Bəqərə surəsinin mesajları

Bəqərə surəsinin mesajları
 



XIV Yazı

Siracəddin Hacı

(əvvəli ötən sayımızda)
4) “... Onlara davamlı lütf etdiyimiz şeylərdən (ruzidən) – ehtiyac sahiblərinə - xərcləyərlər (infaq edərlər)”
Uca Allah insanı infaqa yönəltməzdən öncə ona sərvət təsəvvürü verir. Buyurur ki, onlara davamlı lütf edirik, yəni:
- mülkün gerçək sahibi Odur;
- O, əl-Malik, əl-Məlik olan Allahdır;
- ruzi olaraq verilən hər şeyi O yaratmışdır;
- sərvətin həqiqi sahibi də Odur;
- sərvət mülkiyyət deyil, əmanətdir;
- çalış, halalından qazan;
- halal işlərə xərclə;
- xərclədiyin uca Allahın rizasına uyğun olsun;
- ehtiyacın qədərindən istifadə et;
- ehtiyacından artığını malının üzərində haqqı olan ehtiyac sahiblərinə payla;
- israf etmə;
Uca Allah ikinci addım olaraq ruzi təsəvvürü verir: O, ər-Rəzzaq olan Allahdır – hər çeşid ruzini daima verən, yaratdığı ruzini yaratdıqlarına fasiləsiz / daim paylayandır.
“Ruzi” sözü “yaxşılıq etmək”, “ikram etmək”, “həyati ehtiyaclarını tədarük etmək”, “dolanışığını təmin etmək”, “qida” anlamlarına gəlir.
İmam Rağıb Qurani-Kərimdə ruzinin bu üç anlamı əhatə etdiyini yazır:
a) dünya və axirətdə verilən, davamlı olan nemət;
b) nəsib, pay;
c) qida;
Qurani-Kərim buyurur ki, ruzini verən uca Allahdır. Ruzi ancaq yediklərimiz deyil, onun dörd növü var:
- bədənin ruzisi – təmiz, halal olan yeyəcək və içəcəklər;
- ağlın ruzisi – elm, irfan, hikmət;
- qəlbin ruzisi – təqva, sevgi, şəfqət, mərhəmət;
- ruhun ruzisi – iman, qulluq, itaət, uca Allaha təslimiyyət;
Qurani-Kərimə görə, elçilik, vəhy, namaz ruzidir. Uca Allah ruzi verənlərin ən xeyirlisidir (Möminun, 23/72). Gözəl ruzi halal və təmiz olan ruzidir. Uca Allah insanları ruzi baxımından fərqli yaratmışdır. Ruzi bir imtahandır, halal və haram qoyma səlahiyyəti ancaq uca Allaha aiddir. Ruzinin ən xeyirlisi daha böyüyünü gətirən ruzidir. İnfaq edilən ruzi qazancı ən çox olan ruzidir.
Uca Allah iman ilə infaqı bir arada təqdim edir, aralarında qırılmaz bağ qurur, mesajı var: imanı olan verər, verənin bərəkəti, dəyəri artar. Şükür ruzini artırar, ruzinin şükrü onu uca Allahdan bilmək və ehtiyac sahiblərinə verməkdir. Təqva və ixlas ruzini cəlb edər: “Və hər kim Allaha qarşı təqvalı olarsa, O, onun üçün bir qapı açar, heç gözləmədiyi yerdən onu ruziləndirər, kim Allaha güvənərsə, artıq Allah ona yetər” (Talaq, 65/2-3).
Namaz və infaq da ruzini cəlb edər (Cuma, 62/11). Qurani-Kərimə görə, yer, göy, torpaq və dənizlər ruzi qaynaqlarıdır. O, yaratdığı hər varlığın ruzisini də yaratmışdır (Nəml, 27/64).
İmam Zəməxşəri yazır ki, uca Allahın ayədə ruzini özünə aid etməsinin səbəbi var: iman edənlər ancaq halal ruzidən infaq etməlidirlər. Halal olan ruzi uca Allaha aid edilə bilər. O, malınızın hamısını verin buyurmur, bir qismindən verin buyurur, (ayənin əvvəlindəki “min” ədatı buna işarə edir). O, israfdan çəkindirir. Möminlər halal malın bir qismindən infaq edərlər. Burada infaq edilən malın zəkat olması da caizdir. İstər sədəqələr, istərsə də fərz olan zəkat olsun, hamısı xeyir yolunda verilən maldır. Burada hər növ infaq nəzərdə tutulmuşdur (Zəməxşəri, Kəşşaf, c.I, s. 74-75).
Mötəzilə də deyir ki, haram ruzi deyil, o, uca Allaha aid edilə bilməz, o, halal olandan verin buyurur.
Ruzi yararlanılan hər şeydir. Abdullah ibn Abbas ayədəki infaqı zəkat kimi, İbn Məsud isə ailə üçün xərclənən sərvət kimi oxumuşdur.
Məhəmməd Əsəd ruzi ilə bağlı yazır: “Ruzi insan üçün yararlı olan bütün maddi (qida, mal, övlad kimi), ya da mənəvi (bilgi, ərdəm kimi) şeyləri ifadə edər. “Başqaları üçün xərcləmək” burada (ayədə) Allaha qarşı məsuliyyət daşıdığının şüurunda olmaq (təqva) və namaz ilə birlikdə zikir edilmişdir, çünki gerçək ərdəm ancaq belə tutarlı davranışlar yolu ilə tam səmərəsini verir. Unudulmamalıdır ki, Quranda infaq hansı səbəblə olursa, olsun, daima başqası üçün sınırsızca xərcləməyi, ya da ikram etməyi nəzərdə tutur” (Muhammed Esed, Kuran mesajı, s.4).
Qurani-Kərim və Allah Rəsulu ruzi ilə bağlı bu ölçüləri qoymuşlar:
- ruzi uca Allahdan gələn nemətdir;
- Allah Rəsulu buyurur: “Allahın əli doludur. Gecə-gündüz etdiyi comərd lütflər Onun əlindəkilərini bitirməz.

Göyləri və yeri yaratdığı gündən bəri nələr verdiyini görmürsünüzmü? (Bütün bu verdikləri) Allahın əlindəki heç bir şeyi azaltmamışdır, Onun ərşi suyun üzərindədir. O biri əlində də tərəzi var (ədalətlidir). O, bəzilərinə az verər, bəzilərinə də çox verər” (Buxari, Tövhid, 19);
- Allah Rəsulu buyurur: “Heç kim öz əlinin əməyindən daha xeyirli bir ruzi yeməmişdir...” (Buxari, Büyü, 15);
- ruzi ilə bağlı ümidsizliyə düşməyin (İbn Macə, Zühd, 14);
- uca Allah dünyanı insan üçün yaratmış, yer üzünü məskən yeri, səmanı da sağlam bir qübbə etmişdir (Mömin, 40/64; Nəbə, 78/12);
- insana verilən hər şey nemətdir;
- hər varlığın ruzisi uca Allaha aiddir (Hud, 11/6; Zariyat, 51/58);
- Onun ruzi xəzinəsi tükənməz (Buxari, Tövhid, 19);
- insan üçün ən böyük nemət həqiqəti görməsi, Haqqa yönəlməsi, hidayətə qovuşması, uca Allaha iman etməsi, ilahi rizanı qazanaraq cənnətə girməsidir (Hucurat, 49/7-8; Fəcr, 89/27-30);
- ən xeyirli və əbədi ruzi axirət ruzisidir (Şura, 42/36);
- ruzinizi axtarın (Ənkəbut, 29/17; Cümə, 62/10);
- halal ruzi üçün çalışmaq cihaddır;
- halal və təmiz olanlarını yeyin (Bəqərə, 2/168);
- uca Allah Ona qarşı gəlməkdən çəkinənlərə ruzi qapıları açacaq (Talaq, 65/2-3);
- Allah Rəsulu buyurur: “Əgər siz Allaha həqiqətən güvənib təvəkkül edə bilsə idiniz, quşlara ruzi verildiyi kimi, sizə də mütləq ruzi verilərdi: quşlar səhər qarınları aclıqdan yapışmış olaraq yuvalarından çıxarlar, axşam qarınları doyub şişmiş olaraq evlərinə qayıdarlar” (İbn Macə, Zühd, 14);  
- ruziyə qovuşan şükür etməli, o nemətin haqqını verməlidir;
- “Əgər şükür etsəniz, sizə verdiyim nemətləri mütləq artıraram. Nankorluq etsəniz, bilin ki, əzabım həqiqətən çox şiddətlidir” (İbrahim, 14/7);
- uca Allahın elçilərinin ən önəmli özəlliklərindən biri “şükür edən qul” olmalarıdır;
- hz.İbrahim Rəbbinə belə dua edir: “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək olan da Odur! Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərə (yaxşılar zümrəsinə) qovuşdur!” (Şuəra, 26/78-83);
- hər nemətin (ruzinin) hesabı var;
- Allah Rəsulu ruzi istəməyin yolunu öyrətmişdir: “Allahım! Günahlarımı bağışla, ruzimi artır və mənə verdiyin ruziləri bərəkətli et!” (Tirmizi, Dəavat, 78);
- sıralama belədir: sənə verilən ruzinin fərqində ol, aldığın nəfəsin də ruzi olduğunu bil, ruzini bəxş edənə şükür et, ruzini Onun gerçək sahib olan Allahın razı olacağı işlərə sərf et;
- ruzidən istədiyin qədər deyil, ehtiyacın qədər istifadə et;
Ayədə olan anlayışlardan biri də infaqdır. “İnfaq” Qurani-Kərimə aid önəmli anlayışlardan biridir, “n-f-q” kökündəndir, ilahi mətndə eyni kökdən olan sözlərin sayı yüz on birdir, bu mənaları var:
a) “infaq etmək”, “vermək” – “Onlar (möminlər) qeybə inanırlar, namaz qılırlar, onlara verdiyimiz mallardan (Allah yolunda) xərcləyirlər” (Bəqərə, 2/3);
b) “münafiqlik etmək” – “Münafiqlik edənləri ortaya çıxarması üçün idi” (Ali-İmran, 3/167);
c) “tunel” – “Əgər onların üz çevirməsi sənə ağır gəldi isə, bacarırsansa, yerin içinə enə biləcəyin bir tunel, ya da göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən” (Ənam, 6/35);
“Nəfəqə” kökü “əldən çıxdı”, “bitdi”, “tükəndi”, “xərcləndi” anlamlarına gəlir. İnfaqın termin mənası budur: yarar / xeyir / fayda verən bir şeyi ona möhtac olan biri ilə qarşılıqsız paylaşmaq, ya da malı uca Allah yolunda sərf etmək. İnfaq sadəcə mal ilə sınırlı deyil, onun mənəvi yönü də var.
“Nifaq” sözü də “infaq” sözü ilə eyni kökdəndir, “şəriətdə bir qapıdan girib başqa qapıdan çıxmaqdır” (Rağib əl-İsfahani, Müfredat, s. 1079);  
“İnfaq”, “tunel”, “münafiq”, “nifaq” arasında ortaq nöqtə var: hamısı ikiyönlüdür:
- infaq – bu dünyada verirsən, axirətdə azuqən olur, ya da qarşı (ikinci) tərəf olmasa, infaq olmaz, infaq ikidünyalı olmağı təmsil edir;
- tunel – iki yönü var, bir tərəfdən girir, o biri tərəfdən çıxırsan;
- münafiq – ikiüzlüdür, qəlbində inanmır, dilində inandığını söyləyir; 

nifaq – şəriətin bir qapısından girib, o biri qapısından çıxmaqdır, nifaq iki ucunda iki dəlik olan yeraltı keçiddir;
Qurani-Kərimdə ancaq üç şey Allah yolunda (fi səbilillah) qeydi ilə tanıdılmışdır: cihad, hicrət, infaq. İnfaq maddi cihaddır.
İnfaqın fərz olanı zəkatdır (“zəkat” sözünün anlamı “artma”, “çoxaltma”, “tərtəmiz olma”dır, zəkat arınmaq və artmaq üçün verilməsi zəruri olanı verməkdir).
İnfaqın nafilə olanı sədəqədir (sədəqə “doğruluq”, “dürüstlük”, “sədaqət” deməkdir, uca Allaha sadiq olan verər).
İnfaqın Ramazan ayında veriləni fitrdir (fitr – insan olmaq fitrəti ilə yaradılmışlığın şükrüdür).
Qurani-Kərim sərvətə “xeyir” deyir. İnfaq maldan olanda xeyir adını alır. İslam yoxsulluğu təbliğ etmir, sərvət xeyir və əmanətdir buyurur. Haris əl-Mühasibi deyir ki, fakr (yoxsulluq) sənin heç bir şeyə sahib olmamağın deyil, dünyalara sahib olsan da, heç bir şeyin sənə sahib olmasına izin verməməyindir.
Mömini kafirdən iman, münafiqdən infaq ayırır.
İnsanın xeyir iş üçün ayırdığı vaxt da, sağlamlıq da infaqdır. İnfaq bütün xeyir işləri əhatə edir.
Uca Allah ayədə malınızın artıq qalanından verin demir, ruzi olaraq sizə verdiyimizdən xərcləyin buyurur.
İman qul ilə uca Allah arasında, namaz insanın özü ilə, infaq da qul ilə toplum arasındakı əlaqədir.
İbn Kəsir deyir ki, ayədəki “infaq edərlər” ifadəsi “zəkatlarını verərlər” kimi oxunmalıdır. Başqa bir görüşə görə isə, infaq İslam uğrunda hər növ fədakarlığı ifadə edir.
İnfaq uca Allah yolunda verməkdir. Qurani-Kərimdə “infaq” sözünün olduğu ilk ayə Yasin surəsindədir (Yasin, 36/47).  
İnfaq nifaq xəstəliyinin dərmanıdır. İnfaq insanı qoruyur: “Mallarınız və övladlarınız bir imtahan vasitəsidir. Allaha gəlincə O, yanında möhtəşəm bir mükafat olandır. O halda, nə qədər gücünüz çatırsa, Allaha qarşı o qədər məsuliyyətli olun, həm (Onu) dinləyin, həm də (Ona) itaət edin! Və öz xeyrinizə olmaq üzərə infaq edin. Kim şəxsiyyətinin (zəif yeri olan) acgözlükdən (infaq ilə) qorunarsa, əbədi qurtuluşa nail olanlar məhz onlardır. Əgər Allaha gözəl bir borc versəniz, (Allah) onu qat-qat artıraraq sizə qaytaracaq və sizi bağışlayacaqdır, Allah bütün şükürləri haqq edən tək güc sahibidir, (şükürsüzlüyü) cəzalandırmaqda tələsməyəndir” (Təğabun, 64/15-17).
İnfaq toplumun təminatıdır, mərhəmət duyğusunun ifadə biçimidir, möminlərin ən önəmli özəlliklərindən biridir, fərz ibadətdir, zamanı, miqdarı, veriləcək yeri məhdudlaşdırılmamışdır.
İnfaq etmək, paylaşmaq, şəfqətli olmaq mədəni toplumların özəlliyidir. İnfaq etmək qardaşlığı, sosial ədalət duyğusunu, sevgini, barışı, məsuliyyət şüurunu, hüzuru, rifah səviyyəsini, həmrəyliyi artırar, insanları bir-birinə bağlayar, xəsisliyi, eqoizmi, sərvət hərisliyini, laqeydliyi, mala köləliyi, dünyəviləşmə xəstəliyini, nifrəti, qısqanclığı yox edər.
Allah Rəsulu buyurur ki, qəlbinin yumşalmasını istəyirsənsə, acı doyur, yetimlərin başını sığalla.
Allah Rəsulu buyurur ki, uca Allah quluna belə səslənir: “Ey insan infaq et ki, mən də sənə infaq edim” (Müslim, Zəkat, 36). Allah Rəsulu buyurur ki, kim bir acı Allah üçün doyurarsa, Allah ona cənnət meyvələrindən yedirər.
İnfaq cəhənnəm əzabına qarşı qalxandır. Allah Rəsulu buyurur ki, bir xurma vermək olsa belə, özünüzü cəhənnəm atəşindən qoruyun.
Uca Allah günahkarların axirətdəki halını belə təsvir edir: “Günahkarlardan soruşarlar: “Sizi bu can yandıran əzaba nə sürüklədi? Onlar da deyərlər ki, biz namaz qılanlardan deyildik, yoxsulu da doyurmazdıq...” (Müddəssir, 74/42-4);
İnfaq arınma məqsədi ilə vermədir, bu təyinat elçilərə əmr edilən iki ölçüdən biridir (Ənbiya, 21/73), hz. İsmailin ailəsinə əmr etdiyi o iki işdən biri infaqdır (Məryəm, 19/55), hz. 

İsanın yerinə yetirməyə borclu olduğu iki işdən biridir (Məryəm, 19/31), dindarlara əmr edilən üç işdən biridir (Beyyinə, 98/5), ilahi müjdəyə ünvan olan möminlərin üç özəlliyindən biridir (Nəml, 27/2-3), uca Allaha bağlı idarəçilərin üç özəlliyindən biridir (Nur, 24/41, 56), müşriklərin gerçəkdən imana gəldiyini göstərən üç şərtdən biridir (Tövbə, 9/5,11), müsəlmanların yerinə yetirməyə borclu olduğu dörd işdən biridir (Həcc, 22/78), möminlərin beş təməl özəlliyindən biridir (Tövbə, 9/71), qurtulan möminlərin altı əsas özəlliyindən biridir (Möminun, 23/1-11), yaxşıların (birr sahiblərinin) altı özəlliyindən biridir (Bəqərə, 2/177).
Ardı var...
Paralel.az

0.011190176010132