Köhnə dəyirman
Köhnə dəyirmanam, soğulub suyum,
Görünmür çuvallar, dənim kəsilib.
Yoxdur şahad verən, ağnağaz edən,
Çaxçaq da dayanıb, ünüm kəsilib.
Əlamət qalmayıb o şux görkəmdən,
Çürüyüb pərdilər, əyilib kərən ,
Başını bulayır hər məni görən,
Quruyub bədənim, qanım kəsilib.
O vaxtdan görünmür Keçəl Həmzə də,
Koroğlunun əli qalıb qəbzədə.
Qövr edir köksümdə sağalmaz zədə,
Öz bürcüm özümə qənim kəsilib.
03.02.2022
Kiçik lüğət:
Soğulmaq – qurumaq, yox olmaq
Şahad - dəyirmanda dən üyütmək üçün verilən haqq
Ağnağaz etmək – ehtiyacı təcili ödəmək üçün az miqdarda dən üyütmək
Çaxçaq – dəyirmanda iki daşın arasına tökülən dənin miqdarını nizamlayan taxta parçası
Pərdi – döşəməyə torpaq tökülməsin deyə tavanda millərin arasına düzülən taxta
Kərən – tavanın əsas ağırlığını saxlayan yoğun mil, tir
Qəbzə - qılıncın, xəncərin dəstəyi
Nəsir Əhmədli
Paralel.az