Analar və oğullar -III hissə
“Rusiya hekayələri” silsiləsindən
Oğullar
Artıq 90-cı illərin ortaları idi, mən Nijniy Tagildə “Azəri” cəmiyyətinin vitse-prezidenti idim. Şəhərdə yaşayan soydaşlarımızın çoxu ilə şəxsən tanış idim, imkanlarını, problemlərini bilirdim, izləyirdim. Onu da qeyd edim ki, bizim cəmiyyətin özəyini milis əməkdaşları və iş adamları təşkil edirdilər. Bizim diasporun ziyalı hissəsi, yəni həkimlər və müəllimlər bir qayda olaraq, bizim işə qoşulmurdular və millətin problemləri ilə maraqlanmırdılar.
Yeri gəlmişkən, mənim köhnə dostum Əlikram da bizim ofisə gəlib-gedirdi, arabir mənimlə dərdləşirdi. Artıq Azərbaycandan mal gətirmirdi, şəhərin Vaqonka deyilən hissəsində bir meyvə-tərəvəz köşkü açmışdı və malı topdan alıb elə burda satırdı. Bir dəfə payız vaxtı yanıma gəldi ki, bəs mənim Lənkəranda anam, iki kiçim bacım var. İndi bacılarımdan birinin toyudur. Doğrudur, anama pul göndərmişəm, amma özüm də mütləq getməliyəm. Sən burda hörmətli adamsan, bazarda da hamını yaxşı tanıyırsan. Gedək bazara, “talış balası”na bizimkilərdən bir dəst “şikarnı” qara kostyum, ağ köynək, qara ayaqqabı alaq. Dedim bəlkə “talış balası" evlənmək istəyir?! Dedi dünyanın işini bilmək olmaz – həm ziyarət, həm ticarət. Bazarda uşaqlar bizi yaxşı qarşıladılar, ən yaxşı mallarını qarşımıza tökdülər, hətta alış qiymətinə verməyə razı idilər. İnsafən Əlikram razı olmadı, mənim məsləhətim, özünün zövqü ilə ən yaxşısını, ən bahalısını seçdi və getdi.
Üstündən bir xeyli keçdi, amma nəsə soruşmağa, maraqlanmağa imkan olmadı.
Bir dəfə payız başı Əlikram yenidən yanıma gəldi ki, bəs mənim ikinci bacımın toyudur. Doğrudur, keçən dəfə gedə bilməmişəm, amma bu dəfə mütləq getməliyəm. Keçən il aldığımız kostyum, ayaqqabı da köhnəlib, bunlarla Lənkərana getmək olmaz. Gedək bazara, “talış balası”na bir dəst qara kostyum, ağ köynək, qara ayaqqabı alaq. Dedim bəlkə özün də evlənmək istəyirsən?! Dedi dünyanın işini bilmək olmaz. Nə isə, Əlikram bu dəfə də alver elədi, mənimlə xudafizləşdi, getdi. Dedi Azərbaycandan qayıdan kimi sənə dəyəcəyəm...
Üstündən aylar, illər keçdi, “talış balası” yaddaşımda bir xatirəyə çevrildi. Günlərin bir günü işimlə əlaqəli Vaqonkaya getmişdim, Əlikramla rastlaşdım. Keyfi lap yuxarı - ala buludlardaydı, amma məni tanıdı. Əski dostlar kimi görüşdük, hal-əhvallaşdıq. Elə bil qocalmışdı, yanında “nimdaş” bir rus qadın da vardı. Əynindəki qara kostyum bozarmıışdı, köynəyi də qaralmışdı. Bəli, bunlarla Lənkərana getmək olmazdı…
*** *** ***
Dostlar, mən artıq 15 ildir Fatma xalanı, 20 ildən çoxdur ki, Əlikramı görmürəm. Doğrudur, əvvəllər arabir xalanın ev telefonuna zəng edirdim, amma son vaxtlar cavab vermir. Jurnalist dostum Əlsəfadan da xəbər aldım, dedi bir neçə dəfə getmişəm, qapıları bağlıdır. Xala bəlkə, həyət evini satıb, bina evinə gedib, bəlkə dünyasını dəyişib?! Bilmirəm. Bəlkə Əlikram gəlib, anasının qəbrini ziyarət edib?! Onu da bilmirəm…
Hörmətli oxucu yəqin soruşa bilər ki, niyə mən Əlikramı tanıya-tanıya, onun anasına məlumat verməmişəm?! Oxucu həm haqlıdır, həm də,.. Sadəcə olaraq, mənim tanıdığım Əlikram Sverdlovsk vilayətində işləyirdi, Fatma xalanın oğlu Əlikram isə Samara vilayətində yaşayırdı. Arada az qala, min kilometr məsafə vardı. Bir də nə fərqi var ki, bir qismət çörək dalınca Rusiyanın çöllərinə dağılan, özgə qapılarında qocalan oğullar, gözləri yollarda qalan, qarıyan qızlar, evdə oğul həsrəti çəkən, dərddən ölən analar hamısı bizim deyilmi, bizim “Azəri” cəmiyyətinin üzvü deyilmi?!
Son
Qalib ARİF
Paralel.az