Münəvvər və Baləli 

Münəvvər və Baləli 
 

Avstriya Gündəliyi – 5

Uşaq vaxtı zəngli saatla deyil, tramvay səsilə oyanırdım. Cingiltisi sabahın səssizliyini yarırdı. Dəmir təkərləri relslərin calağından qıcırtılı səs çıxaranda gözlərim açılırdı. Saata baxmağa ehtiyac qalmırdı, tramvay ilk fitini saat düz altıda çalırdı. Bu isə hələ bir saat da yerimdə şellənə bilərəm deməkdi. Yeddi tamamda artıq yataqdan qalxır və anam məni məktəbə hazırlayırdı. O uzaq illərdən hafizəmdə qalan ən bariz səs elə 1 nömrəli tramvayın çıxardığı əsrarəngiz səslərdir…

Oteldə gözlərimi tramvay səsilə açıram. Günəşli bir Vyana sabahıdır. Şəhərdə son günümüzdür. Çox erkən olduğundan yerimdə qurcalanıram. Vyanaya gəldiyim gün tramvayları necə acgözlüklə seyr etdiyimi düşünürəm. Qalxıb heybətli pəncərələri taybatay açır, təmiz havanı sinədolusu ciyərimə çəkirəm. Tramvayların Vyanada havanın təmiz olmasında mühüm payı var. İki milyon yarım əhalisi olan Avstriya paytaxtının tramvay parkı çox böyükdür, bütün sərnişindaşıma avtobusların üzərinə düşsəydi, Vyana dünyanın ən təmiz şəhərlərindən biri olmazdı.

Tramvay xətlərinin uzunluğu 200 km-dən çoxdur. Şəhərdə 29 (!) tramvay marşrutu var, onların ümumi uzunluğu 450 km-dir. Vyanada nə az, nə də çox, düz 1067 (!!!) dayanacaq var. Bələdiyyənin “Wiener Linien” adlı şirkəti şəhərin metro, avtobus və tramvay daşımaçılığını idarə edən tək operatordur. 1865-ci ildə rels üzərində atlı tramvayla başlayan Vyana tramvayları elektrik şəbəkəsinə 1897-ci ildə qoşulub. Bu gün tramvaylar metrodan daha çox — ildə 310 milyona (!) yaxın sərnişin daşıyır.

Otelin yerləşdiyi Alser Strasse Pervomayskaya küçəsinə (indiki Dilarə Əliyeva) bənzəyir. Çox da geniş olmayan küçənin ortasından tramvay xətti keçir. Sağdakı və soldakı kərpiç rəngdəki binaların ən az yüz yaşı var. Sanki Azİİ-nin (Neft-Kimya institutu ilə Neft Akademiyasının könhə adı) 3-cü mərtəbəsindəki “Tətbiqi riyaziyyat” kafedrasından aşağı baxıram. 2 nömrəli tramvay sürətlə gəlib otelin qarşısında dayanır. İkili vaqonlar ləngər vurmur, dayanacaqda mürgüyə qalıb ləngimirlər. Yanaşdığı ilə yerdən götürülməsi bir olur. Başımı pəncərədən bayıra çıxarıb 2 nömrənin arxasınca boylanıram. Dönüb geri baxanda başqa bir tramvayın sürətlə yaxınlaşdığını görürəm. İndi bu saat, bu dəqiqə Vyanada məndən başqa kimsə tramvay haqda düşünmür güman ki. Bir mənəm otelin pəncərəsinin önündə donub qalmışam…

* * *

Mahirlə Bakı kafelərindən birində söhbət edirik. Dəhşətli isti var, hava yapış-yapış oktapod kimi adamın bədəninə yapışır. “Qabilin Mərkəzi Komitəyə çağrılması haqda nə bilirsən?” – keçmiş iş yoldaşıma sual edirəm. Ciddi görkəm alır, “Bu hardan gəldi ağlına” deyə təəccüblənir. Mahir xalq şairi Qabilin oğludur. Xeyli müddət idi atasının 7 cildlik «Əsərlər» külliyyatı üzərində çalışırdı. Külliyyatın həm tərtibçisi və redaktoru, həm də naşiridir. Çox zəhmət çəkib, Qabilin adına layiq bir iş görüb. Sualımı təkrarlayıram, Qabilin 1962-ci ildə yazdığı şeir üçün Azərbaycan KP MK-ya çağrılmasını anlamaq istəyirəm. Mahir Qabiloğlu mənim Vyana haqda məqalə yazdığımı hələ bilmir, ona görə də atasının ən məşhur şerlərindən birinə olan bu marağımı anlamağa çalışır…

* * *

Tramvayla insanları ilk dəfə 1832-ci ildə ABŞ-da Nyu-York ilə Harlem arasında daşıyıblar. Daha sonra nəqliyyatın bu növü Paris və Londonda da istifadəyə verilir. 1889-cu ildə Bakıda “konka” (rels üzərində atlı tramvay) çalışmağa başlayır. Lakin “konka” neft paytaxtının tələbatını tam ödəmir. Və 1903-də elektrik tramvay xətlərinin salınması barədə Bakı Şəhər Dumasına təklif gəlir. Ancaq reallaşması 20 il yubanır. Layihə ancaq Sovet işğalından sonra həyata keçir.

Bakıda ilk elektrik-tramvay yolu 1924-cü il fevralın 8-də istifadəyə verilib. Bu xətt Azneftlə Dəmir Yolu Vağzalını birləşdirirdi. 1920-də “konka” ilə 9,9 milyon sərnişin daşınmışdı. Tramvaylar isə 1925-26-cı ildə artıq 50 milyon şəhər sakininə xidmət etmişdilər.

1966-cı ildə ildə Bakıdakı tramvay yollarının uzunluğu nə az, nə də çox, düz 70 km-ə çatmışdı. Marşrutların uzunluğunun isə 100 km-i keçdiyi deyilir. 2000-ci ildən başlayaraq tramvay Bakı küçələrindən yığışdırılmağa başlandı. 80 yaşına çatmamış tramvaylar küçələrdən götürüldü, 2003-cü il 19 noyabr tarixində sonuncu tramvay parka qayıtdı. Qabil ölməz “Tramvay parka gedir” poemasını bu acı gündən düz 41 il əvvəl – 1962-ci ildə yazmışdı. Xalq şairinın kəhanəti təəssüf ki, doğru çıxdı…

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə.

Bu ləngər bilinməzdi –

Vaqon dolu olsaydı, sərnişinlərlə.

Uzundur parkın yolu,

Küçələr sükut dolu.

Rels üzərində hərəkət edən hər şey kommunistlər tərəfindən inkişafın, tərəqqinin simvolu sayılırdı. Tramvay, metro və qatarın yeri sovet ədəbiyyatı ilə sovet kinosunda ayrı idi, polad relslər kommunistlər üçün bir büt, vaqonları hərəkətə keçirənlər qəhrəman idilər. Qabilin əsərində iyirmi yaşlı konduktor Münəvvər ilə  sevgilisi, tramvay sürücüsü Baləli yeni gələcək axtarışındadırlar. Ancaq tramvay gələcəyə yox, elə hey “parka gedir”. Gecədir, qaranlıqdır, tramvay əcaib səslər çıxara-çıxara (Elə bil bir nəhəngin dişlərini tökürlər) parka – çıxmaza gedir. Rəsmi ideologiyaya görə ölkə iri addımlarla xoş gələcəyə — kommunizmə gedirdi. Qabilin tramvayı isə ətalətə, dərin yuxuya, bilinməzə doğru hərəkət edir:

Tramvay bir dövrənin ətrafında dolanır.

Çıxa bilməz kənara, gedə bilməz uzağa.

Zənnimcə, Qabilin tramvayı elə Sovet İttifaqının obrazıdır — uzağa gedə bilməyən, sürəkli öz ətrafında dolanan dəmir parçası. Böyrünə şüar belə yazılmış vaqon şəhərə, ölkəyə heç nə vəd etmir – nə sabah var, nə də indi. Gecə (oxu: ölkə) də zülmət içindədir. Sevgililərin evləri yoxdur, bu səbəbdən də qovuşa bilmirlər:

Gör bizim tramvaya nə yazılıb, Münəvvər,

“Komsomola hədiyyə!” əntiqədir bu sözlər.

Hər vaqonun böyrünə yazılmayır belə şey.

“Komsomola hədiyyə!” böyük şan-şöhrətdir ey!

Münəvvər Baləlinin bu işdən çıxmasını tələb edir, ailə qurmaq arzusundadır, gələcəyi düşünür. Baləli isə əvvəl-axır konduktor vəzifəsinin, sonralar isə tramvayların ləğv olunacağını deyir. Sevgilisinin bir az səbr etməsini istəyir, “Yol geniş, həyat geniş” deyə ümidini dilə gətirir:

İxtisara düşəcək onsuz da vəzifəniz

Bütün konduktorları yığıb söyləyəcəklər:

“Başqa işə keçin siz!”

Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq, – deyəcəklər.

– Relslərin hamısını çıxardıq, – deyəcəklər

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

Qabil futurist kimi nəinki relslərin hamısının çıxarılacağını (oxu: satılacağını), tramvayların tarix olacağını (oxu: bütlərin yıxılacağını) təxmin edir, sistemin çökəcəyini və Sovetlər İttifaqının süqutunu əvvəlcədən xəbər verir.

«Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin “Tramvay parka gedir” şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata. Bəzimiz biletli, bəzimiz biletsiz» — Bu sözləri xalq şairi Vaqif Səmədoğlu deyib. Düşünürəm ki, mənim mənsub olduğum nəsil üçün isə Qabilin tramvayı və onun aqibəti yalan, şər imperiyasının sonu, onun labüd və qaçılmaz qürubunun simvoludur…

 Relslərin calağında çıqqıldayır təkərlər.

Elə bil bir nəhəngin dişlərini tökürlər.

Gecə saat bir,

Tramvay parka gedir.

Məftillərdən od qopur şimşək çaxan sayağı.

Məftillər fışıldayır qızıl ilan sayağı.

Uzunsov lampoçkalar yanır-sönür arabir,

Konduktor mürgü döyür…

* * *

Türk Hava Yollarının “Vyana-İstanbul” səfərilə geri dönürük. Oteldən taksi sifariş vermək istəyirəm. Resepsiyonda çalışan bir gənc “taksi ilə niyə, axı tramvayla daha tez və rahat çatarsız” deyir. Tramvaya minir, bizi aeroporta çatdıracaq metro stansiyasına doğru yola çıxırıq. Küçələr Qabilin poemasındakı kimi sükut içində deyil, şəhər qaynayır, onun məğrur və adam kimi yaşayan sakinləri özlərini həyatın günlük ritminə təslim ediblər. Heç kim tramvay parkına getmir, hər kəsin gedəcəyi yerlər, ünvanlar var, insanlar yaşamaqdan həzz alırlar. Təlaş, əsəb yoxdur, nə relslərin calağındakı təkərlər çıqqıldayır, nə də kiminsə dişləri tökülür.

Cibimdəki bloknotumu yoxlayıram. Dörd günlük qeydlərim itər deyə qorxuram. Səhifələrdən birinə “Tramvay Muzeyi” yazıb, qabağına da üç nida işarəsi qoymuşam. Altına isə “Qlobus muzeyi” və “Patoloqoanatomiya muzeyi” qeyd etmişəm. Dünyadakı tək qlobus muzeyi Vyanadadır. Məşhur Dəlilər Qalasında (alm. Narrenturm) fəaliyyət göstərən patoloji anatomiya muzeyi də burdadır. Vyanaya gəlib oralara baş çəkməmək günah sayılır. Onları da görmək istərdim. Ancaq məni ən çox üzən dünyanın ən böyük tramvay muzeyinə (alm. Straßenbahnmuseum) vaxtımızın qalmaması oldu. Tramvay muzeyləri Drezden, Portu, Helsinki, hətta Sankt-Peterburqda belə var. Ancaq oxuduğuma görə Vyanadakı başqa aləmdir. Nə qəribə şəhərdir — tramvayı da var, onun muzeyi də. “Bir sonrakı gəlişimdə ilk gedəcəyim yer Vyana Tramvay muzeyi olsun” deyirəm…

Göyün üzü parçalı buludludur. Günəş arada boz buludların arxasından çıxıb, qırılmış şüalarını tramvayın içinə saçır. O şüalar da bizim önümüzdə oturan 5-6 yaşlı sarışın bir qızın üzünü oxşayıb qıdıqlayır, gözünü qamaşdırır. Başının üstündəki nəfəslikdən içəri vuran ilıq külək balacanın boynundakı qırmızı rəngli ipək yaylığı yelləyir. Tramvayın sürəti artıqca artan hava cərəyanı yaylığı az qalsın uçuracaq. Anası əli ilə tez-tez yaylığı dizginləməyə çalışır. Birdən balaca “prensesin” boynundakı quzu qanı rəngindəki yaylığı pioner qalstukuna bənzədirəm. Sanki ləngər vuran, takka-turuklu, sınıq-salxaq tramvayın içinə düşmüşəm birdən. Canımdan soyuq bir gizilti keçir.

Sürücünün anidən əyləcə basması ilə vaqondakılar silkinir, gözümə görünən qarabasma qeybə çəkilir. Qırmızı yaylıqlı balaca anasının əlindən tutub tramvaydan enir. Göyün üzü artıq açılıb. Növbəti stansiyada enirik. Vyana aeroportuna gedən metroda uşaqlığımızın ən gözəl xatirələrini əlimizdən alan Hacıbala müəllimin sözləri düşür yadıma:“Bakıdan tramvayların yığışdırılması dövrün tələbidir”.

 Günorta saat bir idi.

0.024976015090942