Tənhalıq İnsanlar, insanlardan nə üçün qaçır?

Tənhalıq İnsanlar, insanlardan nə üçün qaçır?
 
Allahutəalə bəşər övladını ona görə tayfalara, qəbilələrə, dinlərə və dillərə, dərisinin rənginə görə biri-birilərindən ayırdı ki, onlar ünsiyyət yolu ilə biri-birilərini tanısınlar. Bu proses minillərdir ki, bu formada davam edir. Son 30-40 ildə isə prosesin əks istiqamətə yönəldiyi müşahidə olunur. Hazırda dünya alimlərini narahat edən ən əsas problemlərdən biri də, məhz budur- tənhalıq. Burada söhbət heç də yaşlı, ahıl insanların ömürlərinin qürub çağında tənha qalmalarından getmir, çünki bu təbii prosesdir. İnsan yaşlaşdıqca, onu əhatə edən həmyaşıdlarının, həmfikirlərinin də sayı azalır.  Ailələrdə də müxtəlif yaş dövründə təbii parçalanmalar qaçılmaz olur. Oğullar, qızlar öz yuvalarını qurur, əksər hallarda yaşlılardan ayrı yaşamağa üstünlük verirlər. Bir sözlə, iki nəfərin yaratdığı kiçik ailə cəmiyyəti tədricən böyüyür, fotmalaşır və sonda təbii proses olaraq yeni ailələrə bölünür.
Bir vaxtlar böyük ailə cəmiyyətinin nüvəsi olan ahıllar isə tənhalığa məhkum olurlar. Bir çox hallarda bunu təbii proses kimi qəbul edərək heç bir narahatlıq keçirmirlər. Yaşlılar da bəzi hallarda səs-küydən uzaq, sakit bir məkan arzulayırlar ki, qalan ömürlərini burada keçirsinlər. Bəziləri isə daha çox aktiv həyat tərzi keçirməyə meyilli olurlar və övladları, nəvə-nəticələri ilə birgə yaşamağa üstünlük verirlər.
Üçüncü qrup insanlar isə maddi cəhətdən tam təmin olunmuş ölkələrdə yaşayan insanlardır ki, onlar təqaüdə çıxdıqları andan, səyahətə, gəzməyə, görməyə, yeni-yeni insanlarla ünsiyyətə üstünlük verirlər ki, bu da onların həyatlarının sonuna kimi aktlv həyat tərzi keçirməyə imkan verir. Bir şeyi də xüsusi qeyd edim ki, bu tip insanlar ahıllar arasında  ən uzun ömür yaşayanlardır. Təəssüflər olsun ki, Azərbaycanda belə imkanları olan insanlar yox dərəcəsindədir. Çünki «Heft və milyonlar səltənəti»nin  ağalarının ahıllara rəva bildikləri təqaüd onların dərman və kommunal xərclərinə ancaq çatır.
Bu kiçik müqəddimədən sonra sizlərə dünya alimlərinin narahatlıq keçirdikləri tənha gənclərdən danışacağam.  
Bu o gənclərdir ki, arzuları ilə reallıqları uzlaşdıra bilmir. Yaşadıqları mühitdə sosial ədalət prinsiplərinin və  sosial münasibətlərin biri-biri ilə uyğun gəlmədiyini görür və bununla razılaşmaq istəmirlər. Hər addımında biganəlik, laqeyidliklə üzləşən, yalan və riyakarlığın hökm sürdüyü bir cəmiyyətdə özünə yer olmadığını hiss edir və özünə qapanaraq, tənha qalmağa daha çox üstünlük verir. 
Deyə bilərsiniz ki, burada təhlükəli nə var, tənha qalmaq istəyir qalsın. Amma  heç də hər şey sizin düşündüyünüz qədər də bəsit deyil.  
Daxilində gənclik enerjisi, qurub-yaratmaq həvəsi, özünütəsdiq və cəmityyətə təqdim etmək istəyi coşub-daşdığı bir zamanda tənhalığın əsiri olan gənclər gizlicə hərəkət edən və hər an partlaya biləcək minaya bənzəyirlər və cəmiyyət üçün çox təhlükəli ola bilərlər. Yaxud da, tam əksinə, mənəvi depressiyaya düşərək, özünə qəst edə bilər. Məhz bu səbəbdən də, dünya alimləri hazırda yaşadıqları cəmiyyətdəki haqsızlıqlar üzündən tənhalığa düçar olan gənclərin problemlərinin ciddi şəkildə araşdarılmasına xüsusi diqqət ayırırlar. Məsələn, alman psixoloqları 125 min tənha gənci əhatə edən araşdırma aparıblar və belə bir qənaətə gəliblər ki, müasir gənclər danışmağa, ünsiyyət qurmağa adam tapa bilmirlər. Ətrafında çox sayda insanlar olsalar da, özlərini təklənmiş, atılmış kimi hiss edirlər. Bu hallara gənclər əsasən 23-29 yaşlarında düşürlər ki, bu da onlarda böyük daxili saraıntı yaradır. Belə vəziyyətə düşən gənclər üçün ən çətin məqam odur ki, onlar  belə bir vəziyyətdə cinayətkar qruplaşmaların, narko tacirlərin potensial qurbanlarına çevrilə bilərlər. Çünki özünü heç kimə lazım olmayan, yararsız birisi kimi hiss edən gənc, ona açılan ilk «qucağa» atılır və cəmiyyət üçün təhlükəli fərdə çevrilir.
Ümumiyyətlə, insanı tənhalığa sövq edən bir çox səbəblər vari, onlardan biri də, artıq 2 ildən çoxdur ki, bütün dünyanı öz cəngində saxlayan korona virus pandemiyası səbəbindən tətbiq olunan ünsiyyət məhdudiyyətləridir.  Bu hal elə bir vəziyyətə çatıb ki, bəzi alimlər korona virus pandemiyasından sonra dünyada tənhalq pandemiyasının yayılacağını ehtimal edirlər.
Bu virus təkcə gənclərimi tənhalığa sürüklədi, ünsiyyətdən məhrum etdi əsla! Ümumlyyətlə, bütün bəşəriyyətin tənhalığına səbəb olan bir virusa çevrildi korona. İnsanlar artıq biri-birilərinin evinə getməkdən belə çəkinir. Dostlar, qohumlar biri- biri-birilərindən uzaq gəzirlər. Bunu daha çox öz üzərilərində hiss edənlər isə yenə də gənclər oldular.
Onu da qeyd edim ki, Azərbaycanda bu proseslər heç də digər ölkələrdən zəif deyil, əksinə…
 Amma ölkəmizdə gənclərin asudə vaxtlarının təşkili, tənhalıq kimi halların aradan qaldırılması istiqamətində hökumət səviyyəsində heç bir əməli iş görülmür. Nəinki tənhalıq, günü-gündən artan narkomanlıq, gənclər arasında cinayətkarlığın artması, son zamanlar intihar edənlərin əksəriyyətinin gənclər olması, elə bil heç kimi maraqlandırmır. Bu məsələlər araşdırılmır, təhlillər aparılmır.
Ciddi araşdırma, təhlil tələb edən bu kimi məsələlərin, ümümiyyətlə ciddi statistikası belə aparılmır.
Biz ancaq pafosla onu deyə bilirik ki, «Gənclər bizim gələcəyinizdir». Bu gün cəmiyyətdə özünü tapa bilməyən, tənhalıqla baş-başa buraxılan gənclik, sabah bu dövlətə, xalqa necə xidmət edəcək?
Azərbaycan gəncliyi yalnız dövləti, xalqı talayan məmurların dünyanın ən bahalı təhsil ocaqlarında təhsil alan «papanın gül balalarından»  ibarət deyil.
Azərbaycan gəncliyi papasının, mamasının, dayısının vəzifəsindən və səlahiyyətlərindən istifadə edib, hələ gənc yaşında talançılıq və rüşvət estafetini onların əlindən alan, gənc talançı və rüşvətxorlardan ibarat deyil.
Azərbaycan gəncliyi Vətən Müharibəsində bizə Zəfər Qələbəsi qazandıran gənclərdir-şəhidlərimizdir, qazilərimizdir. 
Azərbaycan gəncliyi dünyanın ən möhtəşəm idman saraylarında Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldıran, hamını Azərbaycan himnini ayaq üstə dinləməyə məcbur edən idmançı gənclərimizdir.
Siz 44 günlük Vətən müharibəsi zamanı o talançı, quldur,  rüşvətxor balalarından kimisə, döyüş meydanında gördünüzmü, görə bilməzsiniz. Bu dövlət talananda, sərvəti pay-puş ediləndə o naqislərin olur. Onun uğrunda canından keçmək, şəhid, qazi olmaq lazım gələndə isə bu gün heç kimə lazım olmayan, tənha, kasıb gənclərin.
Tənhalıq  sözün bütün mənalarında arzuolunan bir hal deyil. Amma açıq etiraf edim ki,  hazırda ölkəmizdə mövcud olan reallıqları görəndə insan bu məmləkətdən baş götürüb qaçmaq istəyir. Bir cəmiyyətdə nə qədər yalan, riyakarlıq, yaltaqlıq, özbaşınalıq, laqeyidlik, biganəlik olar? İlahi!
Canım Azərbaycan, dediyim bu məmləkətdə böyükdən kiçiyə hamı yalan danışır. Danışmaq istəməyəni belə buna məcbur edirlər. Ram olunmayan isə tənhalığa qapanıb Allahutəalənin ona əta etdiy ömrünü necə başa vurmaq çabası ilə vurnuxur. «Yol tapan» tapır, tapmayanın gücü yenə də özünə çatır.
Tənhalıq həqiqətən çox təhlükəli təzahürdür, həm bir fərd olaraq insan üçün, həm də cəmiyyət üçün.
Biz mükəmməl bir cəmiyyət qurmaq istəyiriksə, insanları tənhalıqdan xilas etməli, cəmiyyəti onlarıa, onları da cəmiyyətə sevdirməliyik.
Yusif Seyid
Paralel.az
0.011209011077881