Mehriban Vəzir yazır...

Mehriban Vəzir yazır...
 
Əbdürrəhman Vəzirov dünyasını dəyişdi. Allah rəhmət etsin. Mənim taleyimdə "qızınmadım istisinə, kor oldum tüstüsünə" xislətli bir iz buraxdı, rəhmətlik. 
90-ların axırı idi. Aztv-də işləyirdim, müəllif proqramım vardı, öz işimlə məşğul idim. Yaxamdan tutub meydana çəkdilər, dedilər: çıx efirə, de ki, Vəzirovun anası ermənidi. Dedim: Tovuz xala erməni deyil, xalis türk qızıdı. Dedilər, bilir, deyir, öz qohumu desin. Desin, olsun bizim adam, adını siyahıya salacağıq, bütün qapılar üzünə açıq olacaq. 
O vaxt Aztv-nin sədri Nizami Xuduyev idi, bu təklifi isə mənə sədr müavini rəhmətlik Məmmədəli Zülfüqarov çatdırdı. 
İmtina etdim və... o gündən müsibətlərim başladı... əvvəlcə efirdən uzaqlaşdırdılar... sonrasını yazmayım... yazmaq da, danışmaq da asan deyil...
İndi bu adam ölüb. Və elə bir gündə ölüb ki, Qazaxistan prezidenti rusa qapı açıb, xəbərdarlıq etmədən xalqımı vur deyib. Müqayisə üçün, əlbəttə, görə bilənlərin, tarixi bilənlərin və şahidlərin müqayisə etməsi üçün yaxşı dəlildi...
Bu adam elə bir gündə ölüb ki... bu ölkənin hər bir insanı rüşvətin çürütdüyü bir toplumun günahsız qurbanıdı... bunu da müqayisəni  insafla edə bilənlər bilir...
Bilən çox şeyi bilir... gerisini yazmayım...
Əlbəttə, Əbdürrəhman Vəzirov bir sovet yetirməsi idi, klassik kommunist idi, lakin həm kommunist, həm yağmaçı deyildi... yüzillərə dayalı şəcərəsindən gələn təmizliyi, dürüstlüyü, nəcibliyi vardı... insanlıq və idarəetmə üçün hava-su kimi lazım olan bir keyfiyyəti - insafı vardı...
Fb-də yazılanların bəzilərinə göz yetirdim... məmnunam ki insanımız (əlbəttə, çoxluq)  Aztv-nin dili ilə danışmır,  gördüklərini, eləcə də öz hekayələrini nağıl edir. 30 ilin böhtan təbliğatı gerçəkləri yuyub aparmayıb...
Nə isə... 
Amma çox məmnunam ki, məmin soyumdan olan biri dövlətin və xalqın bir qəpiyinə belə əl uzatmadı... gözütox gəldi, gözütox getdi...
Allah rəhmət etsin...
Rəhmət oxuyanların da köçənlərinə Allah rəhmət etsin...
Paralel.az
0.015887022018433