M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını "bazara" çevriblər - şikayət

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını
 

Direktor Azər İsmayılov və baş həkim Telman İbadov arasında gedən münaqişə güclənir

Respublika Klinik Xəstəxanasında müalicə alan xəstə Əşrəf Mehdiyev redaksiyaya zəng edərək bildirdi ki, xəstəxanada xəstələri müalicə etmək əvəzinə onları soyurlar.
Tibbi sığortanın ölkədə tətbiq olunması xəstəxanada müalicə alan xəstələrin müalicə prosesini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirib. Əmək haqqı artmadığına görə həkimlər xəstələrdən pul tələb edirlər.

Xəstələrin müalicəsində istifadə olunan dərmanlar xəstəxana tərəfindən verilmədiyi üçün həmin dərmanları xəstələrin özləri alırlar.
Xəstələrin qaldıqları otaqlardakı avadanlıqlar tam yarasız haldadır.

Azər Cəbi oğlu İsmayılov xəstəxanaya direktor təyin olunduqdan sonra xəstəxananın kadr məsələləri rüşvətlə həll olunduğu üçün baş həkimi Telman İbadovla direktor arasında ciddi boğuşma gedir. Direktorla baş həkim arasında gedən didişmənin zərbəsi isə xəstələrin müalicəsinə mənfi təsir edir.

Xəstəxanda verilən yeməklər üçün tədarük edilən qida və ərzaq məhsulları keyfiyyətsiz olduğuna görə xəstələr onlara verilən yeməkləri yeyə bilmir və xəstələr yaxınlarının gətirdikləri yeməklə qidalanırlar.

Respublika Klinik Xəstəxanasının dərmanla təminatı çox pis vəziyyətdədir. Dövlət büdcəsindən dərmanların alınmasına ayrılan pul ayrı-ayrı məsul şəxslər tərəfindən mənimsənildiyi üçün xəstəxanada dərman çatışmazlığı hökm sürür.

TƏBİB və Səhiyyə nazirliyinin Respublika Klinik Xəstəxanasında direktorla baş həkim, xəstələrlə həkimlər arasınds hər gün baş verən dramatik hadisələrə son qoymaq istiqamətində heç bir tədbir görməmələri isə xəstələrin sağlamlığına ciddi ziyan vurur.

Xəstənin şikayətində əks olunan nöqsanlar barədə Respublika Klinik Xəstəxanasının direktorunun və baş həkiminin münasibətini öyrənməyə çalışsaq da, iş telefonunun dəstəyini qaldırmadıqları üçün onlarla əlaqə qurmaq mümkün olmadı.

P. S. Qarşı tərəflərin mövqeyini dinləməyə hazırıq.


Aygün Bayramqızı

 

0.16853404045105