Bahalaşan və ucuzlaşan məhsullar hansılardır?
Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı hesab edir ki, bu məhsulların qiymətini aşağı göstərməklə əslində gözə kül üfürmək istəyirlər. O qeyd edir ki, camaata kivinin, portağalın və sairin uzuzlaşmasından çox gündəlik tələbat olan ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması gərəkdir, bu məhsulların da qiyməti get-gedə artır. “Demək olar ki, bütün gündəlik tələbat məhsullarının qiyməti artıb, əsasən ərzağın, amma qeyri-ərzaq məhsullarında da bahalaşma var. Ərzaqda bahalaşma 20-40 faiz arasındadır. Qeyri-ərzaq gündəlik tələbat məhsullarında isə 10-20 faiz. Bunu adi gözlə mağazalarda müşahidə etmək mümkündür. Mən ucuzlaşdığı iddia olunan məhsulların adına baxdım, xeyr, bunların heç biri ucuzlaşmayıb. Bahalaşmanın davam edəcəyinə şübhə yoxdur. Bir ölkədə Kənd Təsərrüfatı Nazirliyi, Gömrük Komitəsi kimi dövlət orqanlarının başında bacarıqsız, merkantil maraqlarını ümummilli maraqlardan üstün tutan şəxslər olduqda belə də olmalıdır. Uzun illərdir özümüzü öldürürük ki, aqrar sektor batır, idxaldan asılılıq artır, ərzaq təhlükəsizliyimiz təhlükədədir, sənaye istehsalı gündəlik tələbat məhsullarında daxili tələbatın heç yarısını ödəmir, bir gün gələcək ağır vəziyyətə düşəcəyik, təcili tədbirlər görülməlidir, bu orqanların rəhbərləri qulaqardına vururlar. İndi o gün gəlib çatdı, xaricdə ərzaq, taxıl və sair gündəlik tələbat malları bahalaşan kimi bizdə daha çox bahalaşır. Çünki gündəlik tələbat məhsullarında idxaldan, faktiki götürdükdə, azı 70-80 faiz asılılıq var”.
E.Bayramlının sözlərinə görə, yerli kənd təsərrüfatı məhsulları, yerli sənaye məhsulları zəruri mallarda tələbatın yarısını belə ödəyə bilmir. Onun dediyinə görə, istehsal olunan yerli buğdanı da Taxıl Fondu “keyfiyyəti aşağıdır” bəhanəsi ilə almır. “Guya xaricdən gətirilən keyfiyyətlidir? Nə vaxta kimi neft satıb hər şeyi xaricdən alacağıq? Bəxtimizdən neft indi bahadır, əgər kəskin ucuzlaşsa nə baş verəcəyini təxmin edirsiniz yəqin ki. Belə hallar yaxın tariximizdə dəfələrlə olub və nəticədə həm dövlət, həm də əhali ağır vəziyyətə düşüb. Bəs ölkə iqtisadiyyatını nə deyib beş-on idxal monopolistinin mənafeyinə qurban verirlər? Gömrük sistemi ölkədə bahalaşmanın yaranmasında əsas rollardan birini oynayır. Yerli istehsalın zəif olmasında bu komitənin, həmçinin iqtisadiyyat strukturlarının, müvafiq və yerli icra orqanlarının rəhbərlərinin “böyük əməyi” var. Qarşıdakı aylarda dünya taxıl fondunun ehtiyatları, yeni stoklarda əvvəlki qədər məhsul olmayacaq, çünki quraqlıq və sair səbəblərdən bu mövsüm taxıl və bəzi digər ərzaq məhsullarının istehsalı xeyli aşağıdır. Bu halda dolayı yolla bütün ərzaq məhsullarının bahalaşacağını dünyanın bütün iqtisadçıları bildirir. Biz buna hazırıqmı? Təəssüf ki xeyr. Artıq vaxtımız yoxdur, iqtisadiyyatda, ilk növbədə aqrar və aqrar sənaye sektorunda çox ciddi inqilabi xarakterli islahalatlara başlanmalıdır. Vergi, gömrük güzəştləri artırılmalı, yerli istehsalçılar dəstəklənməli, monopoliya halları aradan qaldırılmalı, suvarma sistemləri gücləndirilməlidir. Strateji ehtiyatlarımızdan heç olmasa 1-2 milyardını gətirib yerli iqtisadiyyata investisiya qoyulmalıdır, konkret desək, zəruri tələbat malları istehsalı ilə məşğul olan kiçik və orta sahibkarlara, fermerlərə güzəştli kreditlər verilməlidir. Yeni istehsal müəssələrinin açılmasına, həmçinin əkin-biçin və heyvandarlıq təsərrüfatlarının yaradılmasına və inkişafına mane olan məmurlar dərhal vəzifədən rədd edilməlidir. Bunları etməsək, çox çətin vəziyyətə düşəcəyimizə zərrə qədər də şübhə yoxdur. Dövlətin bəzi kateqoriyaların maaş və pensiyalarını bir qədər artırması bahalaşmanı, inflyasiya tempini kompensasiya edə bilməyəcək, əhalinin sosial vəziyyəti ağırlaşacaq, iqtisadiyyatımız zəifləyəcək”- deyə E.Bayramlı vurğulayıb.
Paralel.az