Binaların həyətində göydələn tikilir

Binaların həyətində göydələn tikilir
 

Ülkər Abdullayeva: "62 saylı avtobusun axırıncı dayanacağında təbiətə, insanlığa, coğrafiyaya qarşı cinayət baş verir"

Artıq bir neçə onillikdur ki, Bakıda hündürmərtəbəli binaların tikintisində yer seçimi qanun-qayda tanımır. Əslində hündürmərtəbəli binalar sürüşməyə meyilli olmayan ərazilərdə, bir-birindən ən azı iki binanın toplam hündürlüyü qədər aralı məsafədə yerləşməlidir. Lakin Bakıda elə məhəllələr var ki, 80-90 metr hündürlüyü olan göydələnlərin arasında məsafə heç 20 metr də olmaz. Elə məhəllələr də var ki, orada binaların bəzilərinin girişinə maşınla çatmaq mümkün deyil. Çox təəssüflə qeyd etmək məcburiyyətindəyik ki, bu biabırçılıq hələ də davam edir.

Məsələ, Facebook istifadəçisi Ülkər Abdullayev öz hesabında həyəcan təbili çalır:

"Hazırda Əhmədlidə, 62 saylı avtobusun axırıncı dayanacağında (Nəsrəddin Tusi 20 ünvanda - red. A.N.) təbiətə, insanlığa, coğrafiyaya qarşı cinayət baş verir. Sakinlərin etirazlarına baxmayaraq, sürüşmə zonasında, binaların arasında olan darısqal bir yerdə çoxmərtəbəli binanın əsası qoyulur. Ölkə prezidenti İlham Əliyevin sözlərini belə veclərinə almayan tikinti mafiyası ətrafdakı ağacları, sovet dövründən qalma pilləkənləri sökərək, yaşayış binalarına düşən günəşin qabağını kəsmək üçün hərəkətə keçib. Bu işə birbaşa "JEK" müdiri və polislər başçılıq edir... Jurnalist həmkarlardan xahiş edirik, imkan varsa gəlib bu məsələni ictimailəşdirsinlər. Sonra ölkə başçısı və əlaqədar dövlət qurumları, bilmədik, xəbərimiz yoxdur deməsinlər..."

İndi həmin əraziyə yaxınlaşmaq imkanımız məhdud olsa da məhəlləni çox yaxşı tanıyırıq. Binaların arasında, quzey olsa da, bir qədər geniş həyət var. Həyətin bir tərəfində isə uşaqlar üçün əyləncə qurğuları və söhbətxana yerləşdirilib. Binalar yamacda tikildiyi sən həyətdən həyətə pilləkanlarla piyada keçidləri quraşdırılıb. İndi dörd tərəfdən 9 mərtəbəli binalarla əhatələnmiş həyətdə hansısa MTK göydələn tikmək istəyir.

Yeri gəlmişkən qeyd edək ki, sovetlər dönəmində bu əraziyə yaxın ünvanda bir 9 mərtəbənin tikintisi sürüşmə səbəbi ilə yarımçıq dayandırılmışdı.

Məsələni araşdıraraq diqqətdə saxlamağa çalışacağıq.
Akif Nəsirli
Paralel.az

0.01861310005188