Analar və oğullar -II hissə

Analar və oğullar -II hissə
 
“Rusiya hekayələri” silsiləsindən
Analar
Mən 2000-ci illərdə Cənub bölgəsi üzrə rəsmi qəzetin bölgə müxbiri işləmişəm, Səlyandan Astaraya kimi gəzmişəm, öyrənmişəm. Lənkəran şəhəri bölgənin mərkəzi olduğundan burda qərar tutmuşdum, digər rayonlara burdan səfər edirdim. Lənkəranda Köhnə bazarın yaxınlığında bir evdə otaq kirayələmişdim. Məktəblə üzbəüz, abad və gözəl bir ev idi, böyük şüşəbəndi, həyəti, hər cür şəraiti vardı. Evə baxmağa lənkəranlı dostlarım – professor Tarıverdi müəllim (Allah rəhmət eləsin!) və jurnalist Əlsəfa Həsənovla getmişdim...
Ev sahibi Fatma xala bizi gülərüzlə qarşıladı, hələ bir pürrəngi çay da hazırladı. Bəstəboy, gombul bir arvaddı, anam yaşda olardı. Bütün evi, otaqları mənə göstərdi, hansını istəyirsən seç dedi. Mən böyük, işıqlı qonaq otağını seçdim, xala dedi hələlik qalarsan, qışda soyuq olsa, yerini dəyişərsən. Ev yalnız mənim xoşuma gəlməmişdi, Tarıverdi müəllim də evi bəyənmişdi, ev yiyəsinə dedi ki, mənim Bakıda qohumlarım var, Lənkəranda ev almaq istəyirlər, nə desən verərlər. Xala birmənalı olaraq etiraz etdi ki, sən nə danışırsan, mənim Urusiyətdə oğlum var, gələcək, evlənəcək, nəvələrim olacaq, evi onlara saxlayıram…
Fatma xala məni çox istəyirdi, mənimlə dərdləşirdi, deyirdi mənim sən yaşda, Əlikram adda oğlum var, Urusiyyətdədir. Ayda, ildə bir zəng edir, arabir pul da göndərir. Hər dəfə deyir bu ay gəlirəm, gələn ay gəlirəm, amma gəlib çıxmır. Xalanın Əlikramdan kiçik iki qızı da vardı, ailə qurmuşdular, Lənkəranın kəndlərində yaşayırdılar. Deyirdi toylarını özüm eləmişəm, cehizlərini də vermişəm. Onda gözlərim yaxşı görürdü, İrana gedib-gəlirdim, pal-paltar, qab-qacaq gətirirdim, satırdım, özümü dolandırırdım. İndi gözlərim pis görür, gedə bilmirəm, pensiya alıram, birtəhər dolanıram. Qızları arabir gəlib-gedirdilər, analarına kömək edirdilər. Onların da ərləri Rusiyada idi, işləyirdi, ailələrinə pul göndərirdi.
Bir dəfə gördüm ki, Fatma xala möhkəm ağlayıb, gözləri qızarıb. Əvvəl yaman qorxdum, elə bildim ki, Əlikramın başında iş var. Soruşdum, xala, nə olub, nə xəbər var? Təzədən kövrəldi ki, bəs Hadi ərindən ayrılıb, ailəsi dağılıb... Düzü, mən xalanın qızlarının adını bilmirdim, zənn etdim onların biri boşanıb. Sual etdim ki, xala, bəs bunlar, axı, Rusiyada idilər, necə boşanıblar? Dedi, ay bala, nə Urusiyət, mən Hadini deyirəm, kinodakı Hadini. Bir də, nə fərqi var ki, Hadi elə mənim qızım yaşdadır. Bəli, xala 2000-ci illərin məşhur “Klon” serialının qəhrəmanı üçün ağlayırdı, az qala Əlikramın da dərdini yaddan çıxarmışdı. Beləydi bizim Fatma xala…
İşim elə idi ki, mən ayda bir dəfə Lənkərana gəlirdim. Bu dəfəki gəlişim qışa düşmüşdü, yaman soyuq idi. Evə gələndə gördüm ki, xala mənim yerimi dəyişib, orta otaga keçirib. Bura bir az qaranlıqdı, həmin dövrdə gündüzlər işıqlar da yanmırdı. Odur ki, narazılığımı bildirdim, qonaq otağına keçmək istədim. Fatma xala ürəkdən güldü, dedi bütün otaqlar sənə qurbandır, ay bala, nə qədər ki, Əlikram gəlməyib, buralar hamısı sənindir. Amma qonaq otağında peç yoxdur, gecələr yaman soyuq olur. İstəyirsən gündüz burda işlə, gecələr orda yat. Mən nə deyirəm ki…
Düzü, haqsız olduğumu hiss etdim, bir az pərt oldum. Söhbəti dəyişmək istədim, dedim, xala, bu evdəki cavan qız kimdir, bəlkə oğlunu evləndirmək istıyirsən?! Xala yenə ürəkdən güldü, dedi sən tirsən, pirsən, bunu hardan bilirsən?! Ayın başında Əlikram zəng eləmişdi, dedim səni evləndirmək, kiçik bacımın qızını sənə almaq istəyirəm. Oğlum burda olanda qız hələ uşaq idi, heç yadına gəlmədi, amma etiraz da etmədi, dedi sən kimi istəyirsən al, mənə qəbuldur. Ayın ortasında pul da göndərdi, ayın axırında nişan taxdım. İndi qız bizdə qalır, mənə baxır, Əlikramın yolunu gözləyir, bir-iki aya gəlməlidir. Düzü, mən də ürəkdən sevindim, dedim ki, Allah xoşbəxt eləsin…
Üstündən aylar keçdi. Lənkərana növbəti səfərimin birində cavan qızı evdə görmədim, xala yenə tək idi. Səbəbini soruşdum, acı-acı ağladı, lap ürəyimi dağladı. Dedi Əlikram bu dəfə də gələsi olmadı, qız da getdi atası evinə ki, mən nə qədər gözləyəcəm. Sonra məndən soruşdu ki, bəs o professor hardadır, niyə gəlmir. Dedim professor rəhmətə gedib. Dedi rəhmətlik professor mənim evimi almaq istəyirdi. Mən satmaq istəmədim, ümid edirdim ki, Əlikram gələcək. Deyəsən, gələsi olmadı, mən oğulsuz qaldım. Ev də böyük evdir, qışda odun, yayda pul çatdıra bilmirəm. İstəyirəm həyət evini satım, bina evi alım, bir az da üstündə mənə pul versinlər, son günlərimi birtəhər yaşayım. Bəlkə bu oğraş mən öləndən sonra gəldi, mənim qəbrimi ziyarət elədi?!
Ardı var
Qalib ARİF
Paralel.az
Bir 1 nəfər, oturmalı və açıq hava şəkili ola bilər
 
0.018840789794922