Sabiq nazir vəfat etdi 

Sabiq nazir vəfat etdi 
 
Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov uzun sürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib.
 
F.Zeynalov 1992-1997-ci illərdə Azərbaycanın material ehtiyatları naziri olub.
 
Qeyd edək ki, Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olub. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
 
İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975-83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983-1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987-1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. 
 
XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Milli Şuranın və Milli Məclisin üzvü olub.
 
2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib.
Qeyd edək ki, AXC hakimiyyəti dönəmində də rəhbərlik F. Zeynalovun Rusiya sənayesinin rəhbər şəxsləriylə yaxşı münasibətlərini nəzərə alaraq onu nazir postunda saxlamışdı. 
Həqiqətən də Fərrux müəllim çox bacarıqlı, rəhbərlik etdiyi sahənin incəliklərinə dərindən bələd olan savadlı və işgüzar kadr idi.
Allah rəhmət eləsin!
Səma
0.021344900131226