Azərbaycanın işıqlı gələcəyi uğurunda şəhid olanlara qaranlıq məkan yaraşmır
Beyləqana səfər zamanı öncə Vətən Müharibəsində şəhid olan oğullarımızı ziyarət etməyi bir vətəndaş kimi mənəvi borcum hesab etdim. O müqəddəs məkanların əksəriyyətinə getmək imkanım olmasa da iki il oxuduğum Örənqala qəsəbə qəbirstanlığı- burda son savaşın 3 və iki il müəllim işlədiyim Kəbirli kənd qəbirstanlığınada əbədi uyuyan 17 şəhidimizin məzarını ziyarət edib, məzarları üstə gül qoya və ruhlarına fatihə verdik.
Sonuncu məkan haqda bəzi təəsüratlarımı oxucularla bölüşmək istəyirəm. Kəbirli kəndi bəlkə də Azərbaycanda yeganə kənddir ki, 2-ci Qarabağ savaşında 17 şəhid verib. Əvvəllər 48 yaşında vəfat etmiş ( yeri gəlmişkən onun ölümü də məhz dolayısıyla yağı düşmənlə əlaqəlidir. 1977-ci ildə adi bir xəstəlikdən Xankəndi xəstəxanasına yerləşdirilmiş atamın ordan meyidi çıxdı) atamında dəfn olunduğu bu qəbirstanlığa gedərkən adamı vahimə basırdı. Şəhidlərin buranı əbədiyyət evi seçməsi sanki bu məzarstanı da nura qərq edib. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı qəbirstanlıqda şəhidlərin xatirəsinə əbədi ehtiram olaraq yaradımış ayrıca guşə elə bil canlı muzeydir. Bu birliyə, bu uzaqgörənliyə, burdakı səliqə-səhmana görə bir daha şəhid doğmalarına və şəhidinə dəyər verən kənd camaatına sonsuz sayğılarımı bildirirəm. Sözün həqiqi mənasında zatən məkanı cənnət olan şəhidlərimizin özlərini cənnətdə hiss etmələri üçün inanılmaz bir ruh atmosferi yaradılıb. Deyilənə görə, indiki Volqaqradda 2-ci Dünya savaşından miras qalan muzey kimi bir yer var ki, adam ora daxil olanda gələn uğultudan özünü müharibədəki kimi hiss edir. Kəbirli şəhidlərinin əbədiyyət evi isə obrazla desək CƏNNƏTMƏKANDIR.
Can fəda edib yurd qazanan şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm!
Zəruri qeyd: Bəlkə də tövsiyyə xarakterli giley bu yazının ruhu ilə uyuşmur amma hesab edirəm ki, mövzuya bilavasitə aid olduğuna görə elə burda da deməliyəm.
Məsələ belədir ki, kənddən təqribən 2-3 kilometrlik məsafədə yerləşən Kəbirli kəndinin Şəhidlər Xiyabanında (bura məndə qəbirstanlıq yox, Xiyaban, muzey təəssüratı yaratdı) su və işıq problemi yaşanır, eyni zamanda məzarstanın ətrafı kol- kosla əhatələnib. Şübhəsiz müəyyən qədər vəsait tələb edən bu problemlər dövlət səviyyəsində həll olunmalıdır. Şəhidlər Xiyabanını elə diri və abad saxlayan kəndin imkanlı şəxsləri də yəqin ki, bu işə öz töhvələrini verməyə hazırdırlar. Ancaq qeyd etdiyimiz kimi problemi yalnız dövlət vəsaiti hesabına çözmək olar. Yeri gəlmişkən, Beyləqan şəhərnin şimal girişində yol kənarı vurulmuş şəhid plakatları deməyə əsas verir ki, bəzi digər bölgələrdən fərqli olaraq Beyləqan rəhbərliyində şəhid adına sayğı var.
İnanmaq istərdik ki, bu sayğı qeyd olunan məsələlərin həllində də özünü büruzə verəcək.
Unutmaq olmaz ki, Azərbaycanın işıqlı gələcəyi uğurunda canından keçən şəhidlərin əbədiyyət evi qaranlıq deyil, daima işıqlı olmalıdır.
Rövşən Kəbirli
Paralel.az