Yaşamağa vətən yaxşıdır

Yaşamağa vətən yaxşıdır
 
 
“Qısa qeydlər” silsiləsindən
Düşünürəm ki, Cənnət olsa da bütün Dünya, oğul böyütməyə ana qucağı, qız köçürməyə ata ocağı həmən yaxşıdır. Odur ki, atalardan qalma misalı bir az dəyişsək, ağılla işlətsək, gəzməyə qürbət ölkə, yaşamağa Vətən yaxşıdır...
Mən illərlə dövlət qəzetinin Respublikanın cənub və şimal bölgələri üzrə müxbiri işləmişəm. İnanın ki, Lənkəranda, Astarada, Qubada, Qusarda elə kəndlər var ki, damazlığa (pardon!) bir kişi yoxdur, hamısı Rusiyadadır. Gəlinlər evdə uşaqla tək qalır, gəlin qocalır, qızlar ərə gedə bilmir, qız qocalır. Anaların məzarda da gözü yollarda qalır. Arada bizim genofondumuz məhv olub gedir, mən hələ qan qarışması ilə bağlı (daha ağır ifadə işlətmək istəmirəm) fizioloji problemləri demirəm...
Məşhur komediyada deyildiyi kimi, bir tikə müsəlmançılığımız qalıb, onu da aparıb Rusiyalarda veririk bada. Adımızı da “litso qafqazskoy natsionalnosti” qoyurlar, adam yerinə qoymurlar. Vallah, bir tikə çörəyi Vətəndə də qazanmaq olar, cavanlığı yad ellərdə yelə verməyin, qazancını yad gözəllərə xərcləməyin mənası varmı?! Axı, biz ayrı cür tərbiyə almışıq, böyük-kiçik yeri, abır-həya bilmişik. Biz 14 yaşlı qızımızın "boy frendi"ni evə dəvət edə bilmərik, 15 yaşında "qrajdanski brak"da ana olmasını istəmirik. 16 yaşlı oğlumuzun gecə evə “maçalka” ğətirməsinə dözmərik. Dünyanın hər yerində belədir, hətta daha pisdir. Qız təbiət çağıranda, oğul 18 yaşına çatanda əsgər gedir və ata evini birdəfəlik tərk edir. Hətta, ata-ana xəstələnəndə də gəlmirlər, öləndə adi bir teleqram verirlər. Bizlərin həyatının mənası olan oğul-qız toyu görmək də oralarda hamıya qismət olmur, oğul, qız istəyəndə dəvət edir, istəməyəndə heç xəbər də vermir.
Beləliklə, qız o yana gedir, oğul bu yana gedir. Arvad da başın yasdığa düşən kimi səni tərk edir. Yavaş-yavaş içkiyə qurşanırsan, adi bir "alkaş" olursan. Sabah başını yerə qoyursan, aparıb tatar qəbirsatanlığında (qismət olsa!) basdırırlar. Odur ki, Vətəndə "ryadovoy" xidmət etmək, qürbətdə "naçalnik" işləməkdən yaxşıdır. Əbədi deyil dünya, xəstə düşərsən, qulluğunda bacın durar, ədalətli deyil dünya, dara düşərsən, arxanda qardaşın durar... Arabir də gedərsən ata-ananın qəbrini ziyarət edərsən... Evə gələrsən, kişi kimi arvaddan bir çay istəyərsən. Öləndə də oğul-qız sənin qəbrini ziyarət edər...
Bəli, gəzməyə qürbət ölkə, yaşamağa Vətən yaxşıdır...
Qalib ARİF
Paralel.az
0.016838073730469