Vətən yolunda şəhid olmuş Vətən sevdalısı

Vətən yolunda şəhid olmuş Vətən sevdalısı
 

Lənkəran rayonunun İstisu qəsəbəsində dünyaya göz açmış Zaur Kamil oğlu Ağalı çox qısa bir ömür yaşadı. Bu işıqlı dünyaya gəlməyi- getməyi cəmi 24 il çəkidi. Fəqət, Vətən, yurd sevgisi Zaura elə bir mənəvi ucalıq gətirdi ki, şərəfli ömür yolu Azərbaycan durduqca öz milləti üçün əbədi olacaqdır. Bu Vətən sevdalısı İkinci Qarabağ savaşında torpaq uğrunda canından keçməklə tarixin səhifəsinə öz adını ləyaqətlə yazdı. Belə olmalı idi. Çünki anadan qəlbi işıqlı doğulmuş Zaur həyatının mənasını Vətəninin müqəddəsliyinə tapınmaqla yaşamaqda görürdü.

Zaur Ağalı 2014- ildə orta məktəbi bitirib Vətənə gərək olmaq, adamlara fayda vermək amalı ilə müstəqil həyata qədəm qoyur. Qəlbi sevdalı gənci yaşına uyuşmayan daxili böyüklüyü, mənəvi saflığı, qurub-yaratmaq həvəsi el obaya dərindən sevdirir. 2015-ci ildə Vətəni üçün yaşamağı bacaran layiqli bir övlad kimi ordu sıralarına gedir. Doğma Azərbaycanın qarşısında əsgəri borcunu vicdanla, ləyaqətlə yerinə yetirir, hər an Qarabağı işğal altında saxlayan murdar niyyətli erməni faşistlərinə qarşı amansız olmağa and içir. Ən əsası nümunəvi xidmət Zaurun Vətəninə, torpağına necə bağlı olduğunu tam sübut edir. Bununla həm ailəsinə, Lənkəran elinə baş ucalığı gətirir.

Əsgərliyi başa vuran Zaur zəhmətdən yapışır. Hər işi, əməli ailəsinə, ətrafına, yurduna, millətinə sonsuz sevgidən yaranır. Qurub-yaratmaqla xoş güzəran keçirir, gözəl əxlaqı, insanpərvərliyi dillərdən düşmür. Bütün bunlarla bərabər erməni dığalarının xəyanətkar hərəkətləri Zauru həmişə düşündürür, elə işğal altında qalan Vətən torpaqlarının azadlığı naminə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə yazılır. ön xətdə yerləşən hərbi hissədə düşməndən qisas almağa hazırlaşır...

Vətən müharibəsi başlananda Zaur Ağalı qeyrətli oğlanlar sırasında düşmənlə ölüm-dirim savaşına birinci atılır. Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda müharibə meydanlarında böyük şücaət göstərir. Döyüş yoldaşları ilə birlikdə yağıya vurduğu sarsıdıcı zərbələr hesabına hər üç rayonda Azərbaycanın üç rəngli qələbə bayrağı dalğalanır. Beləcə , neçə-neçə döyüşdən zəfərlə çıxan igid əsgər oktyabrın 22- şəhidlik zirvəsinə ucalır...

Bəli, Zaurun şəhidliyi Vətənə sevgidən, torpağa, yurduna olan sonsuz məhəbbətdən yarandı. Buna görə onun adı qəhrəmanlıq simvoluna dönərək Lənkəranlıların dilindən düşmür.

 İgid əsgər ölümündən sonra dövlət tərəfindənVətən uğrunda”, Cəbrayılın Qubadlının azad olunmasına görə medallarla təltif olundu.

 Zəfər Orucoğlu, Paralel.az

0.017792940139771