İmansızlıq zülmətində
İbadət əməllə tamamlanmalıdır
Dünyada insanları fərqləndirən əlamətlərdən biri də dini etiqaddır. Statistikaya görə, dünyada 7 milyarddan çox insan yaşayır. Bunlardan 2 milyarda yaxının islam dininə mənsub olduğu deyilir. Azərbaycan əhalisinin böyük əksəriyyəti də islam inancına sahibdir.
Dünyanın din tədqiqatçı alimlərinin araşdırmalarına görə, dini etiqadın yaşı insanlığın yaşı qədərdir. Yəni Adəm babamızla, Həvva nənəmizin cənnətdən endiyi andan dini inanc yaranmış və ilk peyğəmbərlik də Adəmə verilmişdir...
Bu yazını yazmaqda məqsədim heç də dinin tarixi barədə danışmaq deyil, inancımızın, imanımızın zəifliyini, millət kimi inkişafdan geridə qalma səbəbini araşdırmağa çalışacam. Bu gün "nə üçün imansızlığa daha çox meylliyik və bunun zülmünü hələ də niyə çəkirik" - sualına cavab axtarmağa cəhd edəcəm.
Azərbaycanda dindarlığın ən aşağı səviyyədə olduğunu hər birimiz yaxşı bilirik. Bunun birinci səbəbi ölkəmizin inancsız insanlar tərəfindən idarə olunmasıdır; İkinci səbəb Qafqaz Müsəlmanları İdarəsinin öz vəzifə borcunu icra etməyi bacarmamasıdır; Üçüncü səbəb, ölkədə islam dininin vacib əməllərini yerinə yetirməyənlərin çox olmasıdır.
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının verdiyi məlumata görə, ölkə əhalisinin 95 faizi islam dininə mənsub olsa da ibadət və ayinləri icra edənlər cəmi 15 faizdir. 100 nəfərdən yalnız 15 nəfəri ibadətlə məşğul olursa, deməli 10 milyonluq ölkə əhalisindən 1,5 milyonu müsəlman üçün vacib olan əməlləri yerinə yetirir. Əslində, 1,5 milyon müsəlmanın yaşadığı ölkədə müsəlmançılıqla bir araya sığmayan hərəkətlər baş verməməlidir. Bəs ölkəmizdə baş verən ziddiyyət nəyin məhsuludur, səbəbini bilirsiniz?! Təxmini hesablamaya görə, ölkəmizdə 1,5 milyon dindar və 100 mindən çox "hacı" olmasına baxmayaraq, qəlb, ruh, əməl etibarı ilə vicdanlı, yaradanın buyruğu ilə yaşayan həqiqi müsəlman azdır.
Rəvayətlərə görə, peyğəmbər zamanında Kəbəyə gələn ziyarətçilərin sayca çoxluğunu görən İmam Əli deyir ki; "Ya peyğəmbər, islamın qüdrəti getdikcə artır, müsəlmanların sırası sürətlə çoxalır. Peyğəmbər buyurur: "mənə yaxınlaş və barmağımdakı üzükdən Kəbənin başına dolananlara diqqətlə bax, gör, insan simasında olanların sayı nə qədərdir? Həzrət Əli orada az sayda insanı insan simasında, digərlərini isə, müxtəlif heyvan simasında gördüyünü heyrətlə bildirir. Peyğəmbər buyurur ki, hər bir ibadət və ziyarət edənlərin əsl siması Allaha olduğu kimi bəllidir və O, hər şeyin əvvəlini və axırını biləndir".
Ona görə də ibadət və ziyarətçilərin sayının çox olması hələ müsəlmanların sayının çox olması demək deyil. İnsan bütün varlığı ilə Allaha bağlı olmasa, həyatda haqqın, ədalətin, dürüst-lüyün yanında, zalımın, kafirin qarşısında durmasa, canını, malını, var-dövlətini haqq yolunda itirməkdən qorxsa, ibadət və ziyarət əhli olsa belə, o kəs Allahın qəzəbindən qurtula bilməz!
Sizcə ölkəmizdə yuxarıda toxunduğum buyuruqlara əməl edən bir nəfər də olsun insan tanıyırsınız?! Mən tanımıram!
Məncə namaz qılmaq, oruc tutmaq, Allahın bəxş etdiyindən sədəqə vermək hər bir müsəlman üçün vacibdir, bu öz yerində. Lakin haqqı qorumaq, haqsızlığa qarşı çıxmaq, zülmkara boyun əyməmək, ədaləti müdafiə etmək, ondan da vacibdir!
Siz deyin, ölkədə 1,5 milyon müsəlman varsa, xalqa zalımllqla, rüşvətlə, korrupsiya ilə, namussuz hərəkətlərlə ziyan vuranlara qarşı müsəlmanlar niyə haqq səsin çıxartmır? Deyim? Azərbaycandakı müsəlmanların çoxunun imanı kamil deyil, ona görə. Namaz qılmaq, oruc tutmaq, İmam Hüseynə yas saxlamaq iman sahibi olmaq deyil!
İmam Hüseyn bilsəydi ki, onun din, iman uğrunda şəhid olmasının ildönümünü müsəlmanlar zəncirlə baş yarıb, qan töküb, ağlayıb, sonra da bozbaş yeməklə qeyd edəcəklər, əminəm ki, O, belə bir addımı heç zaman atmazdı!
Şahnaz Salehqızı
[email protected]