Çörəyi kim bahalaşdırdı?

Çörəyi kim bahalaşdırdı?
 

Hökumət seçdiyi kursu yeni iqtisadi siyasətlə davam etdirməlidir

 Yanvar ayının 4-dən, neni ilin ilk iş günündən bahalaşan un və un məmulatlarının yenidən ucuzlaşacağı ehtimalı bu gün də Azərbaycan ictimai rəyində hakim mövqe tutur. Lakin proseslərin inkişafı onu göstərir ki, bu baş verməyəcək. Bu mühakimənin əsaslandırılması üçün ilk növbədə o suala cavab tapmaq lazımdır ki, çörəyi kim bahalaşdırdı. Belə ki, yanvar ayının 4-də, günün ikinci yarısında Azərbaycan vətəndaşlarına qiymət artımı ilə bağlı məlumat verən un idxalçıları və çörək istehsalçılarının kimliyi dəqiq bəlli deyil. [email protected] poçt ünvanından başqa heç bir hüquqi subyekti və birliyi olmayan "təşkilat"ın kimliyi də, heç kimə bəlli deyil. Amma adlarını gizli saxlayan bu sahibkarları hökümət çox yaxşı tanıyır. Çünki hökumət onilliklərdir ki, ölkədə unun qiymətinin sabit saxlanması üçün həmin sahibkarlara yüz milyonlarla subsidiya, büdcədən əvəzi ödənilməyən vəsaitlər verir. Lakin bu vəsaitlərin hansı prinsiplər əsasında, kimlərə və nə qədər verildiyi barədə heç bir məlumat yoxdur. Bununla yanaşı, adının çəkilməsini istəməyən, dövlətdən subsidiya alan sahibkarlardan biri ilə söhbət zamanı bəlli oldu ki, geridə qoyduğumuz onilliklər ərzində hökumətin un istehsalçılarına verilən subsidyalardan da "otkat" (geri qaytarma) alınıb. Yəni sahibkarlara unun sabit qiymətinin saxlanması üçün ayrılan subsidiyaların bir hissəsi də korrupsiyanın yeminə çevrilib. Sahibkar deyir ki, əvvəllər ödənilən subsidiyaların "otkat" kimi geri qaytarılan hissəsi çox aşağı məbləğlərlə ifadə edilirdi, amma sonradan illər keçdikcə geri qaytarılan məbləğ artırıldı. Son illər vəziyyət o yerə gəlib ki, subsidiyanın sahibkara qalan hissəsi ilə unun qiymətlərinin sabit saxlanması mümkün olmayıb. Ona görə də, böyük çörək istehsalçıları ilə un istehsalçıları arasında razılaşmaya əsasən müxtəlif vaxtlarda çörəyin qiymətini sabit saxlayaraq, çəkisini bir qədər azaldaraq unun qiymətini tənzimləməyə çalışırlar. Unun pərakəndə satış qiymətlərində isə sahibkarlar sabitliyi qoruyublar.

Əslində, un və çörək istehsalçıları ölkədə bir mərkəzdən idarə edilən inhisara malikdir. Sadəcə olaraq, onlar müxtəlif şirkətlər şəklində təşkilatlanıb ki, müstəqil şirkətlər fonu yaratsınlar. Əslində isə bu şirkətlər heç də bir-biri ilə rəqabət aparmır, birgə hərəkət edərək hökumətdən daha çox subsidiya qoparmaq siyasətini yeridir. Hökumət son zamanlar subsidiyaların şişməsindən narahat olaraq siyasətini dəyişərək, yeni il üçün un və çörək istehsalçılarına subsidiya ayırmaqdan imtina etdi. Nəticədə bir kiloqramı 51 qəpiyə başa gəlib, 56 qəpiyə satılan unun qiyməti 72 qəpiyə qalxdı. Hesab edirik ki, hökumət un və çörək istehsalçılarına subsidya ayırmaqdan imtina etmək qərarında israrlı olsa, qiymətlər yaxın dövrlərdə nəinki ucuzlaşacaq, əksinə, bir qədər də bahalaşa bilər.

Hökumətin bu addımı bazar iqtisadiyyatı baxımından təqdirəlayiq hesab edilməklə yanaşı, bundan sonra ardıcıl addımların atılması vacibdir. Birincisi, subsidiyaların kəsilməsi ilə yanaşı, un və çörək istehsalçılarına tam sərbəstlik verilməsi gərəkir. Bunun ardınca hökumət Taxıl Fondundakı 750 min tonluq (illik tələbatın yarısından çox) ərzaq buğdası ehtiyatından istifadə edərək bazarda qiymətləri növbəti məhsul ilinə qədər sabit saxlamağa çalışmalıdır. Növbəti məhsul ilində isə indiyə qədər ün və çörək istehsalçılarına verilən subsidyanı şəffaf şəkildə Taxıl Fonduna keyfiyyətli ərzaq buğdası təhvil verən fermerə ödəməlidir. Fermerlərin istehsal həcmləri ilə bazarın tələbatı stabilləşənə qədər bazarı tənzimləmək üçün hökumət özü də xaricdən buğda idxal edə bilər. Ölkədə ərzaq buğdası istehsalı yerli bazar tələbatının əsas hissəsini təmin edəcək səviyyəyə çatdıqdan sonra isə artıq hökumətin ərzaq buğdası idxalına ehtiyac qalmayacaq. Sünki idxal yerli tələbatın 15-20 faizinə qədər düşəcək, bu da kifayət qədər aşağı asılılıqdır.

Bunlarla yanaşı hökumət bütün fermerlərin, o cümlədən ərzaq buğdası istehsalçılarının xərclərini azaltmaq üçün ilk növbədə dizel yanacağının qiymətini ən azı yarıbayarı aşağı salmalıdır. Çünki hazırda mövcud olan dizel yanacağı qiymətləri ilə rentabelli fermer təsərrüfatlarının qurulması mümkün deyil. Fermerlərə ucuz dizel yanacaqı satmaq siyasətinə gəldikdə isə təcürbə göstərir ki, mövcud strukturlarla belə bir layihənin reallaşdırlması çox çətin məsələdir. Ona görə də ən sağlam addım dizel yanacağının ölkə üzürə ucuzlaşdırılmasıdır. İran, Türkmənistan və Qazaxıstan dizel yanacağını bizdən dəfələrlə ucuz satır, heç bir problemləri də yoxdur. Dizel yanacağının ucuz olması faktiki fermerin manevr imkanlarını artırır.

 Akif Nəsirli  Paralel.az

0.13049983978271