Xarici bazarlara satılan ilk Azərbaycan startapı

Xarici bazarlara satılan ilk Azərbaycan startapı
 
Osman Gündüz:
Azərbaycan startapı Nextsale ABŞ şirkəti tərəfindən satın alınıb.
Bu gün bu məqsədlə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bir tədbir düzənləmişdi.
Tədbirdə ekosistemin inkişafına cavabdeh olan dövlət qurumları, universitet rəhbərləri, digər ekosistem iştirakçıları, həmçinin ölkəmizdə səfərdə olan TEKHNOFEST festivalının Müşahidə Şurasının sədri Səlcuq Bayraktar da iştirak edirdi.
Bildirilir ki, Nextsale təxminən 3+ milyon dollara bir ABŞ şirkətinə satılıb.
Bu startap onlayn mağazalara satışa kömək edən “pop-up”lar əlavə etməyə imkan yaradan bir platformadır. Startapı satın alanlar da onun əsas məqsədinin olduğu kimi saxlanılmaqla inkişaf etdirəcəklərini açıqlayıblar.
Nextsale komandası da əldə etdikləri resursları yeni startaplara yatıracaqlarını bildiriblər.
Cəmi bir neçə yüz min dollar investisiya əldə edən, ölkədaxili akselerasiyalarda iştirak edən ənənəvi bir startapın 3 il ərzində bu cür uğuru diqqətə layiqdir.
Xaricdə qərarlaşan bir neçə startaplarımızda da belə uğurlar olub. Amma ölkədaxili ənənəvi startap olaraq bu formada satışı ilk hesab etmək olar.
Bu gün Nextsale komandasının da bir hesabat xarakterli təqdimatı oldu.
Diqqətimi cəlb etdi ki, 2018-ci ildə bünövrəsi qoyulanda mövcud olan komanda sonadək layihənin formalaşmasında, çətin günlərində də iştirak edib.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Nextsale VXSİ Dövlət Agentliyinin İNNOLAND Akselerasiya Mərkəzinin rezidenti olub.
Odur ki, bu münasibətlə təbrikləri yalnız Nextsale komandasına deyil, Dövlət Agentliyinə də aid etmək olar.
Düşünürəm ki, startapımızın bu cür uğuru ekosistemimizin bütün iştirakçıları üçün bir mesajdır.
Ekosistem üçün çox əhəmiyyətli bir hadisədir. Bu, startapçılarımız üçün ciddi bir motivasiyadır.
Gərək dövlət qurumları və investorlarımız real nəticələri görərək bu sahəyə diqqəti daha da artırsınlar.
Bu gün qeyd olunan tədbirdə ekosistemin inkişafına cavabdeh olan qurumların hamısı , VXSİ Dövlət Agentliyi, RİNN və KOBİA rəhbərləri iştirak edirdi.
Amma dərhal da qeyd edim ki, onların çıxışlarından ekosistemin inkişafı ilə bağlı gözləntilər daha çox idi.
Lakin, fikrimcə, çıxışlarda ekosistemdə həllini gözləyən ciddi problemlərin nə zaman öz həllini tapacağı ilə bağlı elə də konkret fikirlər səsləndirilmədi. Daha çox indiyədək görülən işlərə diqqət yönəldildi.
Bilmirəm , bəlkə də tədbirin mahiyyəti ilə bağlı olub.
Ümid edirəm adı çəkilən dövlət qurumları ekosistemin inkişafı üçün, münbit şəraitin daha da inkişaf etdirilməsi üçün səylərini gücləndirəcəklər. Bu sahədə, son zamanlar səylərini xeyli artıran Təhsil Nazirliyindən də gözləntilər çoxdur.
İT şirkətlərdən, investorlardan ekosistem böyük dəstək gözləyir.
Xüsusilə də startapların ilkin inkişafına dövlət dəstəyi ilə bağlı, vençur maliyyələşmə ilə bağlı, investisiya mühitinin, universitetlərdə startap mühitinin formalaşması ilə bağlı tez bir zamanda daha kəskin addımların atılmasına ehtiyac var.
Yeri gəlmişkən, tədbirdə çıxış edən Səlcuq Bayraktar texnoloji sahədə Türkiyənin son illər əldə etdiyi uğurlar və texnoloji gözləntilər haqqında xeyli maraqlı mesajlar verdi.
Azərbaycanla bu sahədə, startapların inkişafı sahəsində birgə atılacaq addımları da qeyd etdi. Azərbaycanda bu istiqamətdə bir neçə infrastruktur layihələri işə salacaqlarını , may ayında Azərbaycanda TEKHNOFEST festivalının keçiriləcəyini də qeyd etdi.
Paralel.az
0.50026106834412