Azərbaycan efirinin "Qəhrəmanları"
("Qısa qeydlər" silsiləsindən)
Deyirəm bizim Azərbaycan efirinin, TV-lərinin 2 sevgilisi, 2 qəhrəmanı var. Birincilər toy mügənniləridir, ikincilər də TV aparıcıları. Birincilər TV-lərə pul və reytinq gətirir, ikincilər də bunları təşkil edir. Əslində, bunlar eyni adamdılar, sifətləri də, intelektləri də eynidir - gah mügənnilər aparıcılıq, gah da aparıcılar müğənnilik edir. Mən bunların səviyyəsindən danışmaq istəmirəm, bilənlər bilir. Amma reytinqləri yuxarıdır, baxanlar baxır...
Azərbaycan efirinin qəhrəmanları da özlərini yaxşı aparmır, istədiyi kimi danışır, istədiyi kimi "şpaqat" açır. Tamaşaçılar onların qeyri-adekvat, bəzən qanacaqsız hərəkətlərini sevinclə qarşılayır, hər şeyi onlara bağışlayır, bəzən hətta alqışlayır. "Qəhrəmanlar" da gündən-günə harınlaşır, biri göz yaşlarından, yalandan, o biri də bayağı mahnılardan, xaric oxumaqdan pul qazanır. TV rəhbərliyi də bunlara və onlara "barmaqarası" baxır, "Təki sən süd verən inək ol, vur badyanı dağıt" deyirlər...
Bəzən süd də dağılır, hətta qalmaqal da yaranıbr. ARB TV-nin efirində məlum aparıcı Zaur Kamalla məşhur müğənni Afşin Azəri arasında qalmaqal yəqin çoxlarının yadındadır. Ancaq burda məsələ artıq aparıcı-müğənni miqyasından çıxmışdı, çox şişmişdi Əvvəla, Zaur Kamal həmişə etik qaydaları aşan, efirdə özünü küçədəki kimi aparan birisidir. Sonra, Afşin Azəri adi müğənni deyil, tanınmış adam, qonaq, bizim Cənubdan olan qardaşımızdır. Odur ki, aparıcı Zaurun Afşin Azəri efirə çağırması, sonra nümayişkaranə qovması cəmiyyətdə hiddətlə qarşılanmışdı...
Axı, adam qonağı evindən qovarmı, qanacaqsızlıqdan pul qazanmağa çalışarmı?! Təbii ki, son söz yenə tamaşaçılarındır. Belə aparıcıları sadəcə olaraq, baykot etmək lazımdır. Onda ARB rəhbərliyi də onları efirdən qovacaq. İndiki zamanda süd verməyən inək kimə lazımdır?!
Yeri gəlmişkən, səhnə arxasında olan intim söhbətləri açıq efirə gətirmək, ictimailəşdirmək TV aparıcılarının peşəkar "priyomlar"ından biridir. Bununla, doğrudur qonağı biabır edirlər, amma verilişə qalmaqal, yəni reytinq gətirirlər.
Və son olaraq... Diqqətli oxucunun yadında olar, bu günlərdə aparıcı Zaur Kamal yenə TV efirində mügənni Rüfət Axundovdan oğlu Bartuya (!) BMW X-5 almağını xahiş (oxu: tələb) edib. Təsəvvür edin ki, maşının babatının qiyməti 50 mindən yuxarıdır. Müğənni də abrına qısılıb, yəqin tamaşaçılardan utanıb razılıq verib. Bəli, utanmasan oynamağa nə var ki...
Qalib ARİF
Paralel.az