Ana

Ana
 
 
(“Qısa qeydlər” silsiləsindən)
Analar, qadınlar haqqında çox yazılıb, çox deyilib, hələ çox yazılacaq... Əslində dünyanın tarixi gözəl anaların və onların qəhrəman oğullarının tarixidir. Həzrəti Peyğəmbər buyurur ki,cənnət anaların ayağı altındadır. Böyük söz ustaları da ananı müqəddəs hesab edir. Cəfər Cabbarlı deyir ki, hüzurunda baş əyməli ən böyük insan, ən böyük varlıq anadır. Rəsul Həmzətov söyləyir ki, kişi iki halda diz çökə, baş əyə bilər: Allaha dua edəndə və ata-anasının görüşünə gələndə...
Uşaqlığımızın ən çətin, artıq keçmişdə qalmış, yaddaşımızda iz salmış sualı “atanı çox istəyirsən, ya ananı?” sualıdır. İndiyə qədər cavab tapa bilmirik... Ata ailə adlı dövlətin düşünən beynidirsə, ana döyünən ürəyi, sevən qəlbidir. Ata evin dirəyi, halal çörəyidirsə, ana yanan ocağı, doğma qucağıdır. Odur ki, ən müqəddəs and yerimiz ata çörəyi, ana südüdür. Amma atanın özündən xəbər alsaq, “atanı çox istəyirsən, ya ananı?” sorsaq, yəqin alicənablıq edər, birinciliyi anaya verərdi. Sonra isə deyərdi ki (mənim rəhmətlik atam kimi), ana bizim yolumuzda – yuxusuz gecələrdə, həzin nəğmələrdə, övlad məhəbbətində yanır, yanır, kül olur... Külü də müqəddəsdir, bərəkətdir...
Artıq xeyli həyat sürmüşəm, çox yerlər gəzmişəm, çox şeylər görmüşəm. Əsrin yarısını keçən yaşıma, artıq aranlarına qar yağan başıma baxanda, özümdən asılı olmayaraq, qüssələnirəm. Şair təkin “bir ömürdür, yaşadıq” deyirəm. Axşam evə gələndə, ağbirçək anamı görəndə, inanın, bütün dərdlərimi unuduram. “Oğul niyə gec gəldin, iş sənə, ya sən işə güc gəldin?!” deyir, ağ əllərini ağ saçlarıma çəkir. Bir anlıq ikimiz də fikrə gedirik... Mən “anam vaxtsız qocaldı, bizim yolumuzda şam kimi yandı” düşünürəm. Anam bərkdən düşünür, “balam vaxtsız qocaldı, uaşağın başı ağardı” deyir. Bəli mən anamım gözündə hələ uşağam, amma altıncı onilliyi yola salmaq iddiasındayam. İşdən yorğun gələndə qabağıma ilk çay gətirən də, kresloda oturan yerdə yuxuya gedəndə, üstümə ilk ədyal çəkən də anam olur. Baxmayaraq ki, evdə anamın adını daşıyan, yaddaşımı yaşında yaşadan nəvəsi və nəvələri var. Bu zaman səksənib yuxudan ayılıram, ürəyimdə o bir olan Allaha yalvarıram. “Allah məni atasız qoydun, anasız qoyma” deyirəm...
Qalib ARİF
Paralel.az
0.012391090393066