Ruhidin Vətənə olan sevgisi
Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük İkinci Qarabağ müharibəsi başlayanda Ruhid Uğur oğlu İslamlı ömrünün 21-ci ilini yaşayırdı. O, millərlə qəhrəman oğul kimi bizim xoşbəxt gələcəyimiz naminə sinəsini Vətənə tuşlanan güllələrə sipər etdi. Bununla da əbədiyyət adlı dünyasına qovuşmaqla qəlblərdə yeni bir sevdalı həyat qazandı. Və qərinələr ötəcək Ruhidin Vətən sevgisi hər gələn nəslə örnək olacaqdır.
1999-cu ildə dağlar diyarı Lerik rayonunun Çeşman kəndində anadan olan Ruhidin ailəsi Bakı şəhərinə köçür. O, burada Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər insanlardan görüb-götürməklə böyüyür. İkinci tərəfdən Ruhid hələ kiçik yaşlarında cüdo, cuicutsso, teakvondo, güləş, qaydasız döyüş, üzgüçülük və bir sıra digər idman növlərinə maraq göstərir. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir və yarışlarda iştirak edib 1 və 2-ci yerlərə yiyələnir, dərəcələr alır. Həmçinin məktəbdə oxuduğu vaxt , viktorina, olimpiada, hərbi yarışlarda fəal olur. Onun zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə Vətənə sevgisi yaşıdlarına nümunə göstərilir.
Ruhid 2016-ci ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasına daxil olur. Mənəvi dünyasının əsasını Vətəninə, xalqına fayda vermək əzmi olan Ruhid tələbə biletini alan gündən bütün eşqini, məhəbbətini oxumaqla, öyrənməklə bağlayır. Həm də sağlam əqidəsi, yüksək mədəniyyəti, dərin zəkası, həyata baxışı onu institutda hamının gözdə ucaldır, ehtiram sahibi edir. Məhz elə buna görə də Ruhidi Gənclər birliyinə sədr seçirlər, Azərbaycan Maarifçilər Birliyinin üzvü olur. Xoş əməllərə dönüb ürəklərə yağmaq üçün 2020-ci ildə ali təhsilini uğurla başa vurur.
2020-ci ildə düşmən tapdağında olan torpaqları azad görmək istəyi Ruhid İslamlını həqiqi hərbi xidmətə aparır. 27 sentyabr Vətən müharibəsi başlanır. Qanlı müharibədə Talış kəndi, Suqovuşan istiqamətində, Murov zirvəsində erməni dığalarına qarşı döyüşür. Düşmənə vurduğu zərbələrlə ürəyindən keçən qisasını ala bilir. Hər döyüşə atılanda da torpaq uğrunda son nəfəsə qədər vuruşmağa an içir. 6 oktyabrda- müharibənin qızğın vaxtında Goranboyun Gülüstan kəndi yaxınlıqda strateji əhəmiyyətli yüksəkliyə malik Çənlibel postunda qəhrəmancasına həlak olur. Özü getsə də, adı sevdalandığı Vətənin qürur tarixinə yazılır. Qısa ömrünə qəhrəmanlıq, mərdlik düşən Ruhid ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, ”Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülür. Doğma Çeşman kəndində isə onun adına bulaq inşa edilibdir. Kənd sakinləri buranı özlərinə ən müqəddəs and yeri bilirlər.
Z.Orucoğlu
Paralel.az