"Xankəndidən Şuşa şəhəri atəşə tutuldu" başlıqlı yazının cəriməsi

 

Paralel.az xəbər verir ki, jurnalist Fikrət Fərəməzoğlu inzibati qaydada 500 manat cərimə olunub.

Bu barədə jurnalistin özü məlumat yayıb.

Fərəməzoğlunun sözlərinə görə, yanvarın 12-də o, Baş Prokurorluqda Cinayət Təqibi olmayan işlər üzrə İdarəyə dəvət edilib. Dəvət olunmağına səbəb jamaz.info-da yayımladığım "Xankəndidən Şuşa şəhəri atəşə tutuldu" başlıqlı yazısıdır. O, qeyd edib ki, prokurorluq belə qənaətə gəlib ki, həmin yazı cəmiyyətin müəyyən təbəqəsində çaşqınlıq yaradıb. 

“Müəyyən qism narahat olub və qorxu keçirib. Təbii ki, bu iddianı qəbul etmədim və uzun sürən müzakirədən sonra hər birimiz öz mövqeyimizdə qaldıq. Nəhatət, prokurorluq hesab etdi ki, mən İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsini (“Informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) pozmuşam və məhkəmə bununla bağlı qərar verməlidir. Ardından Sabunçu rayon Məhkəməsinə gətirildim və hakim Anar Rzayevin sədirliyi ilə proses keçirildi. Hakimin qərarına əsasən mən sözügedən maddə üzrə "təqsirliyəm" və ona əsasən 500 manat cərimə olundum”.

Fikrət Fərəməzoğlu məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, məhkəmənin qərarı sosial şəbəkəlrdə tənqidlərə səbəb olub.

Fərəməzoğlu bundan öncə Baş Prokurorluq tərəfindən 2020-ci il yanvarın 21-də xəbərdarlıq edilib.

Baş Prokurorluq hesab edib ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın ölüm işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri barədə ətraflı rəsmi məlumat verilsə də, Jamaz.info saytı sensasiya naminə qərəzli şəkildə, həqiqətə uyğun olmayan və istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətə yanlış məlumat verib.

Jurnalist yaydığı məlumatın qərəzli və sensasiya xatirinə olmadığını bildirib.

Fikrət Fərəməzoğlu daha əvvəl, 2017-ci il Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 182-ci maddəsiylə təqsirli bilinərək 7 il azadlıqdan məhrum olunub. 

2019-cu il martın 18-də prezident İlham Əliyevin əfv sərəncamı ilə Fikrət Fərəməzoğlu azadlığa buraxılıb.

Şahnaz Salehqızı

 

0.033638954162598