Əsgərlər

Əsgərlər
 

"Qarabag hekayələri" silsiləsindən

I hissə

Tut arağı


Payızdır… Dagın başından, 2-ci postdan baxanda Quşçular kəndi qızılı-qırmızılı xalçanı xatırladır. Üstündə sanki əllə vurulmuş qırmızı, ağ rəngli həndəsi naxışlar da var. Bunlar yetim qalmış evlərin şiferli, kirəmidli damlarıdır. "Xalça"nın bəzi yerləri yanıb qaralıb - bunlar müharibənin vurduğu naxışlardır. Bakıda bu cür rəngarəng payız mənzərəsi olmur. Külək yarpaqları saralmamış, qızarmamış qoparıb qabağına qatır, böyük şəhərin böyük küçələrinə səpələyir. Burda, müharibədə bəxtlə təsadüf əsgəri qabağına qatan kimi. Bəzən göydən yağan güllənin əlindən alıb həyatın qazanına atan kimi… Bəzən də səngərdən çıxarıb ölümün ağzına atan kimi…

Aqşin düşünür ki, əsgər müharibədə - həyatın bir tükdən asılı olduğu yerdə - həyatdan daha çox qoparmaq istəyir, nə qədər ki sağdır, yaşamaq istəyir. Lap elə burda, Quşçularda da. Neçə gündür ki, çiskin yağış yağır, dayanmır. Göz açmaq olmur. “Post”dan gəlirsən, dincəlmək istəyirsən. Canını isitməyə, paltarını qurutmağa imkan olmur. Elə yaş-yaş geyinib yeməyə gedirsən. Axşam yoxlamadan sonra soyunub paltarını çarpayının taxtalarından asırsan, qurusun deyə bir də cəhd edirsən. Yerinə girirsən, qızınmaq istəyirsən, yenə mümkün olmur… Elxan gəlir, «mənimlə gedək» deyir, «həm də qızınarsan»...

Özü tez-tez gedir, yerli uşaqlarla dostlaşıb, onların məclisini ziyarət edir. Aqşin də bu dəfə etiraz etmir, paltarını yenidən yaş-yaş geyinib ona qoşulur. Kazarmalardan bir az aşağıdakı evlərin birinə yollanırlar. Evi Aqşin tanıyır - bu, Hüseyngilin evidir. Adi kürsülü evdir, çay daşından tikilib. Həyətin qırağına da əsgər çarpayılarına çəkilən həmin dəmir setkadan çəkilib. Setka boyu qovaq ağacları da əkilib. Aqşin bunları gündüz görüb, indi gecədir, göz-gözü görmür, qarasına gedirlər. Həyətə girirlər, pilləkənlə - yox, yuxarı qalxmırlar - aşağı düşürlər, qaranlıq dəhlizə girirlər. Demə, ev adi kürsülü ev deyilmiş, ikimərtəbəli imiş, birinci mərtəbəsi zirzəmidə yerləşirmiş. Ev yiyəsi Hüseynlə “Adsız çay”ın dərəsində döyüşdə, Elxan onun həyatını xilas etdikdən sonra bərk dostlaşıblar. Elxanı bura gətirən də bu dostluq olub. Bu ev yerli uşaqların bir növ sirridir. Gəlmə əsgərlərdən nəinki kimsə bura gəlmir, hətta bu sirri bilmir. Aqşin də birinci dəfədir ki, gəlir. Elxan isə özünü evindəki kimi hiss edir, qaranlıqda qabağa düşüb gedir, bircə dəfə də büdrəmir.

Qaranlıq dəhliz qurtarır, ağır taxta qapını açıb içəri girirlər. Burda işıq yanır, tavandan asılan lampa zəif közərsə də, ətraf işıqlanır. Böyük otaqdır, tavan bir az alçaqdır - lap şəhər evlərindəki kimi. Ortada uzunsov stol qoyulub, ətrafında 5-6 əsgər oturub. Yerli uşaqlardır, onları gözləyirlər. Hüseyn ayağa durur, görüşür, yəqin ki, Aqşinə müraciətlə deyir:
- Girdin qazana, oldun yeməli.
Kim isə yerindən söz atır:
- Amma, deyirlər gec gələn qonaq öz kisəsindən yeyər…

Bu da Aqşinin «dostu»dur, onunla qəbirstanlıqda mübahisə edən uzundraz, şəlpəqulaq oğlandır. Həmin hadisədən sonra neçə dəfə üz-üzə gəlsələr də salamlaşmayıblar. Elxan incikliyi aradan götürmək üçün zarafata keçir:
- Tanış ol, Seyfəddin məclisin tamadasıdır. Hüseyn də ev yiyəsidir, həm də bizim sərpayıdır.
Aqşinin isə gözü stolun üstündədir. Stolun üstü «əsgər cənnəti»ni xatırladır. Yerli uşaqlar dünən qonşu kənddən qənimət gətirdikləri (oğurluq burda belə adlanır) qoyunu yeməkxananın mətbəxində soyutma bişiriblər. Hardansa 3-4 şüşə tut arağı da tapıblar. Olsun ki, bu da qənimətdir, bəlkə də paydır. Ortada, böyük sinidə yığılan kələm şorabası kimi. Bu da heç əsgər «payoku»na oxşamır. Aqşin təəccüblə Elxana baxır, Elxan göz vurur.

Hüseyn hamını yeməyə dəvət edir, ev yiyəsi kimi. Bisimillah eləyirlər. Tamada da «bisimillah» eləyir, arağın birini açır, gözəyarı tilli stəkanlara araq süzür. Aqşin heyrətlə müşahidə edir ki, araq bütün stəkanlarda eyni səviyyədədir. Hüseyn yenə də sərpayıdan çox ev yiyəsi kimi çıxış edir, birinci sağlığı deyir:
- Biz neçə ildir əlimizdə silah vuruşuruq, qan tökürük. Bizim borcumuzdur, öz kəndimizi, torpağımızı qoruyuruq. Amma oğlanlar var ki, Bakıdan könüllü gəlib burda bizimlə çiyin-çiyinə vuruşurlar, bir damcı qanlarından qorxmurlar. Sağ olsunlar.

Bütün nəzərlər Elxanla Aqşinə dikilir. Elxan «sağ olun» deyib stəkanı başına çəkir. Hamı vurur, Aqşin də onlara qoşulur. Doğrudur, o, əvvəllər də araq içib. Dərman dadı verən, boğazı yandıran bu acı mayeni hər dəfə içəndə gözləri yaşarır. Amma bu xına o xınadan deyil. Aqşinin ağzı, boğazı, qarnına kimi od tutub yanır, nəfəsi tıxanır, gözlərindən yaşla birlikdə, deyəsən, qığılcımlar da çıxır. Elxan bərkdən «bomba» deyir, sonra Aqşinin kürəyinə vurur: «Terpi kazak, atamanam budeş». Aqşin bəlkə yanğısı azalsın deyə kələm şorabasına cumur. İşin tərsliyindən şoraba da tünd, istiotlu çıxır, gözləri yenidən yaşarır. Soyutma ətdən bir yekə tikə götürür, ağzına dürtür. Deyəsən, işlər yoluna düşür, yavaş-yavaş canına istilik, başına duman yayılır…

Duman otaqda da yayılır - əsgərlər siqareti siqaretə calayırlar. Acı tütün tüstüsü qoyun ətinin qoxusuna, əsgərlərin araq iyi verən nəfəsinə qarışır, ağırlaşır, çıxmağa yer tapmayıb tavandan sallanır. Tamada da bunu gözləyirmiş kimi öz səlahiyyətlərinin icrasına başlayır:
- Həzərat, Hüseyn ev yiyəsi kimi qonaqların sağlığına söz dedi. Amma qonaqlar çöl qaranquşudur, gəldi-gedərdir. Özümüz dam sərçəsiyik, öz kəndimizi özümüz qorumalıyıq, qoruyuruq da. Füzuli kimi, Fərhad kimi oğlanlar ayağa qalxanda, Quşçularda müdafiə batalyonu yaradanda, Nemesin heç izi-tozu da yox idi. İçək öz oğlanlarımızın sağlığına...

Elxan nə isə əlavə etmək istəyir, tamada mane olur ki, tələsmə, sənə də söz verəcəm, şəhərli olanda nə olar, hərənin öz növbəsi var. İçirlər. Aqşin hiss edir ki, ikinci birincidən yaxşı gedir. Boğazını yandırıb nəfəsini tıxasa da, daha gözlərindən qığılcım çıxmır. Əvəzində başında duman qatılaşır, otağın içindəki kimi ağırlaşır. Deyəsən, corablarının yaş olduğunu da hiss etmir. Bəlkə quruyub? Bəlkə köynəyi də quruyub? Əli ilə yoxlayır - yaşdır: "İşim də, deyəsən yaşdır. Daha içməyəcəyəm". Üçüncü tostu isə Elxan deyir. Əlində stəkan ayağa qalxır, adəti üzrə boğazını arıtlayır. O, adətən nəsihət verməzdən əvvəl belə edir, auditoriya da bunu hiss edir...
(Ardı olacaq)

Qalib ARİF

Paralel.az

0.020330905914307