Milli fəal Əli Şahiyə bəraət hökmü verilib
Paralel.az xəbər verir ki, İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəal Əli Şahiyə bəraət hökmü qazandırılıb. Bu barədə İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 1-ci şöbəsi tərəfindən verilən qərara əsasən, Ərdəbil sakini olan Əli Şahiyə bəraət verilib. Bu hökm, yanvarın 13-də məhkəmənin elektron sistemi vasitəsilə milli fəala göndərilib.
Əli Şahi “Ana Dili” adlı bir türkcə klip düzəltmək və rejim əleyhinə sosial media kanalları formalaşdırma vasitəsilə “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunmuşdu.
Güneyli milli fəal Əli Şahi ötən ilin sentyabr ayının 3-də Ərdəbil şəhərində İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və nəzarət altına alınmışdı.
Şahi bir müddət sorğu-sual olduqdan sonra 85 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılmışdı.
Əli Şahi daha öncə də apardığı dinc fəaliyyətləri ilə bağlı nəzarət altına alınıb. O, həmçinin İran Azərbaycanında nəşr olunan "Mənsiz qalan dağlar" adlı romanın yazarıdır.