Arxaik ali təhsil sistemi və rəqəmsal transformasiya
Dosent İlham Əhmədov
UNEC-in rektoru, professor Ədalət Muradov öz Feysbuk səhifəsinində “UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL” adlı kiçik həcmli seriya yazılar verir. Bu yazılarda UNEC-də, eləcə də digər universitetlərdə illər ərzində diqqətdən kənarda qalan, lakin həlli aktual olan problemlərə qısa baxış verilir. “UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL” seriyalı qeydlərdə həqiqətən də ali təhsil sisteminin idarəedilməsində çox məsələlərin sovet dönəmindən qalma üsullarla aparıldığı haqlı olaraq qeyd edilir. Əslində bu bizim TN-nin müstəqil dövlətin strateji qurumu kimi öz vəzifəsini hələ də tam dərk etmədiyini, öz işini 40 il əvvəlin tələbləri ilə, o vaxt Moskvanın müttəfiq respublikalar üçün hazırlayıb təqdim etdiyi üsullarla aparır. İttifaq tərkibində olarkən bu üsullar qənaətbəxş idi, lakin müstəqil dövlət olaraq indi bu üsullar heç cür qənaətbəxş hesab edilə bilməz. Təhsil Nazirliyi 2013-cü ilə qədər sovet dönəmindəki nazirliyin işini – köhnə və uyğun olmasa da müəyyən qədər imitasiya edirdi, fəaliyyət imitasiyası yaradırdı. Lakin 2013-cü ildən sonra isə məlum deyil, TN ali təhsil sahəsində nə ilə məşğuldur. Aparılan işlər də əsasən orta məktəblə əlaqədardır, ali təhsil problemləri isə tam diqqətdən kənarda qalıb.
Qayıdaq “UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL” seriyalı qeydlərə. Prof. Ədalət Muradov 21.01.2022 tarixdə belə bir status yazıb: “Sovet dönəmində ixtisaslar sovet planlarına uyğun olaraq mərkəzləşdirilmiş qaydada müəyyən edilirdi. Həm də hər bir universitet ancaq planla nəzərdə tutulmuş ixtisaslar üzrə mütəxəssis hazırlamalı idi. Artıq sovet planlarının ləğv edildiyinə və bu istiqamətdə hər şeyin köklü dəyişdiyinə baxmayaraq ixtisaslar hələ də mərkəzləşdirilmiş qaydada müəyyən edilir. Nəticədə real sektorun tələbləri universitetlər tərəfindən qarşılana bilmir.”
Universitetlərlə əlaqəli qaldırılmış bu problemlər silsiləsi çox ciddidir və bir daha göstərir ki, müstəqillik illərində ali təhsil sistemi sahibsiz qalmış, xaos yaranmışdır.
TN bu sahədə öz əsasnaməsində qeyd edilən məsələləri həll etməmişdir. Bu məsələlər Feysbukda və saytlarda yox, ən azından ali təhsilə dair elmi metodik jurnallarda dərc edilməli və müzakirə edilməlidir. Təəssüf ki, belə jurnalımız yoxdur. Müstəqilliyin 20-ci ilində (2012-də) nəhayət ki, belə bir jurnalın nəşri başlandı-“Ali təhsil və cəmiyyət” adlı. Maraqlı jurnal idi, yaxşı məqalələr dərc edilirdi. 2013-də bu jurnalın nəşri dayandı. Belə bir lazımlı jurnalın hansı məntiqlə bağlandığı anlanılmır. Dəfələrlə məqalələrimizdə və TN verdiyimiz təkliflərdə qeyd etmişik ki, ali təhsilin problemlərinin tədqiqinə dair elmi tədqiqat institutunun yaradılmasına ehtiyac var, ali təhsil islahatları burada layihələnməli, icrası monitoruinq edilməlidir. Heç bir reaksiya olmadı. 3,5 milyard büdcəsi olan qurum bir tədqiqat institutu aça bilmirmi? Elmə əsaslanmayan təhsil islahatı nə səmərə verə bilər? TN-də ali təhsilə dair 1-2 səriştəli mütəxəssis tapılmır ki, bu məsələlərlə məşğul olsun, problemləri ekspertlərlə müzakirə etsin, Təhsil ümummilli məsələdir, milli təhlükəsizliyin mühüm amilidir, bu heç kimin özəl şirkəti deyil ki, istədiyi kimi qərar versinlər. Elm və Təhsil Xalqın milli sərvətidir.
“UNİVERSİTETLƏRDƏ SOVET MİRASI – TƏHSİL” seriyalı qeydləri oxuyanda “Təhsildə itirilmiş fürsətlər” seriyasından 15 il əvvəl olmuş bir hadisə (daha doğrusu təşəbbüs) yadıma düşdü.
2007-ci ildə mənim təhsil sahəsində konsaltinq şirkətim vardı. O vaxt TN-ə Ədalət müəllimin qeyd etdiyi problemlə əlaqəli belə bir layihə təqdim etmişdim. "Ölkədə Əmək bazarının inkişafının proqnozlaşdırılması əsasında universitetlərdə ixtisasların və qəbul planlarının müəyyənləşdirilməsi". Təklif edilən bu “monitorinq- araşdırma-proqnozlaşdırma” tipli layihə davamlı olaraq hər il, ixtisas qrupları üzrə aparılmalı idi. Bu çox ağır, çətin və kompleks problem idi. Amma bu problemin həlli zəruri idi. Düzü o vaxt layihəyə nazirliyin ali təhsil şöbəsində maraq yarandı (o vaxt ali təhsil şöbəsində az da olsa, bu spesifik işi başa düşən, dəyər verən mütəxəssislər var idi). Şöbədə layihənin ilkin müzakirəsi oldu, layihə ilə əlaqəli müsbət qərar qəbul olundu. Amma həmişəki kimi layihənin maliyyələşməsi mümkün olmadığı üçün prosesi saxladıq. Bu kiçik bir bir detaldır. Belə boşluqlar və həll edilməyən problemlər ali təhsil sistemində yüzlərlədir. Hansılar ki, 20 il, 10 il əvvəldən həll edilməli idi.
Təəssüf ki, belə təşəbbüslərin heç biri dəstəklənmədi, maliyyələşmədi, reallaşmadı. İndi həmən problemlər qalaq qalaq yığılıb. Onların həllinə hardan başlanmalı, necə, nə vaxt, kim tərəfindən həll etməlidir? Bu məsələlər cavabını gözləyir. Bu cavablar tapılmasa ali təhsilin normal inkişafı mümkün deyil.
Təəssüf ki, bu tip problemləri TN hələ də görmür, hiss etmir, müzakirəyə çıxartmır. Bu vəziyyətdə ali təhsilin hansı strateji inkişafından danışmaq olar? Belə şəraitdə universitetlərin fəaliyyəti və strateji inkişafı qaranlıq otaqda pişik axtarmağa bənzəyir. TN 25 ildir qaranlıq otaqda axtarışdadır...
Ciddi layihələri maliyyələşdirməyə imkanı olmayan təhsil sistemi nə vaxta qədər pulları daşa-divara xərcləyəcək? Belə tikinti- təmit işlərinin universitetlərin inkişafına heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda bu problemlər ayrı ayrı universitetlərin təşəbbüsü ilə də lokal olaraq həll edilə bilməz. Bu təhsil nazirliyinin səviyyəsində, yüksək elmi potensuialla həll edilməlidir.
Ali təhsil sistemimiz uzun müddətdir ki, qlobal trendlərə diqqət yetirmir. Bütün dünya universitetləri pandemiya kimi bəlanın təhsilə vurduğu zədələri bərpa etmək, yaranmış problemləri həll etmək, öz ölkələrində mövcud olan distant təhsil sistemlərini təkmilləşdirmək barədə düşünür. Bu universitetlər öz elm və tədris fəaliyyətini 4-cü sənaye inqilabı tələblərinə uyğunlaşdırmaq haqqında planlar qururlar.
Bəs biz pandemiyadan hansı nəticələr çıxartdıq görəsən? Universitetlərimizi sovet dönəmindən qalan miraslardan azad etmədən müasir ali təhsil sistemi qura bilməyəcəyik. Ali təhsilin problemləri sistemi araşdırılmalıdır. Arxaik ali təhsil sistemi ilə ölkədə rəqəmsal transformasiya mümkün deyil.
Paralel.az