İşləməyə məcbur olan analar nə etməlidir?
Bir neçə gündür anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məsələ cəmiyyətdə müzakirələrə səbəb olub. Belə ki, gün ərzində anası işə getdiyi üçün evdə tək qalan 6 yaşlı uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər.
Mövzu ilə bağlı sosioloq Nail Cəlil Yenicag.az-a müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
– Nail bəy, əgər işləyən ananın uşağını kiməsə tapşıra və ya bağçaya qoymaq imkanı yoxdursa və işləməsi vacibdirsə, bu halda nə etməlidir?
– Öncə bu istiqamətdə müəyyən təsnifat, tipologiya və dəqiqləşdirmənin aparılması vacibdir. İşləmək zərurəti ilə qarşılaşan anaların kateqoriyaları, onların övladlarının hansı şəkildə dəstəyə ehtiyac duymasını müəyyənləşdirmək məqsədəuyğundur. Daha sonra ödənişli və ödənişsiz nəzarətin qanunla yol verilən müxtəlif formalarını təşkil etmək və həyata keçirmək olar. Adətən, belə problemlər ananın övladını (və ya övladlarını) tək böyütdüyü natamam ailələrdə daha qabarıq yaşanır. Maddi ehtiyac səbəbindən ananın işləməyə məcbur olması, bəzən azyaşlı övladlarını evdə baxımsız qoyub işə getməsi, sözsüz ki, uşağın təhlükəsizliyi, rifahı və inkişafı baxımından böyük risklər yaradır. Bu, müxtəlif bədbəxt hadisələrə, uşağın kəskin xəsarət almasına, sonradan əqli və fiziki məhdudiyyətli olmasına, ehtiyatsızlıqdan həlak olmasına da gətirib çıxara bilər. Düşünürəm ki, məhz bu tipli sosial dəstək tədbirlərinin işlək mexanizmini yaratmaq üçün Milli Məclisdə Sosial Məcəllənin qəbulu və tətbiq edilməsi zərurətə çevrilib.
– Qanunvericilikdə işləyən ananın uşağına nəzarət edilməsi üçün dövlət tərəfindən ödənişsiz xidmət mövcud deyil. Sizcə, belə bir xidmətin göstərilməsinə ehtiyac varmı?
– Bununla bağlı bir sıra mühüm dövlət proqramları qəbul edilib. Məsələn, “Alternativ qayğı” proqramı uşaqların məhz ailədə dəstəklənməsini, valideyn himayəsinin önə çəkilməsini nəzərdə tutur. Bununla yanaşı, belə incə sosial məsələlərin həllində müəyyən boşluqlar da nəzərə çarpır. İndi bütün dünyada əksər ölkələr insan, vətəndaşyönümlü sosial rifah dövləti modelinə keçirlər. Bu sırada Azərbaycan da istisna deyil. Ölkəmiz Uşaq Hüquqları Konvensiyasına qoşulub və bu cəhətdən dünyaya göz açan hər bir vətəndaşının təhlükəsizliyini, rifahını, inkişafını təmin etmək öhdəliyi daşıyır. Digər tərəfdən, bu kimi hallar Əmək Məcəlləsi, Ailə Məcəlləsi və müxtəlif ali qanunvericilik sənədlərində öz dolğun ifadəsini tapmalıdır.
– Ödənişsiz xidmət effektiv nəticə verə bilərmi?
– Ödənişsiz xidmət o halda uğurlu ola bilər ki, çalışan ananın əməyi müvafiq müəssisə, idarə və ya dövlət qurumu üçün xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, dövlət sosial təhlükəsizlik maraqlarını önə çəkərək həm ana, həm də övladları üçün güzəştli, imtiyazlı şərait yarada bilər. Bir sıra Avropa ölkələrində, məsələn, Norveçdə, İsveçdə, Almaniyada, Avstriyada bununla bağlı çox müsbət təcrübə mövcuddur. Bu təcrübədən yararlanaraq, natamam ailədə işləyən ananın (müəyyən hallarda atanın) himayəsində olan azyaşlı, müdafiəsiz uşaqların müdafiəsi üçün effektiv yardım və xidmət modelini gerçəkləşdirmək mümkündür.
Gülşən Şərif
Paralel.az