Nazim Bəydəmirlidən maraqlı açıqlama
Paralel.az xəbər verir ki, iş adamı Nazim Bəydəmirli unun bahalaşmasının səbəbkarı kimi Dövlət Gömrük Komitəsini göstərib.
Onun paylaşdığı statusu olduğu kimi təqdim edirik:
“Bir dostum dünən məndən 1000 ton un almaq üçün müqavilə istədi, adama Bakı təhvili 330 dollar(bir kisəsi 28 manat) təklifini verdik, sevinib gediblər gömrüyə ki, un gətirəcəyik, bəyannamə qiyməti necə olacaq? Nehrəmli qaqaşlar deyiblər ki, ƏDV-ni 400 dollardan hesablayacağıq, yəni hər tona 72 dollar ödəməlisiniz…
Qardaş, indi sən mənə de ki, unu bahalaşdıran kimdir və dövlətə millətə meydan oxumaq başqa necə olur ki?”.
Qeyd edək ki, Azərbaycan Prezidenti yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində çörəyin bahalaşmasına münasibət bildirib. O, qeyd edib ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi. “Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir”, - dövlət başçısı vurğulayıb.
Şahnaz Salehqızı