Analar və oğullar
“Rusiya hekayələri” silsiləsindən
I hissə
Lənkəran – Astara avtobusu
Söz vaxtına çəkər deyirlər, 90-cı ilin yazı idi. Qara Yanvarın qara kölgəsi hələ üstümüzdən çəkilməsə də, vahiməsi yavaş-yavaş bizi tərk edirdi. Hər fırtınadan əvvəl qısa müddətli sakitlik olduğu kimi, hər faciədən sonra da müvəqqəti sabitlik olur. Məhz həmin sabitlik dövrü idi və mən də ailəmi valideyinlərimə (keçənlərə rəhmət, qalanlara mərhəmət!), valideyinlərimi Allaha tapşırıb bir qismət çörək səfərinə çıxmışdım. Rusiyanın Sverdlovsk vilayətinin Nijniy Tagil şəhərinə gedirdim. Orda qohumlarımız vardı, bacım ailəsi ilə orda yaşayırdı. Mən də bəxtimi sınamaq istəyirdim, böyük ölkədə şanslar da böyük olur deyirdim...
Bakı – Tümen reysi ilə uçan təyyarəmiz artıq Sverdlovsk şəhərinin (indi Yekaterinburq adlanır) “Kolsovo” hava limanına eniş etmişdi. Mənim yüküm az olduğundan aeroportdan tez çıxmışdım, yaxınlıqdakı avtobus dayanacağına da hamıdan tez çatmışdım. Artıq Niıniy Tagilə bilet də almışdım, avtobusu gözləyirdim. Səhər hələ açılmasa da, üfüqlər artıq qızarır, bozarırdı. Bakının ilıq yaz havasından sonra buralar yaman soyuq idi, qısa gödəkcədə məni əsdirirdi. Günəş yavaş-yavaş çıxır, soydaşlarım asta-asta dayanacağa yığışırdı. Onların sayından belə düşünmək olardı ki, Bakıdan Sverdlovska gələnlərin hamısı məhz Nijniy Tagil şəhərinə gedir. Diqqətimi cəlb edir ki, mənim yol-yoldaşlarımın əksəriyyəti böyük “Malboro”, “Vinston”, “Kemel” siqaret qutuları ilə yükləniblər, bəzilərinin hətta 4-5 belə qutusu var.
Deyəsən, bu qutuları yalnız mən müşahidə etmirdim. Aeroport binası tərəfdən ağ rəngli bir “09” gəlir və dayanacaqda dayanır. İçindən iki nəfər “zırpı” qara paltarlı çıxır və siqaret qutularının sahiblərinə yaxınlaşır. Növbə və səliqə ilə hər birindən siqaret qutularının sayına uyğun olaraq pul alırlar. Pul vermək istəməyənləri, yoxumdur deyənləri qutuları əllərindən almaqla hədələyirlər. Onların yerinə dostları, tanışları pul verir. Bütün bunları hamı görür və danışıqlarını eşidir. 3-4 qutunun yiyəsi tapılmır və qara paltarlılar həmin qutuları götürüb “09”-un yük yerinə qoymaq istəyirlər.
Mən artıq müşahidəçi rolu ilə kifayətlənə bilmirəm və irəli keçirəm. Əvvəla, fiziki cəhətdən zəif deyiləm, sonra zarafat deyil, arxamda onlarla soydaşım var, ürəkliyəm. Qara paltarlılara müraciət edirəm və bu “bezpredel”ə son qoymağı tələb edirəm. Onların biri, nisbətən yaşlısı ayaq saxlayır və mənə yaxınlaşır, cavanı isə öz işindədir, qutuları maşına qablamaqda davam edir. Aramızda rus dilində kiçik bir dialoq baş verir:
-Sən kimsən, dalıva problem gəzirsən?
-Problem artıq sənin dalındadır. Mən jurnalistəm və öz vəzifəmi yerinə yetirirəm. Bu, açıq quldurluqdur, reketdir və sən buna görə qanun qarşısında cavab verəcəksən.
Həmsöhbətim gülümsəyir, səsinin tonu dəyişir, mülayimləşir:
-Mən aeroportun təhlükəsizlik xidmətinin işçisiyəm və mən də öz vəzifəmi yerinə yetirirəm. Əgər sən doğrudan da jurnalistsənsə, qanun dalınca düşmüsənsə, buyur - Aeroportun milis şöbəsi 1-ci, təhlükəsizlik xidməti isə 2-ci mərtəbədə yerləşir.
Mən irəli keçmək, siqaret qutularını maşından düşürmək istəyirəm. Bu zaman möhkəm bir əl qolumdan yapışır, məni saxlayır. Arxaya çevrilirəm, qıvrım saçlı, nazik bığlı oğlandır, cavan adamdır, hardasa mən yaşdadır, başı da mənim kimi açıqdır.
-“Zemlyak”, görürəm sən yaxşı oğlansan, amma hələ xamsan. Bunların birinə bir yumruq vursan, 5-10 “paqon” tökülüb gələcək, bu 20-30 nəfərin isə biri də yaxın gəlməyəcək. Bizimkilər öz malının, canının hayındadır…
Həmsöhbətim əli ilə göstərir, mən də çevrilib baxıram. “09”-un arxasında qızğın alver gedir. Bizimkilərdən biri qarapaltarlılarla mübahisə edir, sınıq-salxaq rus dilində izahat verir, bayaq ayaqyoluna getdiyini, buna görə də qutuların pulunu gecikdirdiyini deyir. Qarapaltarlılar onun bəhanələrini fərziyyə kimi də qəbul etmək istəmir, ikiqat cərimə tələb edirlər.
“Zemlyak” isə şirin talış ləhcəsi ilə davam edir:
-Təhlükəsizlik xidməti milislə əlbir işləyir, odur ki, hər cür müqavimət əbəsdir. Sən bunlarla tutaşsan, əvvəl aparıb möhkəm çırpacaqlar, sonra “paqona” müqavimət göstərdiyin üçün cinayət işi açacaqlar. Bakıda yəqin ki, işdən çıxaracaqlar, burda isə heç 2-3 min “göy”lə də canını qurtara bilməyəcəksən.
Sonra mənim təəccüblə baxdığımı görüb əlavə edir ki, bunların istədiyi “göy” bu yeşiklərdəki göydən deyil, bizim videolarda gördüyümüz “göy”lərdəndir...
Həmsöhbətim yavaş-yavaş izah edir, mən də yavaş-yavaş başa düşürəm. Bu siqaret yeşiklərinin içindəki adi göyərtidir, keşnişdir, şüyütdür, petruşkadır (göy soğan da yaxşıdır, amma tez xarab olur), Bakıdan, Səlyandan vururlar. Orda dəstəsi 5 qəpikdir, burda 50 qəpikdən göydə fırlanır. Odur ki, Aeroportun təhlükəsizlik xidməti də qazanır, hər qutudan 10 manat alır. Göyərtini yalnız kardon siqaret qutularında gətirirlər, çünki qutuların üzərində deşiklər açmaq olur və göyərti xarab olmur. Hər qutuda neçə yüz dəstə göyərti oldugunu hesablasaq, 10 manat heç nədir… Həmsöhbətimin adı Əlikramdır, əslən Lənkərandandır.
Bu zaman Sverdlovsk – Nijniy Tagil avtobusu dayanacağa yan alır. Azərbaycanda Bakıdan rayonlara işləyən həmin qırmızı “İkarus”lardandır, amma daha təmiz, daha təzədir.
Mənim təəccübümə rəğmən, Bakıda avtobusda, dayanacaqla bashabas salan soydaşlarım səliqə ilə növbəyə düzülür, yükü olanlar yeşiklərini yük yerinə düzür. Mən də çamadanımı yük yerinə qoyuram, əl çantamı da götürüb avtobusa qalxıram və biletimə uyğun yerdə otururam. Sərnişinlər (əksəriyyəti bizimkilərdir) yavaş-yavaş yerlərini tutur, avtobus da hərəkətə gəlir.
Qarapaltarlılarla mübahisə edən soydaşımız da burdadır, deyəsən işi düzəlib, üzü gülür. Avtobusda hamı danışır, bir-birinə aman vermir, elə bil quş bazarıdır, ağız deyəni qulaq eşitmir. Hamı mənə tanış gələn, amma başa düşmədiyim bir dildə danışır. Əlikram yaxınlıqdadır, qonşu sıradadır, məni dərhal başa düşür: “Hamı talış dilində danışır, elə bil ki, Lənkəran – Astara avtobusudur”…
(Ardı var)
Qalib ARİF
Paralel.az