26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür. Bu günün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltməkdə və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır.
Paralel.az xəbər verir ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.
Bu gün dünyanın bir çox ölkəsində təhsil müəssisələrində uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqəti cəlb etmək məqsədilə qeyd edilir. Dünya Ekoloji Təhsil Günündə ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, “dəyirmi masalar” təşkil edilir.
Qeyd edək ki, ekoloji təhsil bizə təbiətlə harmoniyanı və ətraf mühitə təsiri azaltmağı öyrədir.
Səfurə, Paralel.az