Təhsil müəssisələrində maarifləndirmə məqsədi ilə "Tədbirlər Planı" imzalanıb
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsinə dair tapşırıq və göstərişlərinə əsasən, təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədi ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb.
Komissiyadan verilən məlumata görə, Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada ümumitəhsil məktəblərində nümayişi planlaşdırılıb. Bakının 12 rayonunda bu tamaşa nümayiş olunacaq.
Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.
Səfurə, Paralel.az