Qazanan aptek sahibləridir

Qazanan aptek sahibləridir
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 952 milyon manat vəsait xərclənib.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə 24,8 faiz çoxdur. 2021-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2 faizi əczaçılıq məhsulları, tibbi ləvazimatların alınmasına sərf olunub.
Bəs görəsən əhalinin apteklərə bu qədər pul xərcləmələrinin səbəbi nədir?
 
Paralel.az xəbər verir ki, Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm bildirib ki, respublikamızda əhalinin əczaçılıq məhsullarına tələbatının artmasının əsas səbəbi pandemiyadır. Pandemiya dövründə koronavirusun müalicəsində istifadə edilə preparatlarla yanaşı, tibbi maska, süni tənəffüs aparatları, oksigen balonu, nəbzölçən kimi tibbi ləvazimatlara da tələbat artdı.
«Koronavirus infeksiyası digər yanaşı xəstəliklərə də təsir etdiyindən, pandemiyanın səngidiyi dövrlərdə insanlar müalicə üçün yenidən dərman preparatlarından istifadə etməli oldular. Bu gün hər addımbaşı aptekə rast gəlirik. Təkcə Bakıda Tibb Universitetinin ətrafında onlarla aptek fəaliyyət göstərir. Apteklərin sayının günü-gündən çoxalması əhalinin dərmana tələbatının artmasından xəbər verir. Ölkədə əczaçılıq məhsullarına artan tələbat dərman bazarında qiymətlərin bahalaşmasına da təsir edir.  Xəstələrin bəziləri KT, MRT, rentgendən keçib, əməliyyat olunmaq, xəstəxanada yatmağa meyilli olurlar. Lakin ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmırlar.
Məsələn, xəstə müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orada dərmanlar da pulsuzdur. Bu, xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayırlar. Yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək.
Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq. Reseptlər onlayn olanda dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentlərin xəstəxanaya düşmək istəyi də sönəcək»
 
İqtisadçı ekspertlərsə nağdsız ödənişlərin artmasının dövriyyənin artmasına təsir etdiyini düşünürlər. Onların fikirlərinə görə, dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənsə də, insanlar bundan razı deyillər. Əgər əczaçılıq məhsullarının ölkəyə idxalında güzəştlər edilərsə o zaman qiymətlər aşağı düşər. 
Ekspertlərə görə ölkə əhalisinin ümumi xərclərinin 4%-i dərman və tibbi ləvazimatlara yönəlir ki, bu da ailə büdcəsiylə müqayisədə böyük rəqəmdir. 
Qeyd edək ki, ötən ilin 11 ayında da əhalinin dərman xərcləri kəskin artmışdı. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları, tibbi ləvazimatlara istehlakçılar tərəfindən 851,2 milyon manat vəsait xərclənib. Bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz çoxdur.
Xatırladaq ki, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Müəyyən dərmanlar əhaliyə pulsuz veriləcək
1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığorta xidmətləri göstərilir. İcbari tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəsə də, gələcəkdə ambulator xəstələrin dərman preparatlarını da pulsuz alması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdırlar. 
Şahnaz Saleh
 
0.016402006149292