Şikayət var: "Cəlilabad Məhkəməsində baş verən biabırçılıqlara son qoyulmalıdır"

Şikayət var:
 

Cəlilabad sakini, uzun illər yerli təhsil strukturlarında çalışmış Fəxrəddin Ağayev rayon məhkəməsinin  hakimi Elxan Əmirəliyevin qanunsuzluqları barədə yazıb.

Müəllimin məktubunu təqdim edirik:

Mən bu məktubumu dövlət orqanlarına göndərmişəm, sizə də göndərirəm ki, ictimailəşdirək, hansısa neqativ amillərə görə vətəndaşlarımızın başına gətirilən oyunların qarşısını alaq.

Müəllim işlədiyim məktəbdə əmək müqaviləsi müddətinin artırılması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılması üçün Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdim.

Lakin Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev heç bir əsas olmadığı halda iddiamın təmin edilməməsi barədə qətnamə çıxardı.

Məktəb direktoru qəti etirazını bildirərək qeyd etdi ki, istər şifahi, istərsə də yazılı şəkildə bildirirəm ki, mən səlahiyyətimdən istifadə edərək iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəyirəm. Lakin hakim Elxan Əmirəliyev yaxşı, aydındır desə də qətnaməni öz kefinə uyğun çıxardı. O hüquq normalarına müvafiq qiymət vermədi, əmək qanunvericiliyini, Konstitusiyanın tələblərini, İnsan Hüquqları Konvensiyasını, Maddi və Prosessual hüquq normalarını kobud şəkildə pozaraq əks qərar çıxardı.

Bəs buna səbəb nə idi? Çünki mən məhkəməyə gəlib gedərkən həmişə belə hallarda olduğu kimi məhkəmə işçisi adı ilə ortalıqda dolaşan Elxan Əmirəliyevin dəllalları mənə də “padxod” elədilər, lakin 42 ilin müəllimi və demaqoq olduğumu bildikdən, rüşvət məsələlərinə qarşı kəskin mövqe tutduğumu anladıqdan sonra məndən ildırım surəti ilə aralandılar. Bax ,Cəlilabad Məhkəməsinin hüquqa verdiyi qiymətin mahiyyəti belədir.

Çoxlarına məlumdur ki, Elxan Əmirəliyev apardığı məhkəmə qətnamələrini özünün bildiyi və tətbiq etdiyi metodlar əsasında çıxarır. Bu xüsusda Cəlilabadda böyük narazılıqlar var, mətbuat da kifayət qədər yazıb, məhkəmənin qabağında etiraz aksiyası da keçirilib. Bu adam konkret olaraq hakimliyi bacarmır. Öz fəaliyyətində hansısa neqativ hallara doğru istiqamət götürüb. Bu isə insanları bədbəxtliyə sürükləyir, həyatlarını puç edir. Məsələn, hakim Elxan Əmirəliyev saxta “kupça”əsasında qərar çıxarmışdı, uzun məhkəmə proseslərindən, çəkişmələrindən sonra vətəndaş sübut etdi ki, həmin “kupça”saxtadır, lakin sonda vətəndaş infarkt oldu. Biz Cəlilabad sakinləri üzümüzü dövlət rəhbərliyinə, xüsusən də Ədliyyə nazirinə tuturuq:Axı Elxan Əmirəliyev həmin qərarı 500 manat rüşvət müqabilində çıxarmışdı. 500 manata insanın həyatını puç etməyə dəyərdimi? Elxan Əmirəliyev ortalıqda 500 manat pul qazandı, amma vətəndaş ömrünün axırına kimi yer xəstəsi olacaq.

Başqa bir məhkəmə işində Elxan Əmirəliyev ağlı yerində olan insanı dəlixanaya göndərmişdi. Uzun çək-çevirlərdən sonra vətəndaşa dəlixanadan arayış verilmişdi ki, sağlamsan. Və vətəndaş qohum-əqrəbasını yığıb məhkəmənin qabağında etiraz aksiyası keçirmişdi.

Digər halda isə əmlak bölgüsünü vərəsələr arasında bölmək əvəzinə həmin əmlakın dövlət tərəfindən müsadirə olunmasına qərarçıxarmışdı. Həmin vətəndaş beynəlxalq orqanlara müraciət etmişdi, iş şişərək Azərbaycanın nüfuzuna xələ gətirmişdi. Vətəndaş sübut edirdi ki, Elxan Əmirəliyev həmin qərarı 4 min rüşvət müqabilində çıxarmışdır.

Hal-hazırda Cəlilabad Məhkəməsində anarxiya və özbaşınalıq hökm sürür. Vətəndaşlar rüşvət müqabilində çıxarılmış qərarların əsassız olmasını sübuta yetirmək üçün illərlə sürünməli olurlar. Belə olmaz.

Şeytanın da ağlına gəlməyən “faktlar”, “sübutlar” tapan hakim Elxan Əmirəliyev mənimlə bağlı əmək müqaviləsinin müddətinin uzadılması işində də “nailiyyətə” imza atdı. 42 il tarix müəllimi işləyən pedaqoqun daha 1 il müəllim işləməsinə imkan vermədi. Bununla da o hüquq sahəsi ilə hansı məsafədə olmasını bir daha göstərdi.

Rəhmətlik Heydər Əliyev məhkəmə sistemi haqqında deyirdi: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə”.

Azərbaycan Respublikası Konstitusiyasının125-ci maddəsinin 7-ci bəndinə əsasən, “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. 127-ci maddənin 2-ci hissəsinə əsasən “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 218.3 maddəsinə görə “Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır”.

Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevin isə nə Azərbaycan Konstitusiyasından xəbəri var, nə də ki Mülki Prosesual Məcəllədən normal anlayışı var.

Bu gün Cəlilabad Məhkəməsində törədilənlər Azərbaycan dövlətçiliyinə böyük bir ləkədir. Prezident Aparatından, Ədliyyə Nazirliyindən, Baş Prokurorluqdan xahim edirəm ki bu məsələlərə diqqət ayırsınlar. Cəlilabad Məhkəməsində baş verən biabırçılıqlara son qoyulmalıdır.

Fəxrəddin Ağayev

42 il pedaqogika sahəsində can qoymuş tarix müəllimi

Paralel.az

0.014629125595093