Sonuncu dayanacaq

Sonuncu dayanacaq
 



Hekayə

Əjdər çoxdandır ki, gecə növbəsinə qalmırdı. Bu sabah iş yoldaşı Kamranı əvəz edib növbəni təhvil vermək istəyirdi. Axı onlar çoxdanın sadiq və səmimi dostları idilər. Həm də taksi sürücüsü kimi Kamran dostu Əjdərə daha çox güvənib inanırdı.  
Günorta saat üçə yaxınlaşırdı ki, şəhərin mərkəzi küçələrindən birinə taksi sifariş edildi. Əjdər maşını işə salıb şəhərin o başından bu başına gedəcəyini bir anlıq düşündü. Hava da bir az çiskinli idi. Yağış ara-sıra yağırdı. Əjdər düşüncələrdən bir anlıq ayrılıb, nəzər-diqqətini yola yönəltdi.Yollarda sıxlıq olmadığı üçün maşınlar bir-birinin ardınca səliqə ilə şütüyürdü. Əjdər göstərilən ünvana çatıb, taksini deyilən binanın qarşısında, göstərilən ünvünü lap yaxın yerdə saxladı. Artıq 20 dəqiqə idi ki, binanın önündə gözləyirdi. Birdən ağlına gəldi ki, düşüb ünvanda göstərilən mənzilə getsin. Şəhərin qədim tikiliyə məxsus bir binada yerləşən mənzilin qapısının zəngini vurdu. Araya bir xeyli sakitlik çökməsinə baxmayaraq, nəhayət, qapını qoca – yaşı 75-80-nə yaxın olan bir qadın açdı:
- Gəl oğlum, gəl, xoş gəlmisən. Səni mən xahiş etdim, sifarişlə bura gəlib məni dediyim ünvana aparasan. Nə yaxşı ki, gəldin.
Əjdər qadının səmimiyyətindən bir qədər duruxdu. Evə keçməyə ehtiyat edib, qadından izn istədi:
- Xanım, taksi artıq 20 dəqiqədir ki, sizi gözləyir. Biz hər zaman müştərilərə kömək və xidmət etməyə hazırıq. Buyurun, nə kömək lazımdır?
Əjdər bu sözləri deyib, evdəki ab-havaya nəzər saldı. Mənzilin görkəmi illərlə qapısı açılmayan, tənhalıq qoxusu gələn bir məkanı xatırladırdı. Evin mebelləri və əşyaları isə ağ mələfələrlə örtülü idi. İçəridə ürək dağlayan niskil və hicran duyulurdu. Birdən qoca qarının titrək səsi yenə sükutu pozdu:
- Oğlum, bu çamadanı aşağı düşürməyə mənə kömək edə bilərsən?
Əjdər tərəddüd etmədən dərhal dilləndi:
- Əlbəttə xanım, borcumuzdur, - deyib cəld çamadanı götürüb aşağı düşmək istəyəndə qarı onu səslədi:
- Dayan, mənim balam, məni aşağı düşməkdə müşayiət etsən, şad olaram. Çünki, tək oilləkənləri düşməkdə çətinlik çəkirəm.
- Yaxşı, - deyə Əjdər dilləndi və qarının qoluna girib pilləkənləri aşağıya doğru düşməkdə ona ehmalca yardım etdi.
- Köhnə monolit binada qırx ildən artıq ömür sürən Sitarə xanım uzun illərdir ki, Xoreoqrafiya məktəbində müəllim kimi çalışırdı. Ömrünün ən gözəl çağlarını sənətinə, işinə, sevdiyi tələbələrinə vermişdi. Çoxdan idi ki, təqaüdə çıxmışdı. Evdən də çox vaxt az hallarda bayıra – hava almağa çıxardı. Artıq həyatdan usanıb yorulmuşdu. Yeganə övladı – Aygün də artıq anasına baş çəkməyə gəlmirdi. Təbii ki, bəhanəsi də ailəsi, həyat yoldaşı və uşaqları idi. Sevib-seçdiyi həyat yoldaşı İlhamda qaynanasına baş çəkməyə çoxdandır ki, gəlmirdi. Bir sözlə, hər ikisi qoca qarını unudub, taleyin ümidinə buraxmışdılar. Hər ikisi Layihə institutunda mühəndis kimi daha “vacib” işlərlə məşğul idilər.
Ana öz doğmalarına yük olmasın deyə, özünü Qocalar evində daha rahat hiss edəcəyini aylardır ki, düşünüb-daşınırdı. Nəhayət, bir gün bu fikirdə olduğunu qızına dedi:
- Qızım, sizin heç bir günahınız yoxdur. Bu qərarı mən özüm vermişəm. Artıq neçə vaxtdır ki, götür-qoy edirəm. Qərarım qətidir...
- Ana, axı el-oba bizə nə deyər? Əminsən ki, bu doğru seçimdir? Sən bizim fikrimizi soruşmadan qərar vermisən...
- Qızım, bu seçim ən doğrusudur. Siz də rahat olarsız, mən də...
Sitarə xanım, bu sözləri deyəndə, içindəki hayqırtını kimsə duymasın deyə, üzünü yana çevirdi ki, qəfil gilələnən göz yaşlarını kimsə görməsin.
 
***
Əjdər Sitarə xanıma taksinin arxa oturacağına əyləşməyə kömək etdi. Qadın yerini nizamlayıb Əjdərə dedi:
- Oğlum, məni əvvəlcə sənə dediyim ünvanlardan kemirib, sonuncu dayanacağım yerə apararsan. Vaxtin varmı?
- Əlbəttə var. Hara desəniz, apararam.
Qoca qarı dərindən ah çəkdi. Taksi yollardan şütüyüb keçirdi. Birdən Sitarə  xanım:
- Bax, görürsən bu küçəni? Onun qutaracağındakı orta məktəbdə 1-ci sinfə getmişəm... İlahi, necə də sevincli idim o anlarda!.. O hissi hələ də duyuram... Oğlum, qarşıdakı küçədən sola dönərsən, zəhmət deyilsə...

- Bir xeyli keçmiş Əjdər sual dolu nəzərlərlə qarıya tərəf baxdı. Sitarə xanım taksi sürücüsünün nə demək istədiyini dərhal duydu:
- Bax, bu möhtəşəm binanı görürsən? Burda gəncliyimin ən gözəl anlarını keçirib, ilk dəfə sevib-sevilmişəm. Gələcək həyat yoldaşımla hər ikimiz eyni kursda oxuyub, Xoreoqrafiya məktəbini fərqlənmə ilə bitirmişik. Onun da mənim qədər arzuları gözəl və həyat dolu idi. Artıq on ildir ki, həyatdan köçüb...
Araya sükut çökür. Əjdər qoca qarının danışdığı həyat hekayəsindən təsirlənir, sanki dili-ağzı quruyur, matı-qutu çəkilir. Birdən qarı dillənir:
- Mən elə bitiridiyim Xoreoqrafiya məktəbində də uzun illər pedaqoji fəaliyyətdə olub, neçə-neçə uğurli tələbələr yetişdirmişəm. Onların hamısı ilə qürur duyuram. Hamısı da mənim xətrimi əziz tutur, zəhmətimi dəyərləndirirlər...
Bu sözləri deyib, Sitarə xanım bir anlıq taksinin pəncərəsindən bayıra baxdı:
- Hava da bu gün çiskindir... Görünür, mənim Qocalar evinə getməyimə o da kədərlənir...
Əjdər fikirlərdən qəfil ayılan kimi soruşdu:
- Bizim gedəcəyimiz son ünvan Qocalar evidir... Xanım, bəlkə fikrinizi dəyişəsiz, ora getməyəsiz?
Qarı bir qədər susqunluqdan sonra ah çəkərək dilləndi:
- Yox oğlum, qərarım qətidir. Geriyə yol yoxdur. Budur bax, deyəsən çatmağımıza da az qalıb.
Əjdər yolun nə zaman başa çatdığını hiss etmədi. Qoca qarının danışdığı həyat hekayəsi onu təsirləndirmişdi:
- Buyurun xanım, çatdıq ünvana.
Sitarə xanım ağır addımlarla taksidən düşüb Qocalar evinin qapısına yaxınlaşanda çantasına əl atıb soruşdu:
- Oğlum, sizə borcum nə qədərdir?
- Xanım, heç nə lazım deyil. Halal xoşunuz olsun.
Əjdər bu sözləri deyib uzaqlaşarkən, Qocalar evinin qəfil çırpılıb örtülən qapılarına diksinən kimi oldu.
Daha bir ömür tarixçəsi bu bağlı qapılar arxasında sona yetdi.
Səadət Sultan
Paralel.az

0.014555215835571