Təhsil əmr və sərancamla inkişaf etdirilmir

Təhsil əmr və sərancamla inkişaf etdirilmir
 

Sinqapuru 3-cü dünya ölkəsindən 1-cilər sırasına çıxaran Li Kuanın xatirələrində maraqlı bir detal var.

O yazır ki, 80-ci illərin başlanğıcında universitet məzunlarının tam yarısı qadınlar idi, amma onların üçdə ikisi ailə qurmadan tək yaşamağa üstünlük verirdilər. Burda əsas səbəblərdən biri də təhsilli oğlanların cəmi 30%-nin yüksək təhsilli xanımlara üstünlük verməsi idi. O zamanın asiyalı təfəkkürü daha çox aşağı təhsilli qadınlarla ailə qurmağa motivasiya edirdi.

Li Kuan vəziyyəti dəyişmək üçün gördüyü çox işləri sadalayır xatirələrində. Məsələn, müxtəlif mövzular ətrafında təhsilli gənc oğlan və qızıları bir araya gətirən davamlı simpoziumlar, konfranslar təşkil edilməyə başlanıb. Bunun üçün hətta ayrıca bir qurum təsis edilib. Kuan özünün sonradan böyük qalmaqala səbəb olan seçki çıxışını edib - bu çıxışda o təhsilli oğlanları təhsilsiz qızlarala ailə qurmamağa çağırış edib. Bu çağırış hətta beynəlxalq mediada ciddi polemikalar yaradıb.

Sinqapur lideri deyir ki, o opponentlərimdən fərqli olaraq faktlarla danışıb. Məsələn, təhsildə ən yüksək uğur qazanan 10% məzunun valideynlərin təhsil səviyyəsi barədə statistika yayıb. Məlum olub ki, onların ən azı 1 valideynin universitet təhsili var. 

1983-cü ildən başlayaraq isə bu statistika hər il çap ediılməyə başlanıb. 1997-ci ildə aparılan statistika göstərib ki, artıq 63% gənc oğlan təhsilli qızlarla nikaha üstünlük verir (15 il əvvəlki 30%-lə müqayisədə 2 dəfə yüksək).

Azərbayanda da belə bir statitik analizin aparılmasına və ictimailəşdirməyə ehtiyac var, təbii ki, daha geniş statistik göstəricilər üzərindən. 

Amma bunun üçün ölkədə gərək etibarlı statistik baza olsun. Məsələn, hamının etibar etdiyi GİNİ əmsalı hesablansın. Bu göstərici  əsasında:

1) Müəyyən müddətdən bir (məsələn, 3 ildə bir dəfə) məktəbələrə qəbul olanların hansı hissəsinin ən yoxsul 20%, hansı hissəsinin ən zəngin 20% əhali təbəqəsinə aid olduğu açıqlana bilər

2) Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən 20% şagirdin hansı hissəsinin ən yoxsul 20%, hansı hissəsinin ən zəngin 20% əhali təbəqəsinə aid olduğu açıqlana bilər 

3)  Buraxılış imtahalarında və universitetlərə qəbulda ən yüksək nəticə göstərən 10% gəncin valideynlərinin təhsil səviyyəsinə görə bölgüsü açıqlana bilər.

Bu cür tədqiqatlar olmadan nə iqtisadi sahədə, nə də təhsil sahəsində effektiv və nəticəyönlü strategiyalar ortaya çıxarmaq mümkün deyil.

Bir də bu yanaşma göstərir ki, təhsili əmrlərlə, sərəncamlara inkişaf etdirmək mümkün deyil. Təhsil ölkənin sosial-iqtisadi inkişafının güzgüsüdür. Təhsili dəyişmək üçün gərək sosial-iqtisadi şərtləri (və mühiti) də dəyişməyə çalışasan.

Rövşən Ağayev

Paralel.az

0.07425594329834