Bəqərə surəsinin mesajları

Bəqərə surəsinin mesajları
 

Siracəddin Hacı

XII YAZI

(əvvəli ötən sayımızda)

KİTABLARA İMAN

Bu, imanın üçüncü şərtidir. Qurani-Kərim və hədislərdə kitablara imanla bağlı bu ölçülər var:

- Allah Rəsulu buyurur: “... Allahın sözünün digər sözlərdən üstünlüyü Allahın yaratdıqlarına olan üstünlüyü kimidir”; (Tirmizi, Fəzailul-Quran, 25)
- Allah Rəsulu buyurur: “Allah dörd kitab və yüz səhifə göndərmişdir. Bunlardan əlli səhifə Şitə, otuz səhifə İdrisə, on səhifə İbrahimə, on səhifə Tövratdan öncə Musaya göndərmişdir. Bundan başqa Tövrat, İncil, Zəbur və Quranı da göndərmişdir...”; (İbn Hibban, Səhih, II, 276)
- kitab göndərmək uca Allahın insanlara rəhmətinin nəticəsidir, bu kitablar insanları cəhalətin qaranlıqlarından qurtarıb nura qovuşdurur;
- ilahi kitablar doğrunu yanlışdan, haqqı batildən, xeyiri şərdən ayırır;
- uca Allah Tövratı, Qurani-Kərimi “kəlamullah” (Allahın kəlamı) adlandırmışdır; (Bəqərə, 2/75; Tövbə, 9/6)
- uca Allah buyurur ki, ilahi kitablar Onun kəlamıdır; (Əraf, 7/144)
- uca Allah insanla (elçi ilə) hansı yollarla danışacağının ölçüsünü qoymuşdur: “Allah bəşər övladı ilə ancaq vəhylə, ya da (Musa kimi) pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!”; (Şura, 42/51)
- uca Allahın kəlamı sözlərin zirvəsidir;
- kitablara imanın mənası budur: kitablar uca Allahın kəlamıdır, doğrudur, içində mütləq həqiqəti daşıyır, hidayət rəhbərləridir: “Allah yanında Onun sözündən daha uca heç bir söz yoxdur. Bəndələri də Allaha Onun öz sözündən daha sevimli heç bir sözlə müraciət etməmişlər”; (Darimi, Fəzailul-Quran, 5)
- kitablar qaranlıqları yox edən nurdur; (Casiyə, 45/20)
- kitablar insana uca Allahı tanıdır. Ona ibadətin yollarını göstərir, sağlam əxlaqın əsaslarını açıqlayır, axirətlə bağlı bilgi verir, insanın vəzifələrini şərh edir;
- kitablar onlara inananları, onların buyurduğu həyat tərzini yaşayanları iki dünyanın səadətinə qovuşdurur;
- Tövrat hz.Musaya nazil edilmişdir; (Bəqərə, 2/53, 87)
- Zəbur hz.Davuda nazil edilmişdir; (Nisa, 4/163)
- İncil hz.İsaya nazil edilmişdir; (Maidə, 5/46)
- Qurani-Kərim hz.Məhəmmədə nazil edilmişdir;(Ali-İmran, 3/3)
- elçilər uca Allahın kitab, hökm və peyğəmbərlik verdiyi kimsələrdir; (Ənam, 6/89)
- ilahi kitablar özündən öncəki kitabları təsdiq edir, qaynağın eyni olduğunu vurğulayır: “Sənə özündən öncəki (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi” (Ali-İmran, 3/3), “Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik”; (Maidə, 5/46)
- Qurani-Kərim kitablara imana özəl yer verir: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba, onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilənlərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq”; (Bəqərə, 2/136)
- kitablara inanmamaq küfür və azğınlıqdır: “... Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır”; (Nisa, 4,136)
- kitabların mənbə və mesajları eynidir, hamısı haqdır, həqiqətdir, hamısı mələklər vasitəsi ilə nazil edilmişdir; (Ənbiya, 21/25)
- ilahi kitabların dilləri fərqlidir, nazil edildiyi toplumun ehtiyacına uyğun özəl hökmləri də var;(Maidə, 5/48)
- səhifələr bizə gəlib çatmamışdır;
- Tövrat, Zəbur, İncil təhrif edilmişdir;
- Tövrat Əhdi-Ətiq, İncil Əhdi-Cədid adlandırılır;
- Zəbur “Məzmunlar” adı ilə Əhdi-Ətiq içərisində yer alır;
- təhrif olunmamış tək ilahi kitab Qurani-Kərimdir;
- kitablara iman ilahi kitabların pozulmamış halına aiddir;
- Qurani-Kərim ilahi kitablarda nəyin doğru, nəyin yanlış olduğunu müəyyən edən ölçüdür;
- Qurani-Kərim vəhylərin sonu və zirvəsidir, qorunmuşdur;
- O, bələdçidir; (İbn Hənbəl, IV, 183)
- Allahın ipidir; (Ali-İmran, 3/103)
- sağlam qulpdur; (Bəqərə, 2/256)
- şəfadır; (Yunus, 10/57)
- hidayət rəhbəridir; (Yunus, 10/57)
- rəhmət vəsiləsidir; (Yunus, 10/57)
- Allah Rəsulu buyurur: “Quranın haramlarını halal hesab edən ona iman etməmişdir”; (Tirmizi, Fəzailul-Quran, 20)
- ilahi kitablar ölülər üçün deyil, dirilər üçündür;(Yasin, 36/70)
- Qurani-Kərimi anlamaq fərzdir;
- Qurani-Kərim uca Allahın insana ümididir, O, insana ümid etməsə idi, kitab göndərməzdi;
- Qurani-Kərim söz cənnətidir;

Allah Rəsulu Qurani-Kərimi belə tanıdır:

- içində sizdən öncəkilərin və sonrakıların xəbərləri var;
- aranızdakı məsələlərin hökmü ondadır;
- haqq ilə batili bir-birindən ayırır;
- qəti hökmdür;
- mənasız, boş söz və oyun deyildir;
- Allah onu tərk edən dikbaşları rəzil edər;
- kim doğru yolu Allahın Kitabından başqa bir yerdə axtararsa, Allah onu azdırar;
- Allahın sağlam ipidir;
- hikmət dolu sözlərdir;
- doğru yoldur;
- Ona əsaslanaraq danışanın sözü təsdiqlənər;
- Onunla əməl edən savab qazanar;
- Onunla hökm edən ədalətlə davranmış olar;
- Ona dəvət edən insan da doğru yola yönləndirmiş olar; (Tirmizi, Fəzailul-Quran, 14)

PEYĞƏMBƏRLƏRƏ İMAN

Qurani-Kərimdə və hədislərdə peyğəmbərlərə imanla bağlı bu ölçülər qoyulmuşdur:

- Allah Rəsulu buyurur: “... Mənə iman etməyən insan Allaha da iman etməmişdir...”; (İbn Hənbəl, VI, 382)
- Allah Rəsulu hansı əməl daha xeyirlidir sualına belə cavab vermişdir: “Allaha və Rəsuluna iman etmək”; (Nəsai, İman, 1)
- Allah Rəsulu buyurur: “...Peyğəmbərlər ataları bir, anaları ayrı qardaşdırlar. Dinləri isə təkdir”; (Buxari, Ənbiya, 48)
- Allah Rəsulu buyurur: “Məni görüb iman edənlər nə xoşbəxtdirlər!” – O, bu sözü bir dəfə təkrar etdi, sonra: “Məni görmədən iman edənlər nə xoşbəxtdirlər!” – buyurdu və bu sözü yeddi dəfə təkrar etdi”; (İbn Hənbəl, III, 155)
- elçilərə iman imanın şərtlərindən biridir; (Ali-İmran, 3/179; Nisa, 4/136)
- onları uca Allah seçir;
- uca Allah elçilərə iman edilməsini istəmişdir;
- elçilərə iman onların uca Allahdan gətirdiklərinə imandır;
- heç bir ilahi kitab peyğəmbərsiz göndərilməmişdir;
- kitab sahibi olmayan elçilər də var;
- uca Allah buyurur: “Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə elçi göndərmişik”;(Nəhl, 16/136)
- elçilər müjdə verir, xəbərdar edir; (Nisa, 4/165)
- elçi göndərmək uca Allahın insanlara lütfüdür: “Allah möminlərə lütf etdi. Onların arasından onlara (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir elçi göndərdi. Onlar bundan əvvəl açıq-aydın zəlalət içərisində idilər”;(Ali-İmran, 3/164)
- elçilər ilahi mesajı olduğu kimi çatdırırlar: “Əgər o (elçi) özündən bəzi sözlər uydurub Bizə aid etsə idi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq!”; (Haqqa, 69/44-46)
- elçiləri qəbul etməmək uca Allahın varlıqla, insan həyatı ilə əlaqəsini, dini, kitabları rədd etməkdir;
- elçiyə iman uca Allaha imandır;
- onu inkar edən onu göndərəni inkar etmiş olur;
- elçiyə iman uca Allahın buyruqlarını yerinə yetirməyi tələb edir;
- elçilərə iman onların örnəkliyini qəbul etməkdir;
- elçilər uca Allahın qulu və elçiləridirlər;
- qeybi bilmirlər;
- hz.İsa uca Allahın oğlu deyil, qulu və elçisidir;
- bütün elçilərə iman imanın şərtidir: “Allahı və elçilərini inkar edənlər, Allahı elçilərindən ayırmaq istəyənlər “Biz elçilərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun (iman ilə küfür) arasında bir yol tapmaq istəyənlər – onların hamısı, həqiqətən, kafirdirlər...”; (Nisa, 4/150-151)
- mömin elçilər arasında fərq qoya bilməz; (Bəqərə, 2/136)
- elçi insanları təmizləyir, Qurani-Kərimə görə bunu beş yolla gerçəkləşdirir:
a) öyüd verir;
b) dua edir;
c) zəkat, sədəqə alır;
d) uca Allahdan bağışlanma istəyir;
e) cəzalandırır;
- uca Allah elçilərə iman edənlərə mükafat vəd edir;(Nisa, 4/152; Buxari, Bədul-xəlq, 8)
- uca Allah elçilərinə möcüzələr vermişdir, hz.Nuhun tufanı var, (Hud, 11/36-48; Möminun, 23/26-30) hz.İbrahim atəşdə yanmır, (Ənbiya, 21/68-69)hz.Musanın əlindəki əsa ilana çevrilir, əsasını dənizə vurur, dəniz yarılır (Taha, 20/17-21; Şuəra, 26/61-66),hz.Süleyman quş və qarışqa ilə danışır (Nəml, 27/18-28), hz.İsa ölüləri dirildir, hz.Məhəmmədin bütün insanlığa göndərilmiş Qurani-Kərimi var;
- uca Allah elçilərə inanmayan qövmlərin aqibətindən ibrət almağa dəvət edir: “(Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (elçiləri) yalançı hesab edənlərin axırı necə oldu!”; (Nəhl, 16/36)
- Allah Rəsulu ona iman edənlərə müjdə verir: “Allahdan başqa ilah olmadığına, Məhəmmədin Onun Rəsulu olduğuna şəhadət edən və bunu qəlbdən təsdiq edən insanı Allah mütləq surətdə cəhənnəmə haram buyurmuşdur”; (Buxari, Elm, 49)    

AXİRƏTƏ İMAN

Axirətə iman imanın şərtlərindən biridir. Qurani-Kərim və hədislərdə axirətə imanla bağlı bu ölçülər var:

- Allah Rəsulu buyurur: “Allaha və axirət gününə iman edərək ölən insana: “Cənnətin səkkiz qapısının hansından istəsən daxil ol”, - deyilər”; (İbn Hənbəl, I, 17)
- Allaha və axirət gününə iman edən insan qonağını yedirib-içirsin. Allaha və axirət gününə iman edən insan qonşusunu narahat etməsin. Allaha və axirət gününə iman edən insan ya xeyir söyləsin, ya da sussun; (Əbu Davud, Ədəb, 122, 123)
- “axirət” sözü “a-x-r” kökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı iki yüz əllidir, bu mənaları var:
a) “ertələmək” – “Biz onu (qiyamət gününü) sadəcə sayılı bir müddətə qədər təxirə salarıq”; (Hud, 11/104)
b) “geri qalmaq” – “De ki, sizə elə bir gün vəd edilmişdir ki, ondan nə bir saat geri qala, nə də irəli keçə bilərsiniz”; (Səbə, 34/30)
c) “başqası” – “Hərəsi bir qurban təqdim etmişdilər, birindən qəbul edilmiş, başqasından qəbul edilməmişdi”; (Maidə, 5/27)
d) “son” – “O, ilkdir, sondur, zahirdir, batindir”(Hədid, 57/3).

Qurani-Kərimin yüz əlli dörd yerində “axir” / “əl-axir”, “əl-axirən” / “axirən” sözləri “son”, “son zaman”, “axirət” anlamında işlədilmişdir (Mehmet Okuyan, Çok anlamlılık bağlamında Kuran sözlüğü, s. 70-72)

“Axir” əvvəlin ziddidir. Bu dünya üçün “darud – dünya”, axirət üçün “darul-axirət” ifadələrindən istifadə edilir (“dünya yurdu”, “axirət yurdu”). Qurani-Kərimdə “əl-yovmul-axir” (“son gün”), “əd-darul-axirə”, ya da “darul-axirə” (“son gedilən yer”), “ən-nəşətul-axirə” (“ikinci yaradılış”, “son xilqət”) ifadələrinə yer verilir, axirət dünya ilə müqayisədə tanıdılır (Qurani-Kərimdə “axirət” sözü ilə “dünya” / “bu dünya” sözlərinin sayı eynidir. “Axirət” sözü tək işlənəndə (dünya ilə müqayisə edilmədən) “əd-darul-axirə” (“axirət yurdu”) anlamına gəlir.

- bütün elçilər axirətə imanı təbliğ etmişlər;
- axirətə iman səmavi kitabların ortaq dəyəridir;
- axirətə iman mömin olmağın şərtidir: “O kəslər ki, namaz qılar, zəkat verər, axirətə tam yəqinliklə inanarlar”; (Loğman, 31/4)
- Qurani-Kərimdə axirətə iman uca Allaha imanla bir arada təqdim olunur, axirəti inkar uca Allahı inkardır;
- Allah Rəsulu axirəti imanla həyat arasında bağ/əlaqə qurur. Buyurur ki, axirətə inanan:
- qonağına yemək versin; (Əbu Davud, Ədəb, 122, 123)
- qonşusunu narahat etməsin; (Əbu Davud, Ədəb, 122, 123)
- ya xeyir danışsın, ya da sussun; (Əbu Davud, Ədəb, 122, 123)
- əsla içki olan süfrədə oturmasın; (İbn Hənbəl, I, 20)
- üç gündən çox yas tutmasın; (İbn Hənbəl, VI, 250)
- zina etməsin; (İbn Hənbəl, IV, 108)
- bölünməmiş qənimət malını satmasın; (İbn Hənbəl, IV, 108)

Ardı var...

Paralel.az

 

0.017046928405762