Hindistan hökuməti 2 günlük matəm elan edib
Hindistan hökuməti əfsanəvi sənətçi Lata Manqeşkarın ölümü ilə əlaqədar fevralın 6-7-də ümummilli matəm elan edib.
"Paralel.az" xəbər verir ki, bu barədə Hindistan hökumətinin məlumatında deyilir.
"Bu gün və sabah iki günlük matəm olacaq. Bu müddət ərzində Lata Manqeşkarın xatirəsinə ehtiram əlaməti olaraq Hindistanda dövlət bayraqları yarıya endiriləcək", - bəyanatda bildirilir.
Müğənni bu gün axşam Mumbayda təntənəli mərasimlə dəfn olunacaq.
Baş nazir Narendra Modi isə Tvitter səhifəsində yazıb:
"Xeyirxah və qayğıkeş Lata Didi bizi tərk etdi. O, xalqımıza doldurulması mümkün olmayan bir boşluq buraxdı. Gələcək nəsillər onu Hindistan mədəniyyətinin özəyi kimi xatırlayacaqlar, onun melodik səsi insanları valeh etmək üçün misilsiz qabiliyyətə malikdir".