Gələn ay Xocalı soyqırımının 30 ili tamam olur

Gələn ay Xocalı soyqırımının 30 ili tamam olur
 


Gələn ay Azərbaycanın ən yeni tarixində xalqımıza qarşı törədilmiş ən qəddar cinayətin - Xocalı soyqırımının 30 ili tamam olur. Bəs Xocalı soyqırımı azərbaycanlılara və ölkəmizə gələn əcnəbilərə necə təqdim olunur? Hər bir xalqın tarixinin faciəvi anları adətən xüsusi yaradılmış muzeylərdə təqdim olunur.

Məsələn, yəhudilərə qarşı törədilmiş cinayətlər təfsilatı ilə dünyanın müxtəlif ölkələrində yaradılmış Holokost muzeylərində təqdim olunur. Onların bir neçəsində özüm olmuşam. Bəs bizdə bu iş nə yerdədir? Azərbaycanda Xocalı soyqırımı muzeyi varmı?

44-günlük müharibə başa çatandan təxminən bir ay sonra ölkənin rəsmi informasiya vasitələrində belə bir xəbər yer aldı ki, "Xocalı soyqırımı" muzeyi yaradılacaq. Özü də rus-erməni işğalçılarının nəzarətində qalmaqda davam edən Xocalıda.

Xəbərdə deyilirdi ki, bu, AMEA tərəfindən yaradılan "Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi-tədqiqat işlərilə bağlı tədbirlər planında" öz əksini tapıb. Yəni, Ramiz Mehdiyev onun ağalarının artıq o zaman hərbi baza qurmağa başladığı Xocalıda soyqırım muzeyi yaradacağı haqda xalqa nağıl sırıyırdı.

O zaman (2020-ci ilin dekabrında) bu xəbər sadə azərbaycanlılarda müəyyən ümidlər də yaratmışdı, çünki o, dövrün ab-havası belə idi. Çeşidli dələduzlar, yaltaqlar, yaramazlar xalqın eyforiyasından istifadə edərək onun başının altına yastıq qoyurdular. Biri yazırdı ki, Xankəndidə Azərbaycan bayrağı asılacaq, pulu işləyək və ayrı nəsə.

Başqa bir siyasi möhtəkir and-aman edirdi ki, yaxın aylarda ermənilər özlər çıxıb gedəcəklər, üçüncüsü başqa daha absurd bir iddia ortaya qoyurdu. Yüksək peşəkar siyasi dələduz olan Ramiz Ənvəroviç isə həmin yalana yuxarıda göstərdiyim kimi "elmi" çalar verərək onu xalqa həzm etdirirdi.

Digər tərəfdən də bəlkə Ramiz Mehdiyev Xocalı muzeyini elə bu gün də erməni-rus işğalçılarının (qohum-əqrabalarının) əlində qalmaqda olan Xocalıda açılmasını nəzərdə tuturmuş? Təəccüblənməyin, amma hətta təəccüblənsəniz də nədən belə yazdığımı indi biləcəksiniz.

Məsələ burasındadır ki, Azərbaycanda Xocalı soyqırımı muzeyi artıq mövcuddur və o, keçmiş baş prokuror Zakir Qaralovun 19 iyul 2013-cü il tarixli əmrilə... Hərbi Prokurorluğun binasında yaradılıb.
İşgəncələrin, qətllərin, şərin, böhtanın, xəyanətin, korrupsiyanın və digər ən murdar əməllərin törədildiyi həmin Hərbi Prokurorluğun binasında.

Beləcə düşmən bizi təkcə alçaltmaqla, işgəncə verməklə, şərləyib tutmaqla, talamaqla, fiziki məhv etməklə kifayətlənməyərək üstəlik bizim qan yaddaşımızı da təhqir etməkdə, tariximizi ləkələməkdə davam edir.

Hərbi Prokurorluğun bunası bu qurum ləğv olunandan və onun sıralarındakı bütün cinayətkarlar mühakimə olunandan sonra yalnız "İşgəncə qurbanlarının xatirə muzeyi" yaradılması üçün yarayır.

 İnanıram ki, belə də olacaq və buna çalışacağam. Özü də Holokost muzeylərində olduğu kimi - faşist cinayətkarlarının bütün əməlləri əks olunmaqla. Çünki Azərbaycan xalqına qarşı törədilənlərin də əsl adı elə faşizmdır.
Ərəstun Oruclu
Paralel.az

0.019934177398682