Ana qızını ayının qəfəsinə atdı

Ana qızını ayının qəfəsinə atdı
 

Bu yaxınlarda inanılmaz bir hadisə baş verdi. Paralel.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddəki zooparkda ana üç yaşlı qızını qonur ayının qarşısına atıb.

Özbəkistanın paytaxtı Daşkənddə dəhşətli hadisə baş verib. Yanvarın 28-də gənc ana zooparkda olarkən 3 yaşlı körpəsini boz ayı gəzən əraziyə atıb. Təhlükəsizlik kameralarında əks olunan görüntülərdə qadının qızını havaya qaldıraraq barmaqlıqların üzərində, 5 metr məsafədən ayının olduğu əraziyə buraxdığı görünüb.

Hadisəni görənlər şoka düşüb. Uşaq yerə yıxıldıqdan sonra qıza yaxınlaşan qonur ayı təsadüfən hürküb. Səlahiyyətlilər, ayının uşağı iyləyəndən sonra uzaqlaşdığını bildiriblər.

Hadisədən sonra zooparkın əməkdaşları ayını çıxararaq uşağı xilas ediblər.

Qonur ayıdan zərər görmədiyi kiçik qız hündürlükdən yıxılaraq başı aşağı yerə çırpıldığından kəllə-beyin travması alıb və xəstəxanada müalicə alır. Beyin silkələnməsi diaqnozu qoyulan uşağın başında açıq yara aşkarlanıb. Uşağın son səhhətinin yaxşı olduğu və nəzarətdə saxlandığı bildirilib.

Zooparkın rəsmisi hadisəni bu sözlərlə izah edib: "Gənc qadın bütün ziyarətçilərin gözü önündə kiçik qızı qonur ayının qəfəsinə atıb. Ziyarətçilər və zooparkın işçiləri ona mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər".

Gənc ana psixoloji müalicə alır. Prokurorluq ona qarşı kiçik qızı öldürməyə cəhddə şübhəli bilərək tədbir görüb. Araşdırmadan sonra ananın günahı sübuta yetirilərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.

Ailə Nazirliyinin bazar günü verdiyi açıqlamada həmin qadının ailəsində problemləri olduğunu və ona dəstək verildiyini deyib.  Qızın atasının Rusiyada işləməsi və ailəsindən uzaq olması barədə şayiələr yayılıb.
Akif Nəsirli

0.013678073883057