Psevdoakademikin mükəmməl plagiatı - 2

Psevdoakademikin mükəmməl plagiatı - 2
 

Hörümçək torunu elmə tətbiq edən psevdoakademik  
və ya
Psevdoakademikin mükəmməl plagiatı - 2

Bu müdrik kəlamı söyləyənlər çox haqlı imiş: "Dənizin suyunun şor olduğunu bilmək üçün dənizi içmək lazım deyil, bir damla kifayət edər".

Ədəbiyyat tarixinin 1 və 3-cü cildlərinə həmmüəlliflik iddiası ilə yazı verən T.Kərimli həmin "mətnləri" digərlərinə yazdığı işlərdən "iqtibas etmiş", I cilddəki (2004) mətnə rəhmətlik akademik Bəkir Nəbiyevi, III cilddəki (2009) mətndəki "əlavə"-plagiatına isə məni şərik etmişdir. Mənim həmin cəfəngiyyat və oğurluq səhifələrə aidiyyatımın olmadığını sübuta yetirmək çətin deyil. Çünki həmin mətn 2021-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi"ndə yenidən nəşr olunarkən israrım və xahişimi nəzərə alan məsullar cıxarışda mənim hansı səhifələrdəki mətnin müəllifi olduğumu qeyd etdilər. Beləliklə, bu saxta həmmüəllifin oğurluq-cəfəngiyyatı öz adına qeydə alınmış oldu. Həm də öncəki yazılarımda verdiyim 3 həcmli fraqment həmin hissələrin müəllifinin T.Kərimli olduğunu aşkar göstərir. Çünki həmin "elmi kəşflər" onun "Çağdaşımız Nəsimi" (2019) kitabında da eynilə və ardıcıllıqla yer alır.

Amma çox təəssüf ki, Bəkir müəllimi həmmüəllif etdiyi oçerkdə vəziyyət başqadır... O, başqasına yazdığı və ya redaktə etdiyi işin böyük fraqmentlərini "copy-paste" edərək "Azərbaycan ədəbiyyatı tarixi" kimi mötəbər nəşrdəki giriş oçerkinə daxil etmişdir.

A.Topalovanın kitabının 25-45-ci səhifələrinin ayrı-ayrı abzaslarını yerdəyişmə ilə "Azərbaycan ədəbiyyatı tarixi"nə (I c., s. 18-28) daxil edən T.Kərimli Azərbaycan elmini məsxərəyə qoyduğunu bir daha sübut etmiş oldu. Sadəcə 3 fraqmenti təqdim edirəm:

1) A. Topalova. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. - Bakı, Karaağaç, 2001. - s. 25
Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I c., 2004, s. 18-19:

“XVI əsrdə müstəqil Azərbaycan Səfəvi dövlətinin qurulması ilə Azərbaycan dilinin mövqeyi də qat-qat güclənir, bu dildə nəinki bədii yaradıcılıq nümunələri, həm də rəsmi və elmi yazılar meydana çıxır. Bir cəhəti de qeyd etmək lazımdır ki, Azərbaycan ədəbi dilinin prinsipləri müəyyənləşdirilərkən cığatay nümunəsinə üz tutulur, bir sıra qrammatik və üslubi qayda-qanunlar həmin dildən əxz edilirdi. Bu işdə böyük özbək şairi, dövlət xadimi və mütəfəkkiri Əlişir Nəvai yaradıcılığının müstəsna əhəmiyyəti olduğunu söyləmək artıqdır. Elə Azərbaycan dilində tərtib edilmiş ilk təzkirə - Sadiq bəy Sadiqinin «Məcməül-xəvas» əsəri də örnək kimi Nəvainin «Məcalisün-nəfais» təzkirəsini götürmüşdü…”

2) A. Topalova. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. - Bakı, Karaağaç, 2001. - s. 27
Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I c., 2004, s. 19

“Sadiqi bu əsərində türk və fars dillərində yazan 480dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumat və əsərlərindən nümunələr vermişdir. Türk dilinin üç şivəsini müəyyənləşdirən Sadiqi, bunları cağatay, Rum və qızılbaş şivələri kimi diferensiasiya etmişdir…
Qeyd edək ki, hələ Sadiqidən xeyli əvvəl öz türkcə divanını tərtib etmiş böyük Azərbaycan şairi Məhəmməd Füzuli də əsərinin dibaçəsində türk dilləri ilə bu cür diferensiasiya apararaq yazır: «Təvəqqe budur ümumən əhaliyi-izzü etibardən, xüsusən büləğayi-Rum və füsəhayi-tatardən ki, əgər şahidi-hüsni-ibarətimdə ol diyarın əlfazü ibarətlərindən zivor olmasa və müxəddərəyi-nəzmim ol mülklərin lətaifü zərbül-məsəllərindən zinət bulmasa, bu daini məzur buyuralar. Zira hər mülkün əhlinə ariyətdən ar gəlir və hər taifədən hər nə kim var isə tətəböi-oğyari mövcibi-qeyrət bilüb bu diyarın istilahati qeyrə məqdur olmamaq üzrxahımız yetər.»
Göründüyü kimi, Füzuli tatar və cığatay şivələrini eyni şivə hesab etmişdir”.

3) A.Topalova. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsi. - Bakı, Karaağaç, 2001. - s. 39
Azərbaycan ədəbiyyatı tarixi, 6 cilddə, I c., 2004, s. 21

“Əsərin dəyərini artıran xüsusiyyətlərdən biri də, burada Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinə geniş yer verilməsidir. Əlyazmanın son cildi məhz bu məqsədlə tərtib olunmuşdur. Şifahi xalq ədəbiyyatının ayrı-ayrı janrlarına müəyyən yer verilmiş, onların janr xüsusiyyətləri tohlil edilmiş, hətta ümumtürk abidələrindən, xüsusi halda qırğızların «Manas) dastanından bəhs olunmuşdur.
Qədim Azərbaycan ədəbiyyatı nümunələrindən danışan tədqiqatçı sadəcə «Avesta»dan bəzi örnəklər verməklə kifayətlənmişdir”.
Şərqşünas alim Səadət Şıxıyeva
Paralel.az

0.016504764556885