“Virus” dərsliklərə sıçrayıb
Azərbaycan hər cür virusdan qurtula biləcək, amma görünən odur ki, bu gün ölkənin müxtəlif idarəetmə institutlarında özünü çox eybəcər formada büruzə verən, cəmiyyətin və millətin birliyini təhlükə altına alan yerlibazlıq, tayfabazlıq və regionçuluq kimi yolxucu “xəstəlik” hələ uzun müddət davam edəcək. Geniş və ağrılı mövzudur, yəni dövlət idarəçiliyinin hər bir həlqəsində “xəstəliyin” əlamətləri aydın göründüyü üçün hər bir sahə üzrə konkret faktlarla çox danışmaq olar.
“Bir budaqda oturub min budaq silkələmək” niyyətimiz yoxdur’, konkret “yoluxmanın” xəstəlik mərhələsinə keçdiyi bir qurumda onun doğurduğu fəsada diqqət çəkəcəyik. Bəli, sərlövhədən də gördüyünüz kimi söhbət Azərbaycan elminin məbədi sayılan Elmlər Akademiyasından, bir az da konkretləşdirsək onun “regionalizm xəstəliyinə yoluxmuş” prezidenti - 82 yaşlı Ramiz Ənvəroviç və qurumun Ədəbiyyat institutunun direktoru İsa Həbibbəylinin o “xəstəliyi” dərsliklərə necə ötürmələrindən gedəcək. Tarix dərsliklərinin ağlamalı vəziyyətini məlum səbəbdən qoyaq bir kənara. Üstüörtülü deyim ki, son üç ildə EA ayrı-ayrı institutlarında bir tanınmışdan bəhs edən yüzdən artıq dissertasiyanın müdafiəsi olub.
Yeri gəlmişkən, bu günlər rus bölmələri üçün nəzərdə tutulmuş rus dili dərsliyində xalqımızın qan yaddaşı 20 Yanvar faciəsinin necə saxtalaşdırıldığının şahidi olduq. Dərslik müəllifləri iddia edir ki, mətndə dəyişikliyi kitabın nəşr olunduğu “Şərq-Qərb” mətbəəsi edib. Məlumat üçün deyək ki, qatil rus ordusunu xilaskar kimi təqdim edən bu mətbəənin Ramiz Mehdiyevə bağlı olması dəyişikliyin məhz mətbəədə edilməsinə dair müəlliflərin iddialarını təsdiqləyir.
Bu olay eyni zamanda Ramiz Ənvəroviçin Rusiya sevgisinin təzahürü kimi qiymətləndirilə bilər, yəni özü inkar etməsə də “5-ci kolon” təmsilçisi, bəlkə də rəhbəri.
Qayıdaq əsas mətləbə. Əlimdə 11-ci sinifdə tədris olunan Ədəbiyyat dərsliyi var, 2018-ci ildə nəşr olunub. Kitabın 4 müəllifindən biri EA Ədəbiyyat institutunun direktoru və eyni zamanda Akademiyanın vitse-prezidenti İsa Həbibbəylidir. Təhsil Nazirliyinin təlimatına görə, ədəbiyyat dərsliyi xronologiya əsasında tərtib olunmalıdır. Açması budur ki, daha əvvəl anadan olan şair, yazıçı dərslikdə ilk sırada yer almalıdır. Amma “regional xəstəlikdən əziyyət çəkən” İsa Həbibbəyli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qaydaları pozub və sözügedən dərslikdə öncə 1869-cu il təvəllüdlü Cəlil Məmmədquluzadə, daha sonra 1862-ci ildə anadan olmuş Mirzə Ələkbər Sabir yaradıcılığına yer verib. Mirzə Cəlilə 17 səhifə həsr olunduğu halda, M.Ə. Sabirdə bu 7-dir.
Şübhəsiz, hər iki klassikimiz bizim üçün əziz və qiymətlidir. Kaş ki, özünü Azərbaycan alimi adlandıran İ.Həbibbəyli və əl-ələ verdiyi yerlisi R.Mehdiyevin bu nadanlığı bəlli “xəstəliyin” təzahürü yox, səhlankarlıq olaydı. Təəssüf ki, belə deyil.
Ümumiyyətlə, fikrimcə, Elmlər Akademiyasında köklü kadr islahatı aparmağın və onu bir bölgənin monopoliyasından azad etməyin vaxtı çoxdan çatıb. Yoxsa danışmalı olanlar müxtəlif səbəbdən susub danışmasa da, deməyə məcburam ki, akademik titulunun 60 faizinin bir bölgə təmsilçisi olması kənardan çox iyrənc görünür. Elmi fəaliyyətindən xəbərim olduğu üçün onu deyirəm. “Regionalizm xəstələri” sizdən soruşuram: nədən dünya çapında tanınan Rafiq Əliyev bugünə qədər Akademiyanın həqiqi üzv seçilməyib?
Və sonda mövzuya dolayısıyla aidiyyatı olan bir məsələ haqqında. Məsələ budur ki, Ramiz Mehdiyev və İsa Həbibbəylinin birlikdə aylıq qazancları 20000 manatdan (əlbəttə ki, bura onların biznes şəbəkələrindən əldə etdikləri yüz minlər daxil deyil, ancaq dövlətdən qol çəkib aldıqları vəsait daxildir) çoxdur. Dövlət Statistika Komitəsi də bu iki nəfərin aldığı vəsaiti 30 nəfərə şamil edərək bəyan edir ki, Azərbaycanda ötən ay orta aylıq əmək haqqı 740 manatdan yuxarı olub.
Rövşən Kəbirli
Paralel.az