Azadlıq və inam

Azadlıq və inam
 
 
“Qısa qeydlər” silsiləsindən
Allahın insana bəxş etdiyi ən böyük dəyərlər Azadlıq və İnamdır. Məhz bu dəyərlərin sayəsində insan sair canlılardan fərqlənir, Allahın bəndəsi səviyyəsinə yüksəlir. Deməli, insan övladı daim bu dəyərləri qorumalı, onların uğrunda mübarizə aparmalıdır. Əslində insan həyatı azadlıq, sair canlıların həyatı isə yemək uğrunda mübarizə deməkdir. Opponentlərim etiraz edə bilər ki, Allahın yaratdığı bütün canlılar – meşədə ağaclar, çöldə heyvanlar da azaddır. Amma, insandan başqa bütün canlılar İnamdan məhrumdur. İnamdan məhrum olan azadlıq isə yalnız cismi azadlıqdır. Yani, bütün canlılar cismən azaddır, insan isə cismən və ruhən azad olmalıdır.
Məsələ ondadır ki, Azadlıq dərk olunan zərurətdir. Dərk olunan Azadlıq müstəqilliyə gətirdiyi ki, dərk olunmayan azadlıq da vəhşiliyə gətirir. Bütün canlılardan fərqli olaraq, insan azadlığı İnama əsaslanır, ona görə dərk olunandır. İnsan azadlığınnın əsas göstəricisi seçim imkanlarının olmasıdır. Yəni insan sair canlılardan fərqli olaraq harada, necə yaşamağını, hansı sözü deməyini, nə işlə məşğul olmağını seçə bilir. Azadlığın dərk olunması isə insanın Allah və Qanun qarşısında bərabər olmasıdır. Allah insanın yaradıcısı olduğu kimi, insan da Qanunun yaradıcısıdır. Hər bir insanın azadlığı başqa insanın azadlığı başlanan yerdə qurtarır, yəni insan başqa insanların azad seçimini məhdudlaşdıra və tapdalaya bilməz. Bu, ədalətsizlikdir - Allah qarşısında günah, Qanun qarşısında cinayətdir. İnsanın azad seçimini qorumaması, ədalətsizliyə göz yumması da Allah və Qanun qarşısında günah sayılır.
Qeyd etmək lazımdır ki, inam da dərk olunan zərurətdir. Dərk olunan inam müdrikliyə gətirdiyi kimi, dərk olunmayan inam da köləliyə gətirir. Hazırda materialist filosoflar insanın yaranmasında şüurlu əməyin rolunu yüksək qiymətləndirirlər. Düşünürəm ki, əməyin rolu yalnız insanın cismən formalaşmasında böyük ola bilər. İnsanın ruhən formalaşmasında isə İnamın rolu böyükdür. Əslində hazırda insanı digər şüurlu canlılardan (məsələn, primatlardan) fərqləndirən əsas cəhət də dərk olunan inamdır - Allaha inamdır. Deməli, insanı Allahın sevimlisi və “dünyanın əşrəfi” səviyyəsinə qaldıran da dərk olunan İnam və dərk olunan azadlıqdır.
Sonda xüsusi olaraq vurğulamaq istərdim ki, Allahın sevimlisi və “dünyanın əşrəfi” olan insan öz azadlığını qoruyan və başqalarının azadlığına hörmət qoyan insandır. Qorumayanlar və hörmət qoymayanlar isə yalnız sözdə insanlardır, işdə isə sair canlılardır...
Qalib ARİF
Paralel.az
0.014927864074707