha möhkəm yapışacaqlar. Yəqin heç olmasa elə onda da xalqımızın çox ağır zəhmətlə və alın təri ilə qazandığı pulları, “XƏZİNƏ OĞRULARI”nın vasitəsi ilə ingilislər “yeyə” bilməyəcəklər..!! Bəs siz necə düşünürsünüz ey FB dostlarımız..?! Yoxsa sizlərin də Azərbaycanda əksəriyyətin kimi, kimlərinsə təkliflərini, fikirlərini (və s.) müzakirə etməyə nə vaxtınız, nə həvəsiniz, nə də heç bir ehtiyacınız YOXDUR..?! Fikrimizcə, bütün bəlalarımızın əsasında məhz bizdəki bu “eqosentirizm” durur. Napoleonun dövründə fransuz cavanları onu təlqin etməyə çalışıblar. Stalinin dövründə sovet cavanlarının ən böyük arzusu ona oxşamaq, onun kimi olmaq olub. İndi bizlər də özlərimizi hansısa bir “dahiyə” bənzədərək, “sıravi” adamlarla müzakirələr aparacaq qədər “aşağı enmək” istəmirik..!! Amma, Uca Allahın hökmü ilə “xəyal dünyamızda (Voobraziliyada)” qurduğumuz “nərdivanın kəlləsindən” elə yıxılırıq ki, ən sıravi “vətənin daşlarının” dəstəyinə MÖHTAC qalırıq..!!
CavanŞirləri “feyziyab” edən, korrupsionerləri öz əməlləri ilə bu qədər asan məşğul olmağa imkan verən də bizim məhz belə olmağımızdır..!! Sizin fikrinizcə belə deyilsə, vaxtınız, imkanınız, həvəsiniz, ehtiyacınız, xoşunuz (və s.) varsa müzakirə də edə bilərik..!! Bəs FB kimi sosial şəbəkələr bunun üçün deyilmi..?! Amma, müzakirə etməmək də olar. İndiyə kimi necə yaşamışıqsa, indidən sonra da eləcə yaşamağın çətinliyi olmaz. Fəqət, İNKİŞAF da OLMAZ..!! Nədənsə gileylənməyimizə də DƏYMƏZ..!!  

Hörmət və ehtiramla - Lahuti Əli
Paralel.az

0.014929056167603