Biz niyə teleseriallar çəkə bilmirik?!

Biz niyə teleseriallar çəkə bilmirik?!
 
 
 
Deməli, Azərbaycanda teleseriallar məsələsini qaldıran, gündəmə gətirən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev olub. Dövlət başçısı bir dəfə, deyəsən ANS-in efirində dedi:” Siz məgər Rusiya, Türkiyə telekanallarına baxmırsız, bircə dənə əcnəbi dildə bir proqram, film görmüsünüzmü? Zəhmət çəkin, siz də tərcümə edin, Azərbaycan dilində verin. Narahat olmayın, dövlətin dəstəyi, köməyi də olacaq”. Beləliklə, telekanallarda dövlət dəstəyi ilə dublyaj prosesi (tərcümə və səsləndirmə) başlandı və seriallar Azərbaycan dilində yayımlandı.
Amma burda iki problem üzə çıxdı. Əvvəla, bizim telekanallarda nümayiş olunan seriallar, bir qayda olaraq, Cənubi Amerika (əsasən, Braziliya) mənşəli idi, bizim adət-ənənələrimizə, mənəvi dəyərlərimizə zidd olduğundan, cəmiyyətə yaxşı heç nə vəd etmirdi. Azad məhəbbəti (pozğunluğu) və bogema həyatını (əyyaşlığı) təbliğ edən bu seriallar ailəyə, gənclərin tərbiyəsinə pis təsir edirdi. Bundan başqa, telekanallarda dublyaj sahəsində peşəkar kadrlar (tərcüməçilər və aktyorlar) yox idi və yerli rəhbərlik pul verib qıraqdan peşəkarları dəvət etmək istəmirdi. Rus dilindən mətni tərcüməni bir qayda olaraq, özləri edir, dublyaj prosesini isə telekanalın əməkdaşlarını və aparıcılarını cəlb edirdilər. Ayrılan vəsaitin kiçik bir hissəsini təyinatı üzrə xərcləyir, qalanını isə mənimsəyirdilər. Nəticədə Azərbaycan dilində teleserial yox, onun karikaturası alınırdı. Tamaşaçı da türkiyə seriallarına (bir qayda olaqaq, dublyaj edilmirdi) baxmağa üstünlük verirdi. Beləliklə, dövlət vəsaiti xərclənir, amma heç nə dəyişmirdi.
Odur ki, bu vəziyyəti dəyişmək üçün dövlət səviyyəsində növbəti addım atıldı, faktiki olaraq yeni, möhtəşəm bir layihə həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ana dilində teleseriallar çəkmək üçün telekanallara konkret maliyyə vəsaiti ayrıldı. Amma bizim telekanallar bu dəfə də verilmiş fürsətdən və ayrılmış vəsaitdən yararlana bilmədilər, yaxud da, istəmədilər. Yenə də serialların istehsalı prosesinə peşəkarlar dəvət edilmir, ya da süni görüntü yaratmaq üçün edilir. Filmlərin senarisini, bir qayda olaraq, kanal rəhbərləri özləri yazır, aktyor seçimini, hətta rejissorluğunu da özləri edir. "Xocalı", "Qara Yanvar" filmlərini yəqin ki, xatırlayırsız?! Hələ yaxşı ki, baş rollara çəkilmirlər, görüntü yaratmaq üçün az-çox tanınmış aktyorlar dəvət edilir. Sair rollar isə yenə də telekanalaın əməkdaşlarına və aparıcılarına həvalə edilir...
Nəticədə, kinoya, tamaşaçıya, ümumilikdə sənətə dəxli olmayan (ad da qoymaq olmur) amorf bir şey alınır. Tamaşaçılar da bu mənasız seriallara baxmır, əksəriyyəti heç Azərbaycan telekanallarını açmır, yenə də Rusiya, Türkiyə kanallarına üstünlük verirlər. Bizim yerli telekanallar da da yəqin bunu bilirlər, amma nəyisə dəyişmək, baxımlı teleserial çəkmək fikrində deyillər. Axı, bu, xeyli çətin, bahalı bir prosesdir, istedad, əziyyət tələb edir.
Böyük Azərbaycan şairi Şəhriyarın yaxşı bir sözü var: “Bizdən qabaqdadır avropalılar, işi iş bilənə tapşırır onlar”. Bəli, yaxşı teleserial çəkmək üçün telekanallar işi iş bilənə tapşırmalıdırlar. Telekanal rəhbərliyi serialın ideyasını verə, ən yaxşı halda senarinin fabulasını işləyə bilər. Senarini yazmaq isə hətta hər yazıçının da deyil, peşəkar senaristin, dramaturqun işidir. Başa düşmək lazımdır ki, filmin senarisi əsl dram əsəri olmalıdır, axı, tamaşaçını zalda (yaxud televiziya qabağında) 1-2 saat saxlamaq lazımdır. Yaxşı senarinin hazırlanması isə işin ancaq başlanğıcıdır, sonra peşəkar kinorejissor dəvət olunmalı və ilkin senari ona təqdim olunmalıdır. Rejissor senarini bəyəndikdən sonra, onun təşəbbüsü ilə əsas rolların aktyorları seçilir (bu proses də senari və kinorejissor qədər vacibdir) və məhz bu aktyorların iştirakı ilə ilkin senarinin əsasında işçi senari hazırlanır...
Göründüyü kimi, teleserial çəkmək böyük vəsait tələb edən böyük bir istehsal prosesidir və bu proseslə peşəkarlar məşğul olmalıdır. Bizdə isə bəzən bu prosesdən, həvəskarlar pul yumaq üçün istifadə edirlər. Odur ki, belə “duzsuz” seriallar meydana gəlir...
Qalib ARİF
Paralel.az
0.019082069396973