Azərbaycanda media var, lakin...

Azərbaycanda media var, lakin...
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Məmurlar niyə narahatdır?

 Yazımın əvvəlində medianın hazırkı durumu ilə bağlı tənqidi qeydlərə keçməzdən əvvəl bir neçə müsbət məqamı qeyd etməyi borc bilirəm. Məsələn, Ramiz Mehdiyev - Əli Həsənov - Vüqar Səfərli üçlüyünün mətbuat üzərində amirlik dövrü ilə müqayisədə ölkə prezidentinin gördüyü tədbirlər nəticəsində hazırda media sahəsində tənqidi yazılara qoyulan qadağanın götürülməsi, tənqidi yazıların saytdan zorla çıxarılması, tənqidə görə məmurların mediaya məhkəmə orqanları vasitəsilə təzyiq göstərmək halları xeyli azalıb.

Lakin medianın iqtisadi problemləri hələ də həllini tapmayıb. Jurnalistlər sosial problemlər içində boğulur. Medianın reklamla təmin olunması həll olunmamış qalır.

Ölkədə azad iqtisadiyyatın inhisarçı məmurlar tərəfindən boğulması reklam bazarının formalaşmasına imkan vermir və bu da medianın əsas iqtisadi mənbəyinin zəif olmasına gətirib çıxarır.

Azərbaycan dövləti coğrafi baxımdan Asiyaya aid olsa da, fəaliyyət etibarı ilə Avropa məkanına daxildir. Ona görə də ölkədə Avropa dəyərləri prioritetdir. Avropa dəyərləri dedikdə, söz və mətbuat azadlığı önə çəkilir. Müasir dövrdə söz və mətbuat azadlığı təmin olunmayan ölkədə vətəndaş cəmiyyətinin formalaşması mümkün olmur.

Azərbaycan SSRİ dağılandan sonra müstəqillik qazanıb və müstəqil ölkə kimi Qərb dəyərlərinə üstünlük verərək bu məkana inteqrasiya yolunu seçib. Buna görə bir sıra beynəlxalq sənədlərə imza atan Azərbaycan həmin beynəlxalq sənədlərə uyğun öhdəlik götürüb.

Bu öhdəlikdən ən çox diqqət çəkəni isə, ölkədə söz və mətbuat azadlığına əməl edilməsidir. Beynəlxalq dəyərlərdən olan söz və mətbuat azadlığının təmin olunması üçün ölkədə qanun bazasının yaradılması zəruri şərtdir. Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" Qanun 1999-cu ildə qəbul olunub. Bu qanunun qəbul olunmasından keçən 22 il ərzində yüzə yaxın dəyişiklik edilib.

Lakin qanuna edilən dəyişikliklər ölkə mediasının fəaliyyətini müasir tələblərə uyğun tənzimləməyə imkan verməyib. Bunun üçün söz və mətbuat azadlığının qanunçuluq bazasının ölkədə yenilənməsinə zərurət yaranıb.

Ölkə Prezidenti 2021-ci ildə Medianın İnkişafı Agentliyini yeniləməklə media sahəsində ciddi islahatlara start verdi. Ötən bir il ərzində bu istiqamətdə bir sıra sərəncamlar imzaladı. Prezident "Media haqqında" yeni qanun layihəsini hazırlayan tərkib barədə də sərəncam imzaladı. Həmin tərkib bir neçə aydan sonra "Media haqqında"  hazırladığı yeni qanun layihəsini hökumətə təqdim etdi.

Hökumət yeni qanun layihəsinin mətbuatda dərc olunub, ictimai müzakirəyə çıxarılması ənənəsini təmin etmədi. Əvəzində qanun layihəsi hakimiyyət nümayəndələrinin məhdud və qapalı şəraitdə müzakirəsi ilə kifayətləndi. Qanun layihəsinin cəmiyyətin və media camiəsinin geniş müzakirəsindən kənarda saxlanması ölkədə və dünyada bu qanun layihəsinin ciddi tənqid olunması ilə nəticələndi. Bu etiraz və tənqidlərə baxmayaraq, hakimiyyət ötən ilin sonunda "Media haqqında" qanun layihəsini hökumətin mövqeyini müdafiə edən media nümayəndələrinin iştirakı ilə Milli Məclisin komissiyalarının birgə iclasında qısa müzakirə edildi. İki gün sonra layihə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarıldı və birinci oxunuşda qəbul olundu. Sonrakı həftə ərzində qanun MM-də ikinci və üçüncü oxunuşda müzakirə olunaraq qəbul olundu. "Media haqqında" yeni qanun yerli peşəkar mütəxəssislər, ABŞ Departamenti və Avropanın demokratik təsisatları tərəfindən ciddi tənqid olundu. Bu proses hazırda davam edir.

Media azadlığı indeksi reytinqinə görə ötən il Azərbaycan dünyada 180 ölkə arasında 168-ci sırada yer alıb. "Media haqqında" yeni qanunun müstəqil jurnalistlər, ekspertlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqid edilməsi isə, bu il media azadlığı sahəsində Azərbaycanın dünyada ən aşağı reytinqə düşəcəyi gözlənilir. Buna görə, ölkə prezidentinin bu qanuna imza atacağı inandırıcı deyil və qanunun MM-ə geri qaytarılacağı ehtimalı yüksəkdir.

Azərbaycanın imza atdığı beynəlxalq sənədlərin tələbinə əsasən, ölkəmizdə "Diffamasiya haqqında" qanunun hələ də qəbul olunmaması da ölkəmizə beynəlxalq aləmdə mənfi rəy yaratmaq istəyənlərə əlavə arqumentlər verir.

Qeyd etdiyim mənfi hallarla yanaşı, ölkə prezidentinin təşəbbüsü ilə son iki ildə ölkədə söz və mətbuat azadlığı sahəsində xeyli müsbət addımlar atılması və bu addımların ilk bəhrələrinin cəmiyyətdə hiss olunması ölkə mediasının gələcək inkişafı barədə müsbət düşüncə formalaşmasına təkan verir.

Ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı cənab prezidentin start verdiyi mübarizəyə dövlətin ciddi media orqanlarında geniş işıqlandırılması məmurların xoşuna gəlməsə də, hər halda onların mənfi fəaliyyətinə xeyli təsir etdiyi aydın hiss olunur.

Lakin əksər hallarda Media orqanlarının tənqidinə dövlət orqanları rəhbərlərinin lazımı reaksiya verməməsi, medianın məmurlara ünvanladığı sorğulara vaxtında cavab ala bilməməsi halları ölkədə geniş vüsət alıb. Məmurların mediaya göstərdiyi məsuliyyətsiz münasibəti bəzilərinin dözümlülük kimi dəyərləndirməyə cəhd etməsinin medianın nüfuzunu aşağı salan uğursuz təşəbbüs olduğunu unutmamalıyıq.

Sonda qeyd edim ki, sabiqlərin 25 il ərzində dərin böhrana saldığı ölkə mediasını qısa müddətdə böhrandan xilas etmək də asan iş deyil...

0.013715028762817