Ramiz Abutalıbovun Anım mərasimindən-FOTO

Ramiz Abutalıbovun Anım mərasimindən-FOTO
 
 
Fevralın 6-da Moskva şəhərinin hazırda azərbaycanlıara məxsus "Kaspian" zalında (Köhnə Arbat, keçmiş Gürcü Mədəniyyət mərkəzi) xüsusi təqdimata ehtiyacı olmayan, adı özlüyündə bir Təqdimat olan Ramiz Abutalıbovun əziz xatirəsi Moskvada yaşayan soydaşları, rusiyalı dostları və təbii ki, ailəsinin, (xanımı, qızları, nəvə- nəticələrinin) iştirakı ilə yad edildi. Bizlərin, Bakıdan gəlmiş dost və məsləkdaşların da bu mərasimə qatılması Ramiz müəllimin harada yaşamasından asılı olmayaraq Vətənlə daimi əlaqəsinin və xatirəsinin həmişə əziz tutulduğunun təcəssümü idi. Əslində bu məclis Ramiz müəllimin gedişindən sonra onunla ilk Vida-Anım mərasimi sayıla bilərdi, çünki Bakıda, dəfn günü və sonrakı günlərdə Vətəndə belə bir sözlü-xatirəli-görüntülü məclis keçirilməmişdi...
Moskvadakı Anım mərasimi hər barədə Ramiz müəllimin adına və xatirəsinə layiq məclis idi və buna görə ilk olaraq onun təşkilatçısı - Moskvada yaşayan tarixçi-alim, uzun illər Ramiz müəllimə əsil oğul olmuş, onun hər zəhmətini, nazını çəkmiş, haqqında danışarkən hələ də kövrələn, göz yaşlarını saxlaya bilməyən Eldar Abbasovun adı qeyd edilməlidir.
Eləcə də, azərbaycanlı mühacirlərin izləri ilə Avropa ölkələrindəki arxivləri, məzarlqları gəzən Ramiz müəllimi daim bu səfərlərdə müşayiət etmiş, mühacirlər haqda çəkiləcək filmlər, süjetlərin əsas mövzusu ilə yanaşı Ramiz müəllimin özünün də ssenarilərdən kənar əhvalını, kədərini, əli siqaretli yorğun, fikirli anlarını lentə almış kinorejissor- Tahir Tairoviçin (Əliyev) adı xüsusi vurğulanmalıdır. Tahirin məxsusi bu mərasim üçün hazırlayaraq Moskvaya gətirdiyi, Ramiz müəllimin özünün dilindən səslənən bioqrafik həyat yolu, daha sonra Fransadakı fəaliyyəti və ailəsinin təqdim etdiyi fotolar əsasında əzizləri ilə ünsiyyəti əks olunan 3 film- süjetlər Anım mərasimini olduqca məzmunlu etməklə sanki Ramiz müəllimi də bu məclisin iştirakçısına çevirdi. Peşəkar rejissor Tair Tairoviçin filmlərin nümayişini hazırlayarkən keçirdiyi həyəcan isə sözlə ifadə olunası deyil. Məclisin sözün əsl mənasında olduqca səmimi, yüksək və dolğun ruhu isə Ramiz müəllim haqqında öz sözünü demək istəyən hər kəsin çıxışı və fikirlərinin arxasından aydın duyulurdu. Ramiz müəllimin məclisi başqa cür keçə də bilməzdi...
Ruhu şad olsun.
Solamz Rüstəmova
Paralel.az
0.018103122711182